Azərbaycanda məişət zorakılığına məruz qalan uşaqların sayı artıb

10:17 | 20.11.2023
Azərbaycanda məişət zorakılığına məruz qalan uşaqların sayı artıb

Azərbaycanda məişət zorakılığına məruz qalan uşaqların sayı artıb

2023-cü ilin son 10 ayında məişət zorakılığına məruz qalanlar tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan 474 müraciətdən 250-i uşaqlara aiddir, bu da 2022-ci illə müqayisədə 169 uşaq və ya 208,6% çoxdur.

2022-ci ildə Ombudsman aparatına məişət zorakılığına məruz qalan uşaqlar tərəfindən 100 müraciət daxil olub ki, bu da 2021-ci illə müqayisədə 52 müraciət çox deməkdir.

UNICEF-in son hesabatına görə, dünyada hər 8 uşaqdan 1-i həyatının bir dönəmində cinsi istismara və ya istismara məruz qalıb. Avropada təxminən hər 5 uşaqdan 1-i cinsi zorakılığın qurbanıdır və onların 70-85%-i öz təcavüzkarını tanıyır. Zorakılığa məruz qalan uşaqların üçdə biri heç vaxt zorakılıq barədə heç kimə demir.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, uşaqlar bütün aşkar edilmiş insan alveri qurbanlarının dörddə birindən çoxunu (28 faiz) təşkil edir. Bütün dünyada 50 milyona yaxın uşaq sərhədləri aşaraq və ya sərhədlər daxilində miqrasiya edib və ya məcburi köçkün düşüb. Bu rəqəmin yarıdan çoxu, yəni 28 milyon  zorakılıqdan və etibarsızlıqdan qaçan oğlan və qızlardır. Hər il 15 yaşdan kiçik 41.000 uşaq qətl nəticəsində ölür.

Avropa Regionunda 18 yaşına çatmamış 18 milyon uşaq cinsi zorakılıqdan, 44 milyon fiziki zorakılıqdan və 55 milyon uşaq emosional zorakılıqdan əziyyət çəkdiyi təxmin edilir.

Mütəxəssislərin hesablamalarına görə, hər 10 uşaqdan 1-i 18 yaşına çatmamış cinsi istismara məruz qalır. Uşaqların 30%-i ailə üzvləri tərəfindən zorakılığa məruz qalır. 60%-ə qədəri ailənin etibar etdiyi insanlar tərəfindən sui-istifadə edilir. Qurbanların təxminən 35%-i 11 yaş və ya daha kiçikdir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirir ki, 2023-cü ilin statistikasında qaynar xəttə daxil olan zənglər uşaqların deyil, uşaqlara qarşı zorakılıq hallarının olması ilə bağlı əsasən vətəndaşların müraciətləridir.

"Son 11 ay ərzində ümumilikdə 1400 nəfər müraciət edib, ötən il isə 2000 nəfər müraciət edib.İstər məktəblərdə, istərsə də sosial şəbəkələr üzərindən qaynar xətlərin təbliğatı aparılır. Uşaqlar üçün bu qaynar xəttlər daha əlçatan olur. Buna görə müraciətlər daxil olur. Uşaqlar maarifləndikcə öz hüquqlarını qorumaq üçün artıq müstəqil müraciətlər edirlər. Demək düzgün təbliğat aparılır ki, uşaqlar müraciət edə bilir. Ailə, Qadın və Uşaq Kommutəsinə daxil olan müraciətlərin sayının artması faktın çoxalması ilə deyil, uşaqların məlumatlı olması ilə bağlıdır", - o əlavə edib.

Sosioloq Elçin Bayramlı bildirir ki, cəmiyyətdə gedən proseslər vəziyyəti kəskinləşdirir.

"Son illərdə belə halların sayı artır və getdikcə də artmağda davam edəcək. Cəmiyyətdə gedən proseslər, mənəvi deqredasiya, sosial problemlər və s. bu kimi məsələlər vəziyyəti kəskinləşdirir. Digər məsələlərdə olduğu kimi burada da vəziyyət pisləşir. Burada müxtəlif səbəblər, vəziyyətlər var, birmənalı fikir yürütmək çətindir. Ona görə ki, bir tip uşaqlar var ki, vaxtında valideyin tərəfindən düzgün tərbiyə verilməyib və ya çətin tərbiyə olunan uşaq kateqoriyasındadır. Valideynlər məcbur qalır tərbiyə etmək üçün uşağa sərt yanaşır, fiziki təsir edir. Bu uşağın gələcəyi üçündür. Onlarla bağlı da hansısa inzibati sərt tədbirlər görmək olmaz, bu barədə valideynlərə maarifləndirmə yolu ilə həmin uşaqlara necə tərbiyə olunmasının vacibliyi göstərilərək, psixoloji yardım göstərilərək kömək oluna bilər. Bir digər hal valideynin psixi hal, vəziyyəti ilə bağlı problemdir. Valideyn narkoman, alkoqolik və s. hər hansı problemli şəxs ola bilər ki, öz uşağına bu tip yanaşma qoysun. Təkrarlanan hallar olduqda həmin valideynlərin uşaqları normal ölkələrdə əllərindən alınır və valideynlik hüququndan məhrum edilir. Görürük ki, cəmiyyətdə maariflənmə heç bir nəticə vermir. Qəsdən kimlərsə nəsə edirsə, onların maariflənməsinin heç bir əhəmiyyəti yoxdur. Kim ki, bilmədən edirsə, bu zaman maarifləndirmə effekt verə bilər. Belə şəraitdə, qeyri-sağlam bir mühitdə uşaqların böyüməsi, formalaşması ölkədə kriminagen vəziyyəti ağırlaşdırır, narkomanların, cinayətkarların sayı artır, ağır psixi travma almış uşaqlar bunu gələcək həyatlarında hər hansısa bir formada göstərirlər. Bu həm cəmiyyət, həm də dövlət üçün təhlükə yaradır ", - sosioloq əlavə edib.

Elçin Bayramlı hesab edir ki, məsələ ilə bağlı dövlətin xüsusi siyasəti, proqramı olmalıdır.

"Bizdə bununla məşğul olan dövlət qurumu demək olar ki, yoxdur. El arasında "Arvad, Uşaq Kommitəsi" deyilən bir komitə var. Bu formal olaraq kağızdadır, nəyinki o bu sahələrdə vəziyyəti sağlamlaşdırır, əksinə öz fəaliyyəti və ya fəaliyyətsizliyi ilə daha da pisləşdirir. Daha da ildən-ilə vəziyyət sıradan çıxır. Sadə dildə desək, bu istiqamətdə dövlət siyasətini aparan orqan, aparan şəxslər daha da zərər vururlar. Həm dövlətin maliyyəsin alır, xərcləyirlər, həm də zərər vururlar. Ona görə də, başqa dövlət proqramı qəbul olunmalı, xüsusi hər hansısa dövlət təşkilatı məhz uşaqlarla bağlı yaradılmalıdır. Tək zorakılığa məruz qalan yox, ağır sosial-iqtisadi vəziyyətdə yaşayan uşaqlar, küçə uşaqları, narkomaniya və s. zərərli vərdişlərə qurşanan uşaqların reabilitasiyasi, tərbiyəsi üçün xüsusi mərkəzlər təşkil edilə bilər. Uşaqların xüsusilə övladsız ailələrə verilməsi  təşkil edilə bilər. Uşaqlar xüsusi internat tipli məktəblərə yerləşdirilə bilər. Əgər biz sağlam gələcək istəyiriksə, dövlət bu sahədə işləməlidir. İndiki kimi yox, bu sahədə heç bir fəaliyyət yoxdur.  Bu yalnz dövlətin işi deyil, burada Qeyri-Hökümət Təşkilatları, çox sayda uşaq təşkilatları var ki, dövlətdən xeyli qrantlar alırlar, amma buklet çap edib, 5-6 nəfər yığılıb tədbir keçirməklə guya iş apardıqlarlnı göstərirlər, lakin bu sahədə heç bir iş yoxdur. 1-2 uşaq təşkilatı var ki, praktik müəyyən işlər həyata keçirir, qalanları isə cəmiyyətə heç bir əhəmiyyət vermir", - o əlavə edib.

Sosioloq bildirir ki, məsələnin digər tərəfi uşaqların asudə vaxtının təşkili üçün imkanlar yoxdur.

"Onların yaradıcılıq, idman mərkəzlərinə qoyulması üçün maddi imkanı çatmır. Sovet dövründə bunların hamısı pulsuz idi. İndi isə kursların qiymətlərinin aylığı 50-100 manatdan başlayır. Nəticədə də uşaqlar küçələrə tərk olunur, ya  da internetdə zərərli, psixotrom təsirlərə məruz qalır. Tərbiyəsi pozulur, ailədə artıq hər hansı  bir formada zorakılıq görür, yaxud özü zorakılıq edir. Bu artıq kompleks bir problemdir. Həm cəmiyyətin, həm dövlətin həll etməli olduğu məsələdir. Vaxtında həll edilməsə, yaxın gələcəkdə çox ağır fəsadlar verəcək", - o söyləyib.

18 noyabr Avropa Uşaqların Istismardan və Cinsi Zorakılıqdan Müdafiə Günü kimi qeyd olunur.
 
Aygün Mirakif 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM