Azərbaycanda alma bahalaşacaq

18:07 | 14.01.2015
Azərbaycanda alma bahalaşacaq

Azərbaycanda alma bahalaşacaq

2014/2015-ci illər mövsümünün 5 ayı ərzində Azərbaycan Rusiyaya 33 min ton alma sataraq, bu sahədə Serbiya və Çindən sonra üçüncü yeri tutub, APK-İnform saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, əvvəlki illərdə Azərbaycan daha aşağı yerləri tutub, çünki Rusiyaya əsas alma ixracı Polşa və Moldovadan gəlib. Lakin Polşadan Rusiyaya alma satışı qadağan olunduğu üçün bu gün ölkəmiz bu sahədə lider mövqelərə yüksəlib.

Bəs Azərbaycandan Rusiyaya kütləvi alma ixracı meyvənin bu növünə olan ölkədaxili qiymətlərin yüksəlməsinə gətirib çıxara bilərmi?

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, Azərbaycandan Rusiyaya 33 min ton almanın ixracı artıq bazara öz təsirini göstərib:

"Ümumiyyətlə, ötən ilin dekabr ayında əvvəlki ilə nisbətən kənd təsərrüfatı məhsullarının qiymətlərində çox ciddi artım baş verib”.

Ekspertin qeyd etdiyinə görə, bu onunla bağlıdır ki, Azərbaycanın özünün kifayət qədər kənd təsərrüfatı ehtiyatı olmadığı halda, məhsulun bir hissəsini xaricə satır, bu isə bazara təsir edəcək.

"Dövlət Statistika Komitəsinin saytına nəzər yetirsəniz, görərsiz ki, orda bir çox məhsulların (məsələn: feyxoa, limon, arpa , kartof və s.) qiymətində artım qeydə alınıb. Onu da əlavə edim ki, təkcə almanın deyil, ixrac olunmayan məhsulun belə qiymətində artım baş verib. Bu, onunla bağlıdır ki, Azərbaycan kifayət qədər məhsul istehsal edən ölkə deyil. 2014-cü ili 2013-cü illə müqayisə etsək, kənd təsərrüfatı məhsullarının qiymətində nə qədər artım baş verdiyini görərik”, - deyə, ekspert bildirib.  

Öz növbəsində, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə qeyd etdi ki, keçən illə müqayisədə almanın qiymətində ciddi artım olmayıb:

"Həftə sonları təşkil olunan yarmarkalarda qiymətlərə baxsaz bunun şahidi olarsız. Ən yüksək keyfiyyətli alma məhsulunun qiyməti 1 manatdan yuxarı deyil. 1 kiloqramının qiyməti maksimum 30-40 qəpiklə bir manat arasında dəyişir. Bu da normal qiymətdir. Yəni elə bir mənfi təsiri yoxdur”, - deyə, nazirliyin nümayəndəsi qeyd edib.

Xatırladaq ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2014-cü ilin dekabr ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,5 faiz, o cümlədən birillik və çoxillik bitkilərin 1,5 və 4,9 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşıb.

Buğda - 6,4 faiz, arpa - 3,1 faiz, lobya dəni - 8,1 faiz, şəkər çuğunduru- 20,1 faiz, kələm - 3,1 faiz, kartof - 0,6 faiz, xurma - 14,7 faiz, feyxoa - 2,5 faiz, əzgil - 11,5 faiz, limon - 6,7 faiz, naringi - 12,7 faiz, heyva - 32,9 faiz və s. kimi kənd təsərrüfatı məhsulları bahalaşıb.

Ən sonda qeyd edək ki, bu qiymət artımı almanın qiymətinə də təsir edib – meyvənin bu növü 2,4% bahalaşıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM