Azərbaycanda institutda ciddi nöqsanlar: direktor işdən azad edildi

12:46 | 13.12.2013
Azərbaycanda institutda ciddi nöqsanlar: direktor işdən azad edildi

Azərbaycanda institutda ciddi nöqsanlar: direktor işdən azad edildi

Son aylar ərzində Təhsil Nazirliyinə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialı tərəfindən hüquqi əsası olmadan diplomların verilməsi barədə çoxlu sayda məlumat daxil olub. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bəzi hallarda vətəndaşlar həqiqətən həmin təhsil müəssisəsində dərslərə gəlib, imtahan sessiyalarında iştirak etmiş və dövlət imtahanı verərək diplom alıblar. Eyni zamanda, Kəlbəcər rayonunun ümumtəhsil məktəblərində çalışan müəllimlərin bir hissəsinin təhsil sənədlərinin yoxlanılması zamanı AMİ-nin Gəncə filialı tərəfindən verilmiş dövlət nümunəli olmayan diplomlar aşkar edilib. Qeyd olunan faktların ciddiliyi nəzərə alınaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 noyabr 2013-cü il tarixli 899 nömrəli əmrinə əsasən, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının tədris və maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılıb. Yoxlama nəticəsində filialda ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar edilib. Qeyd olunan pozuntu hallarına yol verdiyinə görə, təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filialının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilib. AMİ-nin Gəncə filialının fəaliyyətində aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Respublika Baş Prokurorluğuna göndərilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM