Azərbaycanda ipoteka kreditlərinin məbləği iki dəfə artırılır

09:12 | 16.07.2015
Azərbaycanda ipoteka kreditlərinin məbləği iki dəfə artırılır

Azərbaycanda ipoteka kreditlərinin məbləği iki dəfə artırılır

Mərkəzi Bankın sədri Elman Rüstəmov ipoteka kreditlərinin sadələşdirilməsi ilə bağlı başlıca istiqamətləri açıqlayıb.

Oxu.Az xəbər verir ki, Elman Rüstəmov AzTv-nin "Günün nəbzi” proqramına müsahibəsində deyib ki, bu ilin sonuna qədər  ipotekanın maliyyələşdirilməsinə 200 milyondan çox əlavə vəsait yönəldiləcək.

"Bu vəsaitlər Mərkəzi Bankın krediti hesabına olacaq, lakin Maliyyə Nazirliyi buna öz zəmanətini verəcək.

Bu pulları dövlət zəmanəti altında verəcəyik. Maliyyə Nazirliyi ilə birgə  təklifimizə əsasən, bu məbləğ təxminən 250 milyon manat həcmindədir. Bu vəsaitin müəyyən bir hissəsi sosial, müəyyən bir hissəsi isə kommersiya ipotekasına yönəldiləcək”, - Elman Rüstəmov deyib.

Mərkəzi Bank sədrinin sözlərinə görə, Maliyyə Nazirliyi ilə birlikdə gələn ildə daha əhəmiyyətli vəsaitin təklif edilməsi fikri var.

"Çünki bütövlükdə ipoteka, onun vasitəsi ilə hərəkətə gətirilən ölkədə yaradılmış çox güclü tikinti sahəsi iqtisadi artıma, məşğulluğa, o cümlədən büdcə gəlirlərinə çox ciddi töhvə verə bilər.

Digər tərəfdən bunun sosial tərəfini də götürsək, əhali özünün mənzil şəraitini belə olan şəraitdə əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər”, - o deyib.  

Elman Rüstəmovun sözlərinə görə, həmişə ipoteka kreditlərinin faiz dərəclərinin yuxarı olması ilə bağlı şikayətlər olub.

"Bizim təklifimizdə həm kommersiya, həm də sosial ipotekanın şərtlərinin aşağı salınması nəzərdə tutulur.

Əhali hesab edirdi ki, həm sosial, həm də kommersiya ipotekaları üzrə məbləğlər aşağıdır.  Bu, ikinci bazarda yalnız köhnə mənzil fondundan evlərin alınmasına imkan verirdi.

Bunu nəzərə alaraq, təxminən hər iki istiqamət üzrə məbləğin iki dəfə artırılmasını nəzərdə tuturuq”, - sədr deyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM