Azərbaycana sovet təcrübəsi lazım idimi? - TARİX

19:14 | 21.11.2014
Azərbaycana sovet təcrübəsi lazım idimi? - TARİX

Azərbaycana sovet təcrübəsi lazım idimi? - TARİX

"Fərdi azadlıqlar, hüquqlar və sahibkarlıq mədəniyyəti məhv edilmişdi. Bütün bu dəyər və haqlar 1920-ci ilin Azərbaycanında vardı və bunları məhv etmək üçün 70 il müddət artıqlamasilə kifayət etmişdi."

Dr. Harun Yilmaz

Tarixçi-alim, Britanya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü

7 noyabr - “Böyük Oktyabr Sosialist İnqilabı” adlandırılmış rus inqilabının ildönümü günüdür. Bu gün bir vaxtlar keçmiş Sovet İttifaqının ən mühüm bayramı kimi böyük təntənə ilə qeyd edilərdi.

1917-ci ildə Petroqradda baş vermiş oktyabr inqilabının təşkilatçıları və qalibləri olan bolşeviklər Rusiyada azad və firavan bir ölkə qurmaq istəyirdilər.

Yeni hökumət insanlara Amerika və ya Britaniyada olduğundan daha çox şəxsi və siyasi azadlıqlar vəd etmişdi. Gələcək firavan və işıqlı idi. Bu həm də bir eksperiment idi, çünki bolşeviklərin çoxlu nəzəriyyələri olsa da, belə bir gələcəyi qurmaq üçün təcrübələri yox idi.

Lakin təcrübə tamamilə fərqli oldu. Bütün tarixi boyu Sovet İttifaqında bu və ya başqa şəkildə ərzaq çatışmazlığı vardı. SSRİ tarixdə ən repressiv dövlətlərdən biri idi.

Stalinin hakimiyyəti illərində (1928-1953) terror, repressiya və süni yaradılmış aclıqların nəticəsində ölən vətəndaşların sayı Sovet İttifaqının İkinci Dünya Müharibəsindəki itkilərinin sayına bərabər idi.

Vətəndaşların az-çox firavan yaşayışları Brejnevin zamanında baş vermişdi. Digər tərəfdən bu bir paradoks idi, çünki məhz Brejnevin dövründə ölkə iqtisadi durğunluğa düşmüşdü, istehsal templəri yaxşılaşmırdı və ölkə iqtisadi yarışı azad bazara uduzmuşdu.

Brejnev erasındakı nisbi firavanlıq ölkənin dünya bazarlarına neft və qaz ixrac etməsi hesabına yaranmışdı. Neftdən və qazdan gələn gəlirlər bahalı, lakin faydasız istehsalları kompensasiya etməyə və ölkədə qiymətlərin sabit saxlanmasına və böyüməkdə olan şəhər orta sinfinin rəğbətini qazanmağa sərf olunurdu.

Bununla belə, bu süni firavanlıq sonuncu sovet nəslinin yaddaşında şirin bir xiffət hissi buraxıb.

İşğal yoxsa modernləşdrimə?

Sovet dövrünün (1917-1991) ziddiyyətini şərh etmək yenicə müstəqil olmuş keçmiş respublikaların tarixçi və siyasətçiləri üçün böyük çətinlik yaradır.

Bu, bir müstəmləkəçilik dövrü idimi? Bu, qırmızı bayraq altında yeni formaya girmiş Rusiya imperiyası idimi və yaxud da bu, ölkənin modernləşdirmə layihəsimi olmuşdu?

Bir tərəfdən Qırmızı ordu ayrıca müstəqil hökuməti olan Azərbaycanı 1920-ci ilin aprelində işğal etmişdi. Qırmızı ordu Gəncədə milli müqaviməti boğmuş, minlərlə azərbaycanlı təqib və edamlardan xilas olmaq üçün İran, Türkiyə və Avropada mühacirə çevrilmişdi.

Müstəqil Azərbaycan Respublikası heç iki il də yaşamamışdı. Buna baxmayaraq, onun çoxpartiyalı parlamenti vardı və o Rusiya imperiyasından miras qalmış kiçik, lakin idealist ziyalı sinfinə malik idi.

İqtisadi mənada Azərbaycan çox dinamik bir neft sənayesi idi. Ölkə pambıq və taxıl kimi texniki məhsullar üçün münbit torpaqlara, Xəzər dənizinə çıxışa maklik idi.

Beynəlxalq əlaqələr mənasında Azərbaycan müharibələrarası dövrdə gənc ölkələr Polşa və Finlandiya kimi asanlıqla bolşeviklərlə dünyanın qalan hissəsi arasında bufer zonası ola bilərdi. Əgər qonşu Ermənistanla müqayisə etsək, Azərbaycanın bütün bu parlaq perspektivləri ola bilərdi.

Digər tərəfdən Sovet dövrü təkcə işğal yox, həm də böyük modernləşdirmə layihəsi dövrü olmuşdu. Savadlılıq onluq rəqəmlərdən 100 faizə qalxmışdı. Cinsi bərabərlik təmin olunmuşdu.

Hətta ucqar dağ kəndlərinə də gigiyena və səhiyyə xidmətləri, elektrik, təmiz su və nəqliyyat gəlib çıxmışdı.

Milyonlarla insan kəndlərdən şəhərlərə axışır, zavod və idarə işçilərinə çevrilir, urbanizasiyaya uğrayırdı. Minlərlə şəhər və kənd boş yerlərdən baş qaldırırdı.

Kənd təsərrüfatı istehsalının özü də traktorların, kombaynların, gübrələrin və seçmə toxumun köməyi ilə modernləşirdi. Kənd təsərrüfatının mexanizasiyası sovet hökumətinin əsas vəzifələrindən biri idi.

Respublika elitası

Lakin Sovet hakimiyyəti modernləşdirmə və inkişaf üçün yeganə alternativ deyildi. Gənc respublikanın cavan elitası, sonrakı onilliklərdə sovetlərin onları bu cür qələmə verməsinə rəğmən, “mürtəce” və ya “savadsız” deyildi.

Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan Topçubaşov və başqaları müasir Qərb təhsili almışdılar və Rusiya imperiyasında əhəmiyyətli siyasi və inzibati təcrübə keçmişdilər.

Onların beynində buna bənzər müasirləşdirmə və inkişaf proqramı vardı. Onlar sonsuz iqtisadi və siyasi problemlərlə çarpışsalar da, Bakıda hakimiyyətə gələn kimi, dərhal müsəlman və türk şərqində ilk universiteti açmışdılar.

Bu qısa iki il müddətində onlar çox sayda tələbəni Avropaya, təhsil almağa göndərmişdilər. Onlar müasir ordu və dövlət aparatını qurmağa başlamışdılar. Əlifbanın dəyişdirilməsi, təhsil islahatları, Bakı və Culfa arasındakı dəmir yolu tikintisi kimi infrastruktur layihələr barədə düşünürdülər.

İlk respublikanın bəzi kadrları Sovet Azərbaycanında qaldılar və yeni rejimə xidmət etdilər, çünki onlar Sovet rejiminə də 1918-1920-ci ildə başladıqları eyni inkişaf və modernləşdirmə siyasətlərini davam etdirəcək qüvvə kimi baxırdılar.

Belə yanaşmanın nümayəndələrindən biri də Üzeyir Hacıbəyov idi.

Boğulan iqtisadi azadlıqlar

Sovet modernizasiyası və urbanizasiyası, əlbəttə çox geniş və sürətli idi. Lakin bütün bunlar asan başa gəlmirdi. İlk növbədə sovet iqtisadiyyatı təbii ehtiyatlardan və işçi qüvvəsindən istifadə məsələsində həmişə səmərəsiz olmuşdu.

Azərbaycanın ehtiyatları Moskvada formalaşdırılan planlı iqtisadiyyatın siyasi və iqtisadi eksperimentlərinə gen-bol israf olunurdu. İqtisadi investisiyalar və prioritetlər ideologiyaya uyğun bir şəkildə, həmçinin Azərbaycanın sərhədlərindən kənardakı ehtiyaclara görə müəyyənləşdirilirdi.

Sovet təcrübəsi həmçinin səmərəli və məhsuldar iqtisadiyyatın fərdi azadlıq və hüquqlar, sahibkarlıq ruhu kimi təməl prinsip və mədəniyyətlərinə son qoymuşdu. Xüsusi mülkiyyət ləğv edilmişdi.

Tacirlik sənəti məsxərəyə qoyulur və alverçilik həddinə aşağılanırdı. Kollektivləşdirmə və qolçomaqlara qarşı mübarizə illərində (1929-1932) minlərlə bacarıqlı və təcrübəli kəndli ya öldürülmüş, ya da Sibirə sürgün edilmişdi.

İqtisadi inkişafın ən mühüm amili olan yaradıcı insan faktoru iqtisadiyyatdan çıxarılmışdı. Adamlara yenilikçi olmaq və azad bazarın risklərinə girməkdənsə, aldıqları məvacibə tabe olmaq təlqin edilirdi.

Fərdi azadlıqlar, hüquqlar və sahibkarlıq mədəniyyəti məhv edilmişdi. Bütün bu dəyər və haqlar 1920-ci ilin Azərbaycanında vardı və bunları məhv etmək üçün 70 il müddət artıqlamasilə kifayət etmişdi.

Çox təəssüf, son iki onillyin təcrübəsi göstərir ki, dinamik fərdlərə söykənən məhsuldar iqtisadi sistemin yaradılması üçün bir nəslin ömrü gərək olur.

Proletar Koroğlu

Sovet hakimiyyəti milli kimliklər və mədəniyyətlər məsələsinə çox ciddi yanaşırdı. Bu, Azərbaycan barəsində də belə idi. Azərbaycanın milli dili homogenləşdirilir, kodlaşdırılır və təhsil dilinə çevrilirdi.

Azərbaycan yazıçıları, bəstəkarları, rəssamları və aktyorları Sovet hakimiyyəti tərəfindən yetişdirilib dəstəklənirdi. Sovet zəmanəsinin milli ziyalıları milli motivlərlə yoğrulmuş çoxsaylı sənət nümunələri yaradırdılar.

Onlar öz şeirlərini çap etdirmək, pyeslərini və ssenarilərini səhnəyə və kinoya çıxarmaq, rəsm əsərlərini sərgiləndirmək üçün maliyyələşdirilirdilər.

Lakin Molla Nəsrəddinin “sən çaldın” lətifəsində olduğu kimi, elə həmin ziyalılar kommunist partiyasının diqtə etdiyi və “siyasi baxımdan sağlam” xəttə tabe olmalı idilər.

Onlar sovet totalitar rejimini qeyd-şərtsiz qəbul etməliydilər. Onların əsərləri sistemi təsdiq, rəsmi ideologiyanı təbliğ etməliydi.

Məsələn, Üzeyir Hacıbəyov özünün məşhur “Koroğlu” operasını yazıb səhnəyə qoya bilmişdi. Lakin o Koroğlunu proletar inqilabçısı, bolşeviklərin orta əsrlərdəki sələfi kimi təqdim etməliydi.

Bu, Robin Hudu on ikinci əsrdə inqilabçı kimi göstərmək qədər qəribə idi, lakin bolşeviklər partiyası məhz bunu tələb edir və milli ziyalılar da yerinə yetirirdilər.

O vaxtlar Sovet dövrünün bir çox sənət əsərləri incəsənət nümunəsindən daha çox təbliğat vasitəsi oldu. Oğuz xan və Dədə Qorqud kimi milli dastanlar isə mürtəce sayılır, pantürkizmin və feodalizmin təbliğatı kimi tənqid edilirdi.

"Qüsursuz rus qardaşlar"

Bu ideoloji məhdidiyyət və əngəllərdən başqa, bir limit də qoyulmuşdu: İkinci Dünya Müharibəsindən sonra ruslar hegemon xalq və ya böyük qardaş hesab olunurdular və onları nə tarixi, nə də müasir məsələlərdə ittiham etmək olmazdı.

Bu sayaq tənqidlərdən təmizləmək üçün hətta Azərbaycan tarixi yenidən yazılmışdı.

Qafqaz Albaniyasının qədim paytaxtı Bərdə Kiyevli rus qoşunları tərəfindən iki dəfə dağıdılmış və talan edilmişdi. Şəhər elə dağıdılmışdı ki, bir daha heç vaxt əvvəlki şöhrətini bərpa edə bilməmişdi.

Bu fakt 1941-ci ilin milli tarix dərsliklərində olsa da, 1946 və ondan sonrakı illərdə kitablardan çıxarılmışdı, çünki anti-rus mövqe hesab edilmişdi.

Heydər Hüseynov 1949-cu ildə Azərbaycanda fəlsəfi fikrin tarixini yazanda Şeyx Şamil və onun üsyanını da öz kitabına daxil etmişdi.

Bu, Azərbaycan Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırovun onu sərt tənqid etməsinə səbəb olmuşdu. İctimai lənətləmə kampaniyasının ardınca respublikanın ən yaxşı alimlərindən biri olan Hüseynov intihar etmişdi. Heydər Hüseynov belə qurbanlardan yalnız biri idi.

Böyük terror

Stalin tərəfindən bütün ittifaq miqyasında başlanmış Böyük Terror (1936-1938) dövründə, Bakıda Bağırovun hakimiyyəti altında təxminən yüz min azərbaycanlı edam edilmiş və ya Sibir və Orta Asiyaya sürgün edilmişdi. Onların çoxu Hüseyn Cavid kimi milli ziyalıların nümayəndələri idi.

Onları beyinləri sovet ideologiyası ilə yuyulmuş gənc cavanlar əvəz edirdilər. Bu adamlar öz həyatlarında Moskvadakı Qırmızı meydandan daha böyük bir şey görməmiş, Sovet sərhədlərindən xaricdə həyat təcrübəsi keçməmişdilər.

Sovet İttifaqı bir az da müasir Şimali Koreyaya bənzəyirdi və Azərbaycan bu repressiv rejimin kiçik bir parçası idi. Azərbaycanlılar bütün dünyadan 70 ildən artıq bir müddətdə təcrid olunmuşdular. Türkiyə ilə əlaqələrə çalışmağa pantürkizm damğası vurula bilərdilər.

Avropada və Amerikada iqtisadi və mədəni inkişafla maraqlanmaq “Qərb imnperialistləri qarşısında nökərçilik” kimi qiymətləndirilirdi və belə adamlar “Azərbaycan xalqının düşməni” elan edilirdilər.

Yekun olaraq deyə bilərik ki, Sovet İttifaqı Azərbaycan xalqının müasir tarixində mühüm mərhələ olub. Modernizmin, iqtisadi və mədəni inkişafın bir çox aspektləri Sovet hakimiyyəti illərində sınaqdan çıxarılıb.

Lakin bu məqamda biz yenidən həm də həmin dövrün mənfi cəhətləri ilə üzləşirik.

Bütün bu inkişaflar modernizmin sovet modeli əsasında baş vermişdi. Bu, vətəndaş haqları olmayan və azad bazarla və çoxpartiyalı demokratiya ilə rəqabəti uduzmuş bir modernizm idi.

Azərbaycan dünyanın qalan hissəsindən uzaq və təcrid olunmuş vəziyyətdə idi. Müstəqilliyin son 23 ili göstərir ki, istər rəqabətli azad bazar iqtisadiyyatını, istərsə də çoxpartiyalı demokratiyanı qurmaq son dərəcə çətindir.

Görünür, bu nəticələri əldə etmək üçün daha bir 25 il lazım gələcək. Bütün bu aspektlər belə bir sual verməyə sövq edir: 74 il ərzində belə bir təcrübəni yaşamağa dəyərdimi?

BBC Azeri

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür