• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Azərbaycanda könüllü olmaq nə qazandırır? - Ekspert rəyi, qurumlardan açıqlama

Azərbaycanda könüllü olmaq nə qazandırır? - Ekspert rəyi, qurumlardan açıqlama
06.06.2022 16:09
Azərbaycanda bir çox qurumlarda gənclər üçün könüllülük proqramları mövcuddur. Lakin könüllü gənclər əksər vaxtlarda iş ilə təmin olunmur, bu da könüllülük proqramının uğursuz layihə olduğunu göstərir. Bunu 10 ilə yaxın müddətdə könüllü kimi fəaliyyət göstərmiş  Sevinc Hüseynova anews.az bildirib.
 
Hüseynova söyləyir ki, könüllü kimi fəaliyyət göstərdiyi vaxtlarda işə götürüləcəyinə ümidli idi.
 
"Mən bir çox dövlət mərkəzlərində könüllü kimi fəaliyyət göstərmişəm.  Məqsədim könüllü fəaliyyətimdən sonra işlə təmin oluna bilərəm. Amma heç bir qurumda işlə təmin edilmədim. Könüllü fəaliyyətimin faydası mənə çox oldu. Bəzi yerlərdə 3 ay, bəzilərində isə daha uzun müddət. Əslində işlə təmin etməyə məcbur deyillər.  Ancaq yenədə fəaliyyətimi nəzərə alaraq işlə təmin edə bilərdilər. Maaş almadan canla-başla işləyirdim. Mənə qalan ancaq sertifkatlarım oldu", - o bildirib.
 
Sevinc Hüseynova düşünür ki, bəzi xidmət mərkəzləri işlərini asanlaşdırmaq üçün könüllülərdən istifadə edir.
 
Anews.az Azərbaycanda fəaliyyət göstərən qurumlarda könüllü olmağın perspektivini araşdırıb.
 
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bildirir ki, gəncləri könüllülüyə ancaq dövlət orqanları və qeyri-kommersiya qurumları cəlb edə bilər.

"Biznes fəaliyyəti ilə məşğul olanlar gənclərdən könüllü kimi istifadə edə bilməz. Əks halda başqalarının əməyindən sui-istifadə kimi  dəyərləndirilir. Könüllü fəaliyyətin mahiyyətində ödəniş yoxdur. Yalnız könüllünün xərcləri ödənilə bilər.  Könüllülərin xüsusi geyimləri, yol pulu, qidalanma və s. daxildir.  Məsələn, Amerikada könüllülər  daha çox qazanmış hesab olunurlar.  Universitetlərdə belə şəxslər üçün təhsil xərclərinin ödənilməsində xüsusi güzəştlər var. Böyük Britaniyada isə tələbə krediti ilə oxuyanlar,  xarici ölkələdə könüllü kimi fəaliyyət göstərirlərsə, tədricən dövlət həmin könüllünün kreditlərini ona bağışlayır. Mən bir çox dövlət mərkəzlərində könüllü kimi fəaliyyət göstərmişəm.  Məqsədim könüllü fəaliyyətimdən sonra işlə təmin oluna bilərəm. Amma heç bir qurumda işlə təmin edilmədim. Könüllü fəaliyyətimin faydası mənə çox oldu. Bəzi yerlərdə 3 ay, bəzilərində isə daha uzun müddət. Əslində işlə təmin etməyə məcbur deyillər.  Ancaq yenədə fəaliyyətimi nəzərə alaraq işlə təmin edə bilərdilər. Maaş almadan canla-başla işləyirdim. Mənə qalan ancaq sertifkatlarım oldu", - o bildirib.

Qurumlarda könüllülük proqramı necədir?

Sözügedən məsələ ilə bağlı "ASAN Könüllüləri" təşkilatının sədri Emiliya Bayramova bildirir ki, 10 il ərzində 30 midən çox gənc "ASAN Könüllüsü" adı qazanmışdır. Hazırda isə bütün "ASAN xidmət”  mərkəzləri üzrə 758 könüllü fəaliyyət göstərir.  
 
"Bildirim ki, "ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyəti və təcrübə proqramı 2 pillə üzrə həyata keçirilir. Bu Master 1 və Master 2 pillələridir. Master 1 pilləsi "ASAN xidmət” mərkəzlərində 3 aylıq bir dövrü əhatə edir. Master 2 pilləsi isə 4 aylıq təcrübə proqramıdır.  Master 2 pilləsi könüllülərin öz ixtisasları üzrə əldə edə biləcəkləri əlavə təcrübə proqramıdır. Bu fəaliyyət dövründə könüllülər kadr kimi formalaşır və geniş təcrübə əldə edirlər. Özündə ən yüksək dəyərləri daşıyan vətənə sədaqətin, milli-mənəvi dəyərlərə bağlılığın göstəricisi olan könüllülük haqqı ödənilməyən fəaliyyətdir"- sədr bildirib.
 
Könüllülər 3 növbə üzrə fəaliyyət göstərirlər:
 
I növbə 09:00-12:30
 
II növbə 12:30-15:30
 
III növbə15:30- 18:00

Sədr bildirib ki, könüllülər üçün uyğun vakansiyalar olduqda "ASAN Kadr” veb portalı vasitəsilə onların işlə təmin olunması mümkündür.
 
"Ümumiyyətlə könüllülük gənclərin kollektivlə işləmə bacarıqlarını, yaradıcı potensialını və dünyagörüşünü inkişaf etdirir, cəmiyyətdə özünəməxsus yer tutmalarına şərait yaradır ki, bu da gənclər üçün böyük təcrübədir. Nəzərə alsaq ki, uğurlu karyera üçün təcrübə əhəmiyyətli rol oynayır, könüllülük fəaliyyəti də gənclərə bu təcrübəni əldə etmək və gələcəkdə işlə təmin olunmaları üçün imkan yaradır. Bu günə qədər "ASAN Kadr” veb portalə vasitəsilə 3000 ASAN könüllüsü işlə təmin olunub. Onlardan 507-i "ASAN xidmət” mərkəzlərində, digərləri dövlət və özəl qurumlarda işlə təmin olunublar", - o əlavə 
edib

Bu günə qədər ASAN Könüllüləri tərəfindən 100000-dək şəxsi əhatə edən 750-dən çox yerli və beynəlxalq layihə, 5000-dən çox təlim, tədbir reallaşdırıb. ASAN xidmət” mərkəzi "Könüllü fəaliyyət haqqında” qanunu ilk tətbiq edən dövlət orqanıdır. 
 


Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, təcrübə proqramlarında 100-dən çox könüllü iştirak edib. 
 
"Fəaliyyət göstərdikləri departamentə uyğun olaraq 2 və ya 3 ay fəaliyyət göstərirlər. Könüllülərə ödəniş edilmir. Sadəcə fəaliyyət sonunda iştiraklarını təsdiq edən sertifikat təqdim olunur. Dərs saatlarına mane olmamaq səbəbi ilə 09:00-13:00 və 14:00-18:00 aralığında fəaliyyətə cəlb olunurlar. Xüsusi aktiv fəaliyyət və uyğun bilik-bacarıqlara əsasən bacarıqlı könüllü sonda işlə təmin olmaları mümkündür"- mətbuatdan bldirilib.

Təhsil Nazirliyin "Bir Könüllü" Təşkilatının meneceri Leyla Zeynalova bildirir ki, üzv olan könüllülərin sayı 30 mindən çoxdur. Aktiv fəaliyyətdə olan könüllü sayı 2000-ə yaxındır. 
 
"Təşkilata üzv olan tələbə-könüllülərin konkret fəaliyyət müddəti yoxdur. Tələbələr və məzunlar qoşulmaq istədikləri layihələrə müraciət edərək tədbirlərdə iştirak edə bilərlər. Könüllülər hər hansı maddi qarşılıq olmadan yalnız təcrübə qazanmaq məqsədi ilə fəaliyyət göstərirlər. Müraciətə dərsdən geri qalmadan asudə vaxtları ilə üst-üstə düşən tədbirlər müraciət edə bilərlər. Xüsusi aktiv fəaliyyəti, təşkilatçılıq, idarəçilik qabiliyyətləri, həmçinin bilik və bacarıqları ilə seçilən tələbə-könüllülərin sonda iş imkanı əldə etməsi mümkündür. Bu günə qədər 200-ə yaxın könüllü iş ilə təmin edilib"- Zeynalova bildirib.
 
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin mətbuat xidmətinin rəhbəri Şahin Əliyev söylərir ki, DOST mərkəzlərində "Könüllü DOST” proqramında iştirak etmək üçün 60175 müraciət qəbul edilib. Hazırkı an üçün müraciət etmiş şəxslərdən 2203 nəfəri proqramda iştirak şansı qazanıb.
 
Belə ki, Gənc DOST üzrə 2105, Gümüşü DOST üzrə 44, Distant DOST altproqramı üzrə isə 54 iştirak sayı qeydə alınıb.
 
"Hazırda mərkəzlərinin işinin təşkili zamanı vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsində iştirak, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə üzrə köməklik, xidmət üzrə sənədlərin siyahısı ilə vətəndaşların tanış edilməsi, müxtəlif anket, forma və s. doldurulmasında köməklik, əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və bir çox başqa işlərdə könüllülərin danılmaz xidməti var. Bu fəaliyyət sayəsində gənclər həm iş təcrübələrini artırır, həm də əhalinin xüsusi həssas təbəqəsi ilə işləmək bacarığı əldə edirlər" - Əliyev bildirib.
 
DOST Agentliyində könüllülük fəaliyyəti 3 istiqamətdə təşkil edilib: "Gənc DOST", "Gümüşü DOST", "Distant DOST" və "Korporativ DOST” altproqramları. "Gənc DOST" altproqramında 16-29 yaşlı gənclər iştirak edə bilərlər.
 
"Könüllülük fəaliyyətinin müddəti 2 aydır və iş prosesi gündəlik olaraq 3 növbədə təşkil olunur. "Gənc DOST" altproqramı könüllülər üçün sosial əhəmiyyətli fəaliyyətdə rola malik olma, işgüzar vərdişlər əldə etmə, fərdi inkişaf, asudə vaxtın səmərəli keçirilməsi, yeni dostlar, əlaqələr və karyera yolunda ilk uğurlu addımların təməli baxımından faydalıdır. "Gümüşü DOST" altproqramı isə yaşı 50-dən yuxarı olan şəxslərin aktiv həyat tərzinin təmin olunması və asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyır. Bütün bu altproqramları özündə cəmləşdirən "Könüllü DOST" proqramının məqsədi ictimai iştirakçılığın təşkili, könüllü hərəkatına dəstək, gənclər siyasətinə dəstək, dövlət-vətəndaş münasibətlərinin inkişafı, yüksək keyfiyyətli xidmət, gənclərin əmək bazarına hazırlığı və fəal yaşlanmanın təmin olunmasıdır. Proqram özündə dövlətçilik və vətənpərvərlik, ictimai-sosial məsuliyyətlilik, birlik və əməkdaşlıq, qayğıkeşlik və yardımsevərlik prinsiplərini ehtiva edir"- o vurğulayıb.

DOST mərkəzinin sözcüsü bildirir ki, könüllülük işə qəbul deyil. sadəcə könüllülərin arasından xüsusi ilə seçilən, ixtisası  Sosial sahəyə uyğun olan əməkdaşlar əvvəlcə təcrübəçi daha sonra isə işə qəbul olunurlar. Ancaq bu istisna hallardır, çox olmur.
 
Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov bildirir ki, 2022-ci ilə qədər "Miqrasiya Könüllüsü” İctimai Birliyi 57 layihəyə imza atmış və layihələr çərçivəsində 3000-dən çox təlim keçirilmişdir. Hazırda "Miqrasiya Könüllüsü” İctimai Birliyində könüllü üzvlərin sayı 8679 nəfərdir. 
 
"Miqrasiya Könüllüsü” ictimai birliyində könüllülük 1 ay müddətində icra olunur və 2 formada könüllülər fəaliyyət göstərir. Könüllülük müddətini uğurla tamamlayan könüllülər İctimai Birlik daxilində 6 ay davam edən təcrübə proqramına müraciət etmə imkanına sahibdirlər. İctimai Birlik hazırda 4 departament üzrə 33 nəfərlə təmsil olunur. Hazırda İctimai Birlik daxilində 4 departament fəaliyyət göstərir. Xüsusi karantin rejimi ilə əlaqələr gənclərin sahib olduqları boş zamanın onların şəxsi inkişafları yönümündə səmərəli keçməsini təmin etmək məqsədilə "Miqrasiya Könüllüsü” İctimai Birliyi tərəfindən onlayn platformalar vasitəsilə " Öyrənməyə bizimlə başla”,  "Musiqi Saatı”, "Sağlam Həyat Tərzi”, "Onlayn İnkişaf Platforması”, "Danışır Həmvətənimiz”, "Dizayn Məktəbi”, "Natiqlik və Ünsiyyət Forumu”, "BiznesMən” və "Könüllü İstedad” layihələri həyata keçirilmişdir",- Kələntərov bildirib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov bildirir ki, bu günə kimi gömrük sistemində könüllü fəaliyyətinə ümumilikdə 3 il ərzində 1 141 nəfər gənc cəlb olunub. Hazırda isə 152 nəfər könüllünün qurumumuzda könüllü fəaliyyəti uğurla davam edir.

"Dövlət Gömrük Komitəsində könüllü fəaliyyətə cəlb olunmuş gənclər 3 ay müddətində fəaliyyət göstərir və fəaliyyətlərinin sonunda Komitənin "Dövlət Gömrük Komitəsinin sistemində könüllü fəaliyyətin təşkilinə dair Metodika”nın təsdiq edilməsi haqqında 9 iyun 2020-ci il tarixli 1000/126 nömrəli sərəncamının 6.4-cü yarımbəndinə əsasən "Könüllü gömrükçü” dəstəsinin üzvü olmuş könüllülərə onların fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq 1-ci, 2-ci və 3-cü dərəcəli sertifikatlar təqdim edilir"- Axundov bildirir.  

Axundov söyləyir ki, Dövlət Gömrük Komitəsi sistemində könüllü fəaliyyətinə cəlb olunan gənclərin gündəlik fəaliyyət saatları "Könüllü fəaliyyət haqqında” qanunun 9.1-ci yarım bəndinə əsasən Komitə ilə könüllü fəaliyyət iştirakçıları arasında bağlanılmış müqaviləyə uyğun olaraq tənzimlənir.
 
"Mövcud müqaviləyə əsasən könüllünün fəaliyyət saatları könüllünün istəyi nəzərə alınaraq günün 1-ci yarısı saat 09:00-dan 13:00-dək, 2-ci yarısı isə saat 14:00-dan 18:00-dək müəyyən olunur. Dövlət Gömrük Komitəsi sistemində fəaliyyət göstərən "Könüllü gömrükçü” dəstəsinin üzvləri Komitənin struktur bölmələrində fəaliyyətə cəlb olunduqları müddət ərzində bir sıra peşə biliklərinə yiyələnir və bəzi gömrük əməliyyatları ilə yaxından tanış olurlar. Belə ki, malların gömrük rəsmiləşdirilməsi, onların gömrük dəyərləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin siyahısı və qanunvericilikdə müəyyən olunmuş qaydada gömrük ödənişlərinin tətbiq edilməsi, malların gömrük ekspertizasının aparılması, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq təsnifat kodunun, malların mənşə ölkəsinin müəyyən edilməsi kimi təcrübi biliklərə yiyələnirlər", - o əlavə edib.
 
Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirir ki, ötən 3 ildə 1400 nəfər Nəqliyyat Könüllüləri proqramında iştirak üçün müraciət edib.
 
"240 nəfər könüllü proqrama seçilib. Könüllü məzun adını qazananların sayı 140 nəfərdir. 20 nəfər könüllü BNA da işlə təmin olunub. Maarifləndirmə tədbirinin sayı 65-dir. 6 nəfər könüllü isə "İlin könüllüsü" seçilib",- Ağayev bildirib.

Prezident İlham Əliyev Azərbaycanda 2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb. BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də, hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.
 
Azərbaycanda könüllü fəaliyyətin təşkilatçıları ölkə ərazisində könüllü fəaliyyəti həyata keçirmək üçün xarici könüllüləri dəvət edə bilərlər. Beynəlxalq könüllü fəaliyyətin təşkilatçıları, habelə könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisində könüllü fəaliyyətlə yalnız Azərbaycanın könüllü fəaliyyət təşkilatçıları ilə birgə məşğul ola bilərlər. Azərbaycanda könüllü fəaliyyətin təşkilatçıları və respublika vətəndaşları xarici dövlətin ərazisində həmin dövlətin qanunvericiliyinə uyğun olaraq könüllü fəaliyyət ilə məşğul ola bilərlərlər.
 






 
Aytac Zeynalova
 
İSTİQAMƏT:5.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
QEYD:Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.


 



 








 
  
 






Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol