Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 13 mart 2017-ci il tarixli qərarına əsasən, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin "İnşaatçılar" filialı və "Muğanbank" ASC-nin "Biləsuvar" filialına verilmiş icazələr ləğv edilib.
ANN.Az xəbər verir ki, MBNP-dən Trend-ə verilən məlumata görə, Palatanın Direktorlar Şurasının iclasında "Yapı Kredi Bank Azərbaycan" QSC-nin Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 2a ünvanında yerləşən "İnşaatçılar" filialının bağlanması üçün müraciətinə baxılıb və müsbət qərar qəbul edilib. Belə ki, sözügedən filialın bağlanmasına əsas səbəb "Yapı Kredi Bank Azərbaycan" tərəfindən xərclərin optimallaşdırılması göstərilib.
İclasda, həmçinin "Muğanbank" ASC-nin "Biləsuvar" filialının icazəsinin ləğv edilməsinə dair müraciətinə baxılıbr. Sözügedən filialın bağlanmasına səbəb olaraq filialın fəaliyyətinin rentabelli olmaması, pərakəndə biznes məhsullarının satışına yönəlmiş müştəri axınının azalması və həmin ərazilərdə cəlb ediləcək korporativ müştərilərin fəaliyyətinin azlıq təşkil etməsi olub.
Direktorlar Şurası "Banklar haqqında" qanunun 16.2.9-cu və 17.3-cü maddələrini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin "İnşaatçılar" filialına Mərkəzi Bank tərəfindən verilmiş 19.02.2015-ci il tarixli №243/17 saylı icazəni və "Muğanbank" ASC-nin "Biləsuvar" filialına 30.05.2012-ci il tarixli №29/28 icazəni ləğv edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !