Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının təşkilatçılığı ilə oktyabrın 20-də Bakıda açılan arıçılıq məhsullarının Respublika Sərgi-Satış Yarmarkasında ilk dəfə Azərbaycanın işğaldan azad edilmiş rayonlarında istehsal edilən bal məhsulları satışa çıxarılıb.
Azərbaycanın işğaldan azad edilmiş rayonlarında Kənd Təsərrüfatı Nazirliyinin Pilot layihəsi çərçivəsində yaradılan arıçılıq təsərrüfatları Bakı sakinlərinə Laçın və Kəlbəcər rayonlarında istehsal edilmiş bal məhsullarını təqdim ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Anews.az-a bildirib ki, yarmarkanı təşkil etməkdə məqsəd arıçılar üçün satış platforması yaratmaqdır:
'Arıçılarımız məhsullarını satmaqla bağlı problemlər yaşayırdılar. Mövcud vəziyyəti dəyərləndirərək, yarmarka keçirmək qərarına gəldik və ilk dəfə olaraq pandemiya şəraitində bu cür kütləvi tədbir təşkil olundu. Yarmarkanın təşkillində əsas məqsəd arıçılar üçün satış platforması yaratmaqdır. Məhsullar 10 gün əvvəl gətirilərək, xüsusi anbarlara yığılıb. Satışa çıxan ballar anbara daxil olduqdan sonra yoxlanış üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən qeydə alınıb, analiz edilib, qida təhlükəsizliyi standartlarına uyğun bal məhsulları satışa çıxarılıb", - deyə Hüseynov vurğulayıb.
Yarmarkada Azərbaycanın bütün iqtisadi rayonlarından 250 nəfər COVID-19 pasportuna malik arıçı iştirak edib. Bal məhsullarının qiymətləri arıçıların özləri tərəfindən müəyyənləşdirilir.
Hər rayondan online qeydiyyatdan keçən 20 arıçıya iştirak hüququ verilib. Ümumilikdə, yarmarkaya 18 gündə 120 ton məhsulun çıxarılması nəzərdə tutulub.
Azərbaycanda dövlətdən subsidiya alan 21 mindən çox arıçı var. Bu günə kimi ən çox arıçı 2019-cu ildə keçirilmiş yarmarkada iştirak edib və onların sayı 370 nəfər təşkil edib.
Yarmarka noyabrın 7-ə kimi fəaliyyət göstərəcək.
Aytac Zeynalova
Bizi sosial şəbəkələrdə izləyin !