“Azərbaycan xalçaları” Sankt-Peterburqda

09:50 | 12.12.2013
“Azərbaycan xalçaları” Sankt-Peterburqda

“Azərbaycan xalçaları” Sankt-Peterburqda

Dekabrın 11-də Sankt-Peterburq Rəssamlar İttifaqının Sərgi Mərkəzində gənc xalça ustalarının “Azərbaycan xalçaları” sərgisinin açılışı olmuşdur. Sərginin təşkilatçıları Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq Elmi-Metodik Mərkəzidir. Sərgi Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illiyi çərçivəsində təşkil edilmişdir. Bu barədə AzərTAc-a Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun mətbuat xidmətindən məlumat vermişlər.Sərginin açılışında Sankt-Peterburq Administrasiyasının nümayəndələri, Sankt-Peterburqda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, aparıcı universitetlərin alimləri, ictimaiyyətin və KİV-lərin nümayəndələri, habelə Sankt-Peterburqun Azərbaycan diasporunun fəal üzvləri iştirak etmişlər.Tədbirdə çıxış etmiş Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrinin dirçəlməsində misilsiz rol oynamış Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin şanlı ömür yolundan danışmışdır. Diplomat Heydər Əliyevin Azərbaycanda elm, təhsil, mədəniyyət və incəsənətin inkişafına diqqət və qayğı göstərdiyini xüsusi vurğulamış, bildirmişdir ki, bu gün Prezident İlham Əliyev bu inkişaf strategiyasını uğurla davam etdirir.E.Qulamov qonaqlara Azərbaycan mədəniyyətinin qədim qolu olan xalçaçılıq sənətindən danışmışdır. Diplomat həmçinin qeyd etmişdir ki, təkcə ticarət yolu deyil, həm də dəyərlərin və mədəniyyətlərin mübadiləsi üçün geniş dəhliz olan əfsanəvi İpək Yolu məhz Azərbaycandan keçir. E.Qulamov ümidvar olduğunu bildirmişdir ki, sərgi Rusiya ictimaiyyəti nümayəndələrinin Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmasına imkan verəcək, xalqlarımız arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət göstərəcəkdir.Sankt-Peterburq Administrasiyasının MDB ölkələri və RF regionları şöbəsinin aparıcı mütəxəssisi Olqa Podşuveyt Xarici Əlaqələr Komitəsinin sədri, Sankt-Peterburq hökumətinin üzvü Aleksandr Proxorenkonun salamını iştirakçılara çatdırmış, çoxəsrlik ənənələrin və müasirliyin ahəngdar şəkildə qovuşduğu Azərbaycanda bütün sahələrin inkişaf dinamikasını xüsusi vurğulamış və müasir xalça ustalarının Sankt-Peterburqda təşkil edilmiş sərgisinin buna parlaq nümunə olduğunu bildirmişdir.Sankt-Peterburq – Azərbaycan münasibətlərinin Sankt-Peterburq hökumətinin beynəlxalq və xarici iqtisadi fəaliyyətində prioritet xarakter daşıdığı qeyd edilmişdir.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq Elmi-Metodik Mərkəzinin direktoru Vilayət İsmayılov xalça sərgisinə göstərilən diqqətə görə bütün toplaşanlara təşəkkürünü bildirmişdir. O, 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqil respublika kimi təşəkkül tapması dövrünün mürəkkəb olduğunu, habelə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkənin həqiqi müstəqillik qazandığını və onun siyasi qüdrətinin artdığını qeyd etmişdir. V.İsmayılov dünyanın bir çox muzeylərində nümayiş etdirilən çoxsaylı xalça sərgilərindən bəhs etmiş və demişdir ki, onların arasında Azərbaycan xalçaları da vardır.Sonra toplaşanlar qarşısında Sankt-Peterburq Milli Mədəniyyətlər Evi ictimai təşkilatının sədri Bislan Xamxokov çıxış etmişdir. O, Sankt-Peterburq sakinlərinin çoxmədəniyyətli və çoxkonfessiyalı tərkibə malik olduğunu bildirmiş, Azərbaycanda həyatın bütün sahələrində inkişaf vektorlarının müəyyənləşdirilməsində, onların həyata keçirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin mühüm rolunu qeyd etmişdir.Sərgidə qonaqlara 2013-cü il dekabrın 2-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının açılışını nümayiş etdirən videoçarx göstərilmişdir.Sonda sərginin təşkilatçıları adından Sankt-Peterburq Administrasiyasının Xarici Əlaqələr Komitəsinə əl ilə toxunmuş xalça hədiyyə edilmişdir.Sərgi dekabrın 15-dək davam edəcəkdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM