"Dövlət Miqrasiya Xidmətinə ən çox müraciət olunan problemlərdən ən əsası xarici ölkədən gətirilərək, ölkəmizdə işlədilən vətəndaşlarla bağlıdır".
Bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəhbəri Firudin Nəbiyev "Caspian European Club"da keçirdiyi biznes forumda deyib.
Xidmət rəhbərinin bildirdiyinə görə, Azərbaycanda vətəndaşlıq almaq istəyən şəxslər uzun müddət ölkəmizdə yaşamalı və yeni qanunda da təsdiq olunduğu kimi, Azərbaycan dilini yaxşı bilməli, Azərbaycanın qanunvericiliyi haqqında məlumatlı olmalı, dil məsələsi ilə əlaqədar test imtahanından müvəfəqqiyət qazanmalıdır, belə şəxslərə daimi yaşamaq hüququ verilir.
Xidmət rəhbəri Dövlət Miqrasiya Xidmətinə ən çox müraciət olunan problemlərdən söz açarkən qeyd etdi ki, bu sahədə ən əsas problemlərdən biri xarici ölkədən gətirilərək ölkəmizdə işlədilən vətəndaşlarla bağlıdır: "Bu qanun pozuntuları artıq artmaqdadır, həmin miqrantların hüquqlarının pozulmasının qarşısının alınması üçün biz həmin şirkətlərlə danışıb bu problemləri daha yaxından araşdırırıq. Bu problemlərin aradan qaldırılmasında həmin şirkətlərin də köməyi çox olur. Biz həmin şirkətlərlə dialoq qurub bu problemli məsələləri aradan qaldırırıq".
Dövlət rəsmisi qanunsuz yaşayan miqrantlardan danışarkən ifadə etdi ki, 2007-ci ildən 2014-cü ilə qədər olan müddətdə ölkə ərazisində qanunsuz yaşayan miqrantları sayı kəskin şəkildə azalıb. Azərbaycan ərazisinə gələn xarici ölkə vətəndaşları qanuni qaydalar əsasında sənədləşdirilir və ölkə ərazisində yaşama hüququ verilir.
www.ann.az