Azərbaycanda 52 yaşında məzun olan baba: "Auditoriyada bir ay qaldım" (FOTOLAR)

13:30 | 14.07.2019
Azərbaycanda 52 yaşında məzun olan baba:

Azərbaycanda 52 yaşında məzun olan baba: "Auditoriyada bir ay qaldım" (FOTOLAR)

Azərbaycan Dövlət İqtisad Universitetinin 100 illiyi ərəfəsində bu təhsil ocağından ilk dəfə 52 yaşlı tələbə məzun olub. Söhbət Qəbələ rayonunun Soltannuxa kənd sakini İqrar Sədr oğlu Əhmədovdan gedir. 


O, 1968-ci ildə keçmiş Qutqaşen, indiki Qəbələ rayonunun Soltannuxa kəndində anadan olub. Atası Əhmədov Sədr rayonun ilk əməkdar müəllimidir. Əhmədovları kənddə hamı veteranlar ailəsi kimi tanıyır.


Anews.az Sputnik Azərbaycan-a istinadən xəbər verir kiki, 1985-ci ildə orta məktəbi bitirən qəhrəmanımız 3 il sonra Bakı Maliyyə-Kredit Texnikumuna daxil olub və 1992-ci ildə həmin məktəbi bitirib. Rayona qayıdaraq maliyyə və vergi idarələrində fəaliyyətə başlayan İqrar kişi səliqəsi və düzgünlüyü ilə işçilər arasında sayılıb-seçilib.


1996-cı ildə İqrar Əhmədov Texniki Universiteti başa vuraraq ali məktəb diplomuna sahib olur. Ancaq işlədiyi təşkilatda ona bildirilir ki, ali təhsilinin iqtisadiyyat üzrə olması vacibdir. Bu bəhanə ilə işindən uzaqlaşdırılan İqrar kişi qarşısına məqsəd qoyur və 1997-ci ildə İqtisad Universitetinə imtahan verərək qəbul olunur. Tələbələr arasında yaşı və təcrübəsi ilə seçilən İqrar müəllimlərin də sevgi və hörmətini qazanır.






"Beləliklə, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə qiyabi təhsil almağa başladım. O vaxt 29 yaşım var idi. Təhsil qiyabi olduğu üçün 5 illik idi, 4 kurs oxudum, amma sonra həm ailədə maddi cəhətdən çətinliklər oldu, həm də universitetdə müəyyən ədalətsizliklər gördüm deyə təhsili davam etdirmədim. Bir ilim qaldı", - İqrar kişi xatırlayır.


Yaşlı tələbə imtahanlar zamanı bir müəlliminin inadı ucbatından təhsilini yarımçıq saxlamalı olur və doğma kəndinə qayıdır. İllər keçdikcə ailə və məişət qayğılarına başı qarışan İqrar kişi bütün çətinliklərə baxmayaraq təhsili bitirmək arzusunda idi. Yeri gəlmişkən, İqrar Əhmədov ailəlidir və üç övladı, nəvələri var. O, iki uşağına təhsil verib, balaca övladı da bu il ali məktəbə qəbul olunub.


Kiçik övladı imtahana hazırlaşanda İqrar kişi 18 il öncə yarımçıq qoyduğu təhsilini davam etdirmək qərarına gəlir. Ötən il Azərbaycan İqtisad Universitetinin dekanı ilə görüşən İqrar Əhmədov yenidən ali məktəbə qəbul olunmaq şansı əldə edir. İki ay gecə-gündüz hazırlaşaraq 17 fərq imtahanı, ümumilikdə isə 21 imtahan verərək yenidən tələbə adını qazanır.


İ.Əhmədov deyir ki, övladları yaşda olan gənclərlə bir auditoriyanı bölüşmək, onlarla ayaqlaşmaq cəhətdən problem yaşamayıb: "Özümü qocalmış hiss etmirəm. Yorulmamışam, həvəsdən düşməmişəm. Baxmayaraq ki, 52 yaşım var, bu gün də qarşıma məqsəd qoysam, çalışıb-vuruşub istədiyimi əldə edə bilərəm. Qiyabi oxuduğum üçün gənclərlə bir ay auditoriyada oldum. Tənəffüsə belə çıxmırdım, dərslərlə məşğul olurdum, gənclərlə ünsiyyət qururdum. Məndən yaşca çox kiçik olsalar da, qrup yoldaşlarımla yaxşı ünsiyyətimiz alındı. Tələbə yoldaşım olan qızları qızım, oğlanları oğlum kimi görürdüm. Qətiyyən problemimiz olmadı, əskinə, yaşca böyük şəxs kimi onlara tövsiyələr verirdim".


Deyir ki, gənc qrup yoldaşları ilə əlaqə saxlayır: "Yaş fərqi qrup yoldaşı olmaq üçün maneə deyil. Əlaqəmiz olanlar var. Mən Qəbələdəyəm, turizm bölgəsi olduğu üçün bura çox adama maraqlıdır. Buraya gələndə mənimlə əlaqə saxlayırlar".


Hazırda İqrar kişi müxtəlif insanlar və təşkilatlardan xeyli iş təklifi alır. Onun sözlərinə görə, oxumaq heç bir yaşda gec deyil. Yetər ki, insan istəsin və qarşısına məqsəd qoysun.
 






 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti