Yoxsulluğun səviyyəsi 0,5% azalıb - Bir qism bunu doğru, bir qism isə yalan adlandırır/TƏHLİL

17:59 | 20.10.2023
Yoxsulluğun  səviyyəsi 0,5% azalıb -  Bir qism bunu doğru, bir qism isə yalan adlandırır/TƏHLİL

Yoxsulluğun səviyyəsi 0,5% azalıb - Bir qism bunu doğru, bir qism isə yalan adlandırır/TƏHLİL

2022-ci ildə Azərbaycanda yoxsulluğun  səviyyəsi 5,9 faizdən 5,5 faizə kimi azalıb.  Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. 
 
Amma iqtisadçı Akif Nəsirli hesab edir ki, Azərbaycan Statistika Komitəsinin bu məlumatı reallığı əks etdirmir.
 
"Azərbaycanda kasıblığın müəyyənləşdirmə kriteriyaları dünya standartlarına uyğun deyil. Belə şəraitdə ölkədə əhalinin kasıblıq səviyyəsinin ölçülməsi də qeyri-mümkündür. Kasıblıq həddinin 0.4% azalması əgər reallığı əks etdirirsə, böyük rəqəmdir. Bu gün əmək qabiliyyəti olan əhalinin 30-40%-i işsizdir. Həmin işsiz insanlar heç bir yerdən məvacib almırlarsa, onların bu baxımdan statusunu Azərbaycan hökuməti necə müəyyən edir. Kasıblıq həddinin 0.4% azalması inandırıcı deyil”, - o əlavə edib.
 
İqtisadçı bildirir ki, kasıblıq həddinin aradan qaldırılması üçün əhalinin gəlirləri normal kompensasiya olmalıdır.
 
"Məsələn, 30-40% inflyasiya şəraitində Azərbaycan hökuməti elan edir ki, inflyasiya 12-15%-dir, kompensasiyaları da bu faizə uyğun müəyyənləşdirir. 30% inflyasiya gedib, Azərbaycan hökuməti bunun 15%-ni kompensasiya edir. Qalan 15%-i açıq qalır. Bu əhalinin itkisi, real gəlirlərinin azalması deməkdir. Yəni nominal gəlirlər olduğu kimi qalır, lakin real gəlir azalır. Bu ilin yanvarında 400 manata bazardan aldığınız şeylərin yarısını sentyabrda ala bilmirsiniz. Bu itkidir. Deməli sizin 400 manatınızın 50% itib, real dəyərini itirib. Bütün əhalidə bu cürdür, amma Azərbaycan hökuməti bir tərəfdən itkiləri real şəkildə kompensasiya etmir, digər tərəfdən də iddia edir ki, kasıblıq faizi 0.4% azalıb. Nəyin hesabına azalıb? Bu azalmanın səbəbi olmalıdır. Azalma istiqamətində hansısa işlər görülməsi lazımdır. Bəlkə iş yerləri artıb? Baxın statistikaya. İqtisadiyyatın özündə kiçilmə müşahidə olunur. Beynəlxalq valyuta fondu bu gün 3 dəfə Azərbaycan iqtisadiyyatının kiçilməsi ilə bağlı proqnozlar verib. Əhaliyə heç bir xeyr verilmirsə, onun kasıblıq həddi necə aşağı düşüb. Bu rəqəm həqiqətə uyğun deyil. İnfilasiyanın artım tempi ilə əmək haqqının artım tempi adekvat deyil. İnflasiya daha sürətlə artır, lakin əmək haqqı onun arxasında qalır”, - Nəsirli qeyd edib.
 
Sosioloq Üzeyir Şəfiyev hesab edir ki, Azərbaycan əsas prioriteti vətəndaşının rifahının yaxşılaşdırılmasıdır.

"Azərbaycan sosial dövlətdir. Azərbaycanda sosial dövlət quruculuq prosesi gedib. Dövlət hər bir vətəndaşın qayğısına qalır, onun manefeyi, həyatı, yüksək rifah vəziyyəti dövlətin əsas priotetlərindən biridir. Azərbaycan eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Burada əsas məsələ heç kəsi kənarda qoymamaqdır. Bu dövlətin əsas amalıdır. İstənilən vəziyyətdə dövlət vətəndaşının yanında olur. Ona görə də, Azərbaycan dövləti sosial dövlət quruculuğu yaşayan bir dövlət kimi vətədaşın sosial rifahını, məmnunluğunu təmin etmək üçün çoxsaylı addımlar atır.  Bu addımlar nəticəsində aktiv sosial tədqiqat layihələr hazırlanır. Məsələn, özünəməşğulluq proqramları tətbiq olunur. Bu insanları öz qabiliyyətlərinə, imkanlarına uyğun aktiv həyata keçmələri üçün dövlət tərəfindən onlara dəstək göstərilir. Məsələn, arıçılıq, kənd təsərrüfatı, sənət sahəsi və s.  Bu proqram vasitəsilə vətəndaş həm işsiz qalmır, həm də özünü inkişaf etdirir. Bununla da o işləyir, öz ayaqları üstündə durur, həyat şəraitini təmin edir. Vətəndaşlara bir sıra dəstək formaları var. Bu barədə dövlət tərəfindən ehtiyacı olanlara ünvanlı sosial yardımlar nəzərdə tutulub. Vətəndaş işlə təmin olunduqdan sonra yoxsulluq faizi də aşağı düşür. Bu baxımdan son illər görülən işlər təqdirə layiqdir”, - o əlavə edib.
 
Sosioloq qeyd edir ki, təhsil müəssisələri əmək bazarını nəzərə alıb plan yerləri açsa, yaxşı olar.

"Dövlət tərəfindən atılan addımlar ilə yanaşı vətəndaşlardan da asılı olan məsələlər var. Hər il əmək bazarına ən azı 100 000 işçi qüvvəsi daxil olur. Təəssüflər olsun ki, əmək bazarında vəziyyət elə olur ki, mütəxəssis kadrlar olmur. Bəzən təhsil ilə əmək bazarı arasında uyğunsuzluqlar olur. Əmək bazarı fərqli mütəxəssis istədiyi halda təhsil müəssisələri kortəbii formada kadr yetişdirir. Misal üçün, 5000 filoloqa ehtiyacı varsa, təhsil müəssisələri 10 000 filoloq buraxırlar. Başqa sahələrdə isə mütəxəssisə ehtiyac var. Bu təmin olunsa, bəlkə də əmək bazarında işsiz olanlar özlərinə daha yaxşı iş yerı tapa bilərlər. Yaxşı olar ki, təhsil müəssisələri əmək bazarını nəzərə alıb plan yerləri açsınlar. Təhsil müəssisələri bu məsələyə həssas yanaşmalıdır, yəni təhsil müəssisəsi bilməklidir ki, 10-15 ildən sonra daha çox hansı peşəyə əmək bazarında ehtiyac olacaq və qəbul planlarını bu strategiyaya əsasən formalaşdırmalıdılar”, - Şəfiyev vurğulayıb.
 
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) 2023-cü il Qlobal Çoxölçülü Yoxsulluq İndeksinə əsasən, 110 ölkədə yaşayan 6,1 milyard insanın 1,1 milyardının yoxsulluqla mübarizə aparır. Afrikada 47,8%, Cənubi Asiyada 34,9%, Çin, İndoneziya, Myanma, Sudan, Yəməndə 65% insan yoxsulluqla mübarizə aparır.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti