Azərbaycan XİN rəhbərinin müavini Suriyaya gedib

21:04 | 29.12.2024
Azərbaycan XİN rəhbərinin müavini Suriyaya gedib

Azərbaycan XİN rəhbərinin müavini Suriyaya gedib

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Səfər çərçivəsində Yalçın Rəfiyev ilə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan tərəfi Suriya dövlətinin istiqrarı və xalqın rifahı üçün yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb və Azərbaycanın Türkiyə Respublikası ilə birlikdə Suriyanın yanında olduğunu bildirib.

Humanitar məqsədli yardım fəaliyyətləri ilə yanaşı, Azərbaycanın diplomatik müstəvidə də yeni hakimiyyətə zəruri dəstək göstərəcəyi vurğulanıb.

Nazir müavini həmçinin torpaqlarını işğaldan azad etmiş Azərbaycanın bərpa və quruculuq sahəsindəki təcrübəsinin Suriyanın bərpası prosesində istifadə oluna biləcəyinə diqqət çəkib.

Nazir Əş-Şibani Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin regionda və dünyada sülhün bərqərar olması naminə əhəmiyyətli hadisə olduğunu ifadə edərək, bu münasibətlə Azərbaycan xalqı və rəhbərliyini təbrik edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi mübariz lider adlandıraraq, Suriyada xalqın hakimiyyətə gəlməsini Azərbaycanın tarixi qələbəsi ilə müqayisə edib. Nazir yeni Suriya hakimiyyətinin əsas hədəfinin qonşu dövlətlərlə sülh içində yaşamaq və ölkə daxilində bütün tərəflərlə dialoq vasitəsilə milli birliyin əldə edilməsi olduğunu bildirib.

Tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir mövcud olmayan münasibətlərdə əməkdaşlıq və dostluğun hədəfləndiyi yeni səhifənin açılmasında həmfikir olduqlarını qeyd ediblər. Bu baxımdan, ən qısa zamanda Dəməşqdə Azərbaycan səfirliyinin 12 il sonra yenidən fəaliyyətə başlamasının planlaşdırıldığı qarşı tərəfin diqqətinə çatdırılıb.

Sonda Suriya xarici işlər naziri yeni qurulan münasibətlərin möhkəmləndirilməsi üçün Azərbaycana səfərə dəvət olunub. Nazir Əş-Şibani dəvəti məmnuniyyətlə qəbul edib və Azərbaycan nümayəndələrini Suriyada mütəmadi şəkildə görməkdən məmnun olacaqlarını bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM