Azərbaycanda avro niyə bahalaşdı? - AÇIQLAMA

14:30 | 15.05.2015
Azərbaycanda avro niyə bahalaşdı? - AÇIQLAMA

Azərbaycanda avro niyə bahalaşdı? - AÇIQLAMA

Dünya bazarında avronun dollara məzənnəsində müşahidə edilən yüksəliş Avropa pulunun Azərbaycanda da bahalaşmasına səbəb olub. 

ANN.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov avronun ölkəmizdə bahalaşması barədə xəbərləri şərh edərkən deyib. 

Vüqar Bayramovun sözlərinə görə, Mərkəzin Bankın fevral 21-də elan etdiyi rəsmi məzənnə istisna olunmaqla valyuta dəyişmə məntəqələrində avro son 5 ildə ən yüksək həddə çatıb: "Avronun manata nisbətən möhkəmlənməsi təbii ki, bu ilin fevralında milli valyutamızın məzənnəsinin aşağı düşməsi ilə də birbaşa bağlıdır. Avropa pulunun dünya bazarında bahalaşmasının əsas səbəbi bu həftə açıqlanan ABŞ-ın aprel ayı üçün pərakəndə satış rəqəmlərinin neqativliyi ilə əlaqədardır. Kifayət qədər bədbin rəqəmlər Birləşmiş Ştatlar iqtisadiyyatı ilə bağlı proqnozların neqativləşməsinə və bununla da dolların dünya bazarında mövqelərinin zəiflənməsinə səbəb oldu. Praktik olaraq, dolların son illərdəki möhkəm məzənnəsi digər aparıcı ölkələrin, eləcə də avrozonanın mərhələli sağalmasına təsir göstərdi. Nəticədə ixrac imkanları məhdudlaşan ABŞ-da makro-iqtisadi proqnozlarına düzəlişlər edildi. Belə ki, bu həftə Birləşmiş Krallıq və Avstraliyada da milli valyutaların məzənnəsində möhkəmlənmə qeydə alındı”. 

Ekspertin bildirdiyinə görə, digər tərəfdən Yunanıstanın da borc öhdəliklərini mərhələli yerinə yetirməsi də avronun məzənnəsinə müsbət təsir göstərməyə başlayıb: "Eyni zamanda, Avropa Mərkəzi Bankının mayın 13-dəki açıqlamasında avrozona iqtisadiyyatının aprel ayında 1,0 faiz artıdığı bildirildi. Bu isə sözügedən zonada rüblük 0.4 faiz artıma nail olunması deməkdir. Avropa iqtisadiyyatı üçün tam rəqəmli artım indiki məqamda avropalılar üçün olduqca arzuolunan rəqəm hesab edilə bilər. Bu eyni zamanda Avropanın vahid valyutasının məzənnəsinə müsbət təsir göstərməkdədir. İngiltərə Bankının avrozonadan kənarda qalan Böyük Britaniya üçün açıqladığı nikbin rəqəmlər də dünya bazarında dollara təzyiqi artırdı”.

Ekspert investorların avroya böyük həcmdə vəsait yönətməyə tələsmədiyini bildirərkən qeyd edib ki, ABŞ-da aprel ayı üçün rəqəmlərin pisləşməsinin bu ölkənin qərb sahilində pis hava şəraiti ilə də izah edilir: Buna görə də, may ayının yekunların investorların qərarlarına təsir göstərəcək. Bununla yanaşı, uzun müddət möhkəm qalan dolların ABŞ üçün "baş ağrısına” çevrilməsi şübhəsizdir. Buna görə də, güman olunur ki, Vaşinqton dolların mərhələli zəiflənməsində maraqlı olacaq. Hələlik isə, kəskin azalmalar proqnozlaşdırılmır.

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM