El və Azad Azərbaycan televiziyalarının əməkdaşları Ağcabədi Rayon Elektrik Şəbəkəsində zorakılıqla üzləşiblər. İdarənin nümayəndələri Ağcabədi rayonu Ergi düzündə yaşayan 30-a yaxın məcburi köçkün ailəsinin işıq probleminə aydınlıq gətirmək əvəzinə, qanunlara sığmayan hərəkətlər ediblər. Qeyd edək ki, Ağcabədi rayonu Ergi düzündə yaşayan 30-a yaxın məcburi köçkün ailəsi 5 gündür ki, işıqsızdır. Onlar bununla bağlı müvafiq qurumlara müraciət etsələr də, müsbət cavab ala bilməyiblər. Deyilib ki, onların işığının kəsilməsi su artezian idarəsinin enerji satış idarəsinə 1 milyon manatdan çox borcu olması ilə əlaqədardır. Əslində məcburi köçkünlər məsələnin bu cür qoyuluşu ilə razıdırlar. Lakin onlar bildirirlər ki, işlətdikləri elektrik enerjisinin haqqı dövlət tərəfindən ödənilir. Ona görə də hansısa bir qurumun elektrik enerjisinə görə borclu olması onların işığının kəsilməsinə əsas vermir.Məsələ ilə bağlı Ağcabədi rayon Elektirik Şəbəkəsində olan El Televiziyasının əməkdaşları Daşqın Güneyli və Ziya İsmayıloğlu, eləcə də Azad Azərbaycan Televiziyasının işçiləri təzyiqə məruz qalıblar. Ağcabədi rayon Elektirik Şəbəkəsinin müdiri münasibət bildirmək əvəzinə KİV təmsilçilərini xidməti otaqda qoyaraq qaçmağı üstün bilib. Müdirin otağı tərk etməsindən sonra Şükür adlı bir nəfər, media işçilərinə fiziki zor tətbiq edib. İdarə işçisi kameraya əl atıb. Çəkiliş avadanlıqlarına da ziyan dəyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !