"Problemli kreditlərin həll olunması üçün yeni qurum - maliyyə ombudsmanı yaradılması təklif olunur”. Bu sözləri Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. Sədrin sözlərinə görə, əsas məqsəd maliyyə ombudsman inistitutunun yaradılmasıdır: "Eləcə də banklarla müştərilər arasında meydana çıxa biləcək mübahisələrin məhkəmədən kənar qaydada məhz maliyyə ombudsmanın köməyi ilə həll edilməsi və banklarla müştərilər arasında daha çox ehtimadın formalaşdırılmasına nail olmaqdır”.
Maliyyə obudsmanın Azərbaycanda yaradılmasına ehtiyac varmı? Bu qurumun yaradılmasının problemli kreditlərin azalmasına təsir göstərəcəkmi? Dünya praktikasında maliyyə ombudsmanı qurumundan istifadə olunurmu? ANN.Az bu sualları cavablandırmaq üçün iqtisadçı ekspert Vüqar Bayramova müraciət edib.
İqtisadçı ekspert bu qurumun heç bir dövlət orqanı ilə bağlı olmadığını bildirib: "Maliyyə ombudsmanı müstəqil qurumdur. Yəni bu qurumun dövlətə bağlılığı olmur. Maliyyə ombudsmanın əsas funksiyası problemlərin və anlaşılmayan məsələlərdə eləcədə bu sektorda fəaliyyət göstərən həm müştərilərin, həm bu sahədə xidmət göstərən işçilərin hüquqlarının qorunmasına yardım etməkdən ibarətdir”.
V.Bayramovun sözlərinə görə, maliyyə ombudsmanı bu gün Böyük Britaniya, ABŞ kimi ölkələrdə çox böyük uğurla fəaliyyət göstərir: "Bu qurum tək bankların problemlərini deyil, eyni zamanda siğorta şirkətlərinin, ipoteka şirkətlərinin, investisiya fondlarının, eləcə də digər maliyyə xidməti göstərən şirkətlərin fəaliyyətinin bu aspektdən tənzimlənməsinə xidmət edir”.
Ekspert əlavə edib ki, Azərbaycanda da maliyyə ombudsmanının yaradılması arzu olunan haldır: "Çünki bu ombudsman yaradılarsa, sözü gedən maliyyə şirkətlərinin, müştərilərin hüquqlarının qorunması baxımından önəmli addım atılmış olar. Bu ombudsmanın yaradılması problemli kreditlər məsələsinə müəyyən qədər təsir göstərsə də, bu problemlərin tam həll olunmasına ciddi təsir göstərəməyəcək. Problemli kreditlərin yaranma məsələsinin kökünə nəzər salsaq görərik ki, banklar ilk növbədə kredit verdiyi müştəriləri əsaslı sürətdə araşdırıb onlara kredit vermirlər. Bank sektorları sadəcə özlərinin irəli sürdüyü bir-iki qayda çərçivəsində bir-iki müştərinin işindən başqa heç nəyi araşdırmır. Bütün bunların nəticəsidir ki, problemi kreditlərin sayı günü-gündən artır”.
Ekspert vurğulayıb ki, maliyyə ombudsmanı yarandıqdan sonra banklar məhkəmələrə daha az müraciət edəcəklər: "Amma buna baxmayaraq, maliyyə ombudsmanı problemli kreditləri köklü sürətdə həll edə bilməsə də, bu problemli məsələni ən azından yumuşalda biləcək.
Biz maliyyə ombudsmanı yaradılmasına qarşı deyilik, əksinə tərəfdarıyıq. Ölkədə maliyyə ombudsmanı yaradılması ilə yanaşı Rusiyada olduğu kimi kredit borcları olanlar üçün müəyyən güzəşt etməlidir. Rusiyada kredit borcu olanların kredit borclarını ödəmək üçün inzibati metodlardan deyil, daha çox stimullaşdırıcı metodlardan istifadə edilir”.
Problemli kreditlərin tez həll olunmasının daha asan yollarının olduğunu deyən ekspert bunun üçün ilk növbədə inzibati metodlardan deyil, təşviqedici metodlardan istifadə olunmasına ehtiyac duyulduğunu deyib: "Bununla həm problemli kreditlərin həcminin azaldılmasına, həm də bu kreditlərin birdəfəlik həll edilməsinə nail olmaq olar”.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !