Bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində paytaxt sakini Emin Mürsəlov deyib. Gənc oğlan bankda son ana qədər ona əlavə faiz və ya komissiya haqqı barədə məlumat verilmədiyini söyləyib. Emin deyir ki, bank onu aldadıb və kreditləşmə zamanı komissiya haqqı barədə ona heçnə deyilməyib. Təəssüf ki, bu gün Eminin başına gələn oxşar hadisələrlə tez-tez rastlaşırıq. Banklar bəzi hallarda vətəndaşa kredit prosesi ilə bağlı aydın və dəqiq məlumat vermir. Götürəcəyi kreditin faizini hesablayıb saf-çürük edən şəxs isə sonradan vəziyyətin tamam başqa cür olduğunu və aldadıldığını anlayır.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında komissiya haqqının Azərbaycanda həddən artıq yüksək olduğunu və bunun yolverilməz olduğunu deyir: "Azərbaycanda əksər banklar müştəridən 8-10 faizlik komissiya haqqı tələb edir. Hazırki vəziyyətdə banklar müştəridən 500 manata görə əlavə 40 manat komissiya haqqı tuturlar. Amma əslində 500 manatlıq kredit götürən şəxs cəmi 5 manat komissiya haqqı ödəməlidir. Bank müştərisi bunu kredit formasında deyil, birbaşa nağd şəkildə də edə bilər. Bu isə imkan verəcək ki, faizlər kreditin əsas məbləğindən, yəni bizim misalda 500 manatdan hesablansın. Deməli, bu halda nominal və real faizlər eyni olacaq və praktik olaraq müştəri aldadılmayacaq".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !