Azərbaycanda neft və benzin istehsalı azalıb

14:04 | 19.12.2014
Azərbaycanda neft və benzin istehsalı azalıb

Azərbaycanda neft və benzin istehsalı azalıb

Bu ilin 11 ayının göstəricilərinə görə, emal sənayesində 7 milyard manatlıq məhsul istehsal olunub.

ANN.Az xəbər verir ki, "Bizim Yol” qəzetinin yazdığı xəbərə görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çoxdur. Doğrudur, bu sahədə artım qeydə alınsa da, bəzi sektorlar üzrə istehsalatda ciddi azalmalar müşahidə edilməkdədir. Xüsusilə neft məhsullarının emalında əhəmiyyətli azalma göstərilir.

Beləliklə, qeyri-neft emalı sənayesində xüsusi artım içki və tütün məhsullarının istehsalında hiss olunur. Çox maraqlıdır ki, bu sahədə həm də idxalda artım yüksəkdir. Belə aydın olur ki, ölkədə tütündən istifadəçilərin sayı çoxalır. Beləliklə, bu ilin on bir ayında içki istehsalında 9.1 faiz, tütün məmulatlarının istehsalında 1.8 dəfə artım baş verib.

Dəri və dəri məmulatları, ayaqqabı, kağız və karton, əczaçılıq məhsulları, kompüter və digər elektron avadanlıqları və sair sahələrdə məhsul istehsalında əhəmiyyətli azalma müşahidə edilməkdədir. Misal üçün bildirək ki, geyim istehsalında 65 faiz, toxuculuq sənayesində 6,7 faiz, ayaqqabı və dəri istehsalında 50,8 faiz azalma baş verib.

Dövlət Statistika Komitəsinin və Dövlət Gömrük Komitəsinin məlumatlarında, əsasən deyə bilərik ki, paradoksal məqamlardan biri də qida məhsullarının həm istehsalında, həm idxalında artımın olmasıdır. Məsələn, ət, pendir və kəsmik, kərə yağı, buğda, tütün məmulatlarının həm istehsalında, həm də idxalında artım müşahidə edilir. Tələbatın artmasını heç də əhalinin alıcılıq qabiliyyəti ilə izah etmək olmaz. Çünki Dövlət Statistika Komitəsinin statistikasına görə, əhalinin ümumi gəlirlərində 4 faizlik artım baş verib. Lakin bu artım istehlak xərclərinə təsir göstərməyib. İnsanların qazanclarının 69,5 faizini istehlaka yönəltməsi aşağı təbəqənin gəlirlərinin artmamasından xəbər verir. İqtisadi prinsiplərlə yanaşdıqda, insanlar gəlirlərinin böyük hissəsini qidalanmağa ayırırsa, demək ki, qazancları azalıb, qiymətlər isə bahalaşıb.

Neft məhsullarının istehsalına gəlincə, Dövlət Neft Şirkətinin hasil etdiyi neftin istehsalının həcmi 2,4 milyard manat olub. Bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 6.8 faiz azdır. Əhəmiyyətli azalma isə avtomobil benzininin istehsalında özünü göstərir. Belə ki, ilin on bir ayında 1,1 milyon ton benzin  istehsal olunub ki, bu da ötən illə müqayisədə 14 faiz aşağıdır.

Ölkəmizə yatırılan sərmayələrə gəlincə, ilin 11 ayında bütün maliyyə mənbələrindən əsas kapitala 14,6 milyard manat vəsait yönəldilib. Onun dörddə üç hissəsi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Ümumi sərmayənin 51,7 faizi dövlət, 48,3 faizi özəl sektorun payına düşür.   

Əlbəttə, strukturuna nəzər yetirdikdə, investisiyanın böyük bir qismi daxili mənbələrin üzərinə düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 70 faizini təşkil edir, onun da 70,2 faizi dövlət bölməsinin payına düşür. İnvestisiyaların strukturuna gəlincə,

- müəssisə və təşkilatlar tərəfindən yatırılan sərmayələrin həcmi 7,6 milyard manat
- büdcədənkənar fondların vəsaitləri 304 milyon manat
- bank kreditləri hesabına 495 milyon manat
- büdcə vəsaitləri hesabına 5,7 milyard manat
- sair vəsaitlər 66,2 milyon manat təşkil edib

Burada maraqlı məqamlardan biri banklar tərəfindən əsas kapitala yönələn vəsaitlərin həcminin azalmasıdır. "Statkom"un məlumatından belə aydın olur ki, bu istiqamətdə yönəldilən investisiyalar 35 faiz azalıb. Eyni proses büdcə vəsaitlərində də hiss olunmaqdadır. Amma əhalinin şəxsi vəsaitləri və müəssisələr vasitəsilə qoyulan sərmayələrdə yüksəliş göstərilir. Bunun da çox güman ki, başlıca səbəblərindən biri Bakıda "söküntü bumu"nun geniş vüsət alması olub. Söküntülərlə əlaqədar olaraq vətəndaşlara verilən kompensasiyalar hesabına fərdi yaşayış evlərinin tikintisinə qoyulan pul artıb. Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında əsas kapitala yönələn vəsaitin 45,2 faizi sənaye sahəsinə, 20 faizi tikintiyə, 6 faizi istirahət, əyləncə və incəsənətə, 3 faizi təhsilə və ticarətə, 2 faizi kənd təsərrüfatına və sairə sərf edilib.

Ölkəyə yatırılan ümumi sərmayədə xarici kapitalın həcminə gəlincə, 4.4 milyard manat təşkil edir. Burada səkkiz dövlətin-Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran, Rusiya və Yaponiyanın payı ümumi yatırımların 92 faizini təşkil edir- 4,04 milyard manat. Xarici ölkələr və təşkilatlar üzrə bölgü aşağıdakı kimidir:

Böyük Britaniya -1,4 milyard manat (32 faiz)
Norveç- 812 milyon manat (18,5 faiz)
Türkiyə - 380,6 milyon manat (8,6 faiz)
ABŞ - 346 milyon manat (7,9 faiz)
Fransa -300 milyon manat (6,8 faiz)
İran 267,2 milyon manat (6,1 faiz)
Rusiya - 267,2 milyon manat  (6,1 faiz)
Yaponiya - 247,2 milyon manat (5,6 faiz)
Çexiya - 132,4 milyon manat (3 faiz)
Hindistan - 38,6 milyon (0,9 faiz)
Sinqapur - 704 min manat
Almaniya -628,3 min manat
İtaliya -91,1 min manat
Niderland- 492,9 min manat
Dünya Bankı- 114,7 milyon manat (2,6 faiz)
Asiya İnkişaf Bankı- 62,9 milyon manat (1,4 faiz)
Avropa Yenidənqurma və İnkişaf Bankı- 3,2 milyon manat (0,1 faiz)

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM