Azərbaycanda yaşayan lüteranlar - işıq da alman hesabı ilə yandırılır - FOTOLAR

17:00 | 05.11.2016
Azərbaycanda yaşayan lüteranlar - işıq da alman hesabı ilə yandırılır - FOTOLAR

Azərbaycanda yaşayan lüteranlar - işıq da alman hesabı ilə yandırılır - FOTOLAR

Almanlar sürgün olunduqdan sonra ermənilər onların evlərini zəbt ediblər

Azərbaycanda müxtəlif millətlərin nümayəndələri ilə yanaşı, ayrı-ayrı dinlərin təmsilçiləri də yaşayır. Onlar heç bir qadağalara məruz qalmadan sərbəst şəkildə öz dini ibadətlərini həyata keçirə, mədəniyyətlərini nəsildən-nəsilə ötürə bilirlər. Azərbaycanda lüteranların sayı çox olmasa da, protestantlığın başlıca istiqamətlərindən sayılan lüteranlığın dini icması var.
 
"Report"un əməkdaşları üzvlərinin əksəriyyəti mənşəyində almanlarla qohumluq əlaqəsi olan Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının ofisində olub, icma sədri və üzvləri ilə yaxından tanış olublar.

Alman hesabı ilə istifadə edilən elektrik enerjisi 

Qurumun sədri Vera Viktorovna Nesterevo və icmanın bir neçə üzvü bizi qapıda qarşılayır. Binanın blokunda giriş qaranlıq olsa da, icmanın yerləşdiyi mənzilin qarşısına ayaq qoyanda işıqlar yanır. V.Viktorovna elektrik enerjisindən alman hesabı ilə istifadə etdiklərini deyir: "Lazım olmayanda sönür" (gülür).

Əksəriyyəti babası və ya nənəsi, xalası, bibisi vasitəsilə almanlara bağlı olan bu insanlar olduqca mehriban, gülərüzlü və sadədirlər. Bir neçə otaqdan ibarət ofislərinə daxil olanda təmirsiz bir məkanda divarlara asılan maraqlı şəkillər, müxtəlif dini aksessuarlar, pəncərə qarşısına yığılan dibçəklər insanın ruhuna sakitlik verir.
Vera xanım mənzilə daxil olan kimi tələsik bağlı stullardan açıb düzür, başqa biri çay qoymaq üçün mətbəxə keçir, digəri isə dibçəkdəki güllərin qayğısına qalır. Buranı doğma evləri kimi əzizləyən icma üzləri iki dəqiqənin içərisində insanda qonaqpərvər olduqlarına dair fikir yaradırlar.

Lüteranlığın tarixi haqqında bir neçə söz

Gələn il lüteranlığın yaranmasının 500 illiyi qeyd olunacaq. Lüteranlıq - protestantlığın başlıca istiqamətlərindən biridir. 1517-ci ildə (XVI əsr) Almaniyada reformasiya (islahat) dövründə yaranıb. Əsasını almaniyalı professor Martin Lüter qoyub. İdeya əsasını Bibliya, "Razılıq kitabı", İncil və Apostol müraciətnamələri təşkil edir. Lüteranlıq ayinlərin sadələşdirilməsi uğrunda çıxış edir, boşanmaya və ikinci dəfə nikaha icazə verir və s. Katolik kilsəsi lüteranların islahatla bağlı fikirlərinə nə qədər sərt reaksiya versə də, yüzə yaxın tezislərlə gündəmə gələn lüteranlıq qısa müddətdə geniş yayılıb.

Məzhəb qarşıdurması yalnız müsəlman aləminin problemi olmayıb

İcma sədri bildirir ki, indi Almaniyada əhalinin yarısı lüteran, yarısı isə katolikdir. Şimali Avropa, Norveç, İsveç, Finlandiya kimi ölkələrin əhalisinin də əksəriyyəti lüteranlardır. İrlandiyanın 99 faizi lüteranlardır. Cənubi Afrikada da lüteranlar var. 

İcmanın üzvü Rita Paşayevanın sözlərinə görə, almanların yaşadqıları müxtəlif ölkələrdə lüteran icmaları yaranıb.

Tarixdən bildiyimiz "Varfolomey gecəsi" lüteranlar üçün dəhşətli tarixdir. 1572-ci il avqustun 24-də Fransada bir gecədə minlərlə insan protestant olduğu üçün qətlə yetirilib.

Rita xanım deyir ki, Almaniyada lüteranlar bir-biri ilə çox gözəl anlaşırlar: "Almaniyada lüteran və katolik kilsələri eyni küçədə yerləşir. Katolik kilsələri daha böyüklüyü və zənginliyi ilə nəzərə çarpır. Katolik kilsələri daha əvvəldən tikilib". 

İcma üzvlərinin sözlərinə görə, vaxtilə Martin Lüter katoliklərin kilsələrində bütün aksessuarların qızıldan hazırlandığını görüb. Nəticədə sadə adamlar bu cür zəngin yerə daxil olanda özünü pis hiss edirmiş. Ona görə də lüteran kilsələrində ikonalar, bahalı əşyalar yoxdur.

Lüteranlığın daşıyıcısı almanların Azərbaycana gəlməsindən 200 il ötür

Vera xanım almanların Azərbaycana 200 il əvvəl köçürüldüyünü söyləyir: "1817-ci ildə General Yermolov almanların ilk dəstələrinin Azərbaycana yerləşdirilməsi barədə göstəriş verib. Almanların Azərbaycana ilk kütləvi köçü isə 1817-1819-cu illərə təsadüf edir. Azərbaycana yerləşdirilmiş almanlar Vürtemburq krallığının sakinləri olublar. Alman ailələri Şəmkir yaxınlığında Helenendorf (Göygöl rayonu) və Annenfeld adlı iki koloniya salıblar. Yaşayış məntəqəsi plan üzrə salınıb. Bu koloniyalardan başqa almanlar Azərbaycanda Georqsfeld, Qrünfeld, Ayxenfeld, Traubenfeld, Yelizavetinka kimi kəndlər də salıblar. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda yaşayan almanların əksəriyyəti xristianlığın protestantlıq qoluna etiqad ediblər. 1857-ci ildə Helenendorfda protestant kilsəsi tikilib. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilərək istifadəyə verilib. Hazırda Şəmkirdə, Göygöldə restavrasiya edilmiş kirxalar var. Lüteran kilsəsi Göygöldə tarix muzeyi kimi fəaliyyət göstərir. Şəmkirdə isə kilsə kimi qalır və ibadət etmək olar. Türkiyədə də lüteranlar var, almanlar və qarışıq nikahlardan doğulan insanlardır. Bu yaxında bizə qonaq da gəlmişdilər". 

İcma sədrinin sözlərinə görə, o zaman almanların Azərbaycana gəlmələrinin səbəbi yaşadıqları ərazilərdə çətin şərait, torpaq çatışmazlığı və s. olub:
 
"Almaniyanın həmin dövrdəki qanunlarına görə, valideynlərin mirası sadəcə kiçik övlada qalırdı. Ailələrdə isə çox uşaq olurdu. Dolana bilməyən alman ailələri yeni yerlərə köçmək istəyirdilər. Almanların Cənubi Qafqaza gəlməsi də həmin tarixə təsadüf edir. O zaman Cənubi Qafqazda erməni dövləti olmadığından almanlar sadəcə Gürcüstan və Azərbaycana yerləşdirilmişdi. Azərbaycan torpaqlarına yerləşdirilən almanlarla yerli əhali arasında heç bir qarşıdurma qeydə alınmayıb".

Sədr deyir ki, 1939-cu ildə Azərbaycanda 13 133 nəfər alman yaşayırdı: "1989-cu ilin siyahıyaalınmasına görə, onlardan cəmi 748 nəfəri qalıb. Bunun da 134-ü Bakıda yaşayırdı. Hazırda isə ölkədə 500 nəfər qarışıq nikahların törəməsi olan almanlar yaşayır".

Azərbaycandakı almanlar niyə azalıb?

1941-ci ilin sentyabrında Stalinin əmri və Mikoyanın təşəbbüsü ilə təqribən 20 mindən çox Azərbaycan vətəndaşı olan almanlar heç bir tutarlı dəlil olmadan Sibirə və Qazaxıstana sürgün ediliblər. İcmanın üzvləri vurğulayırlar ki, sürgün vaxtı yolda ölənlər, sonradan getdikləri yerdə aclıqdan və soyuqdan tələf olanlar da çox olur. Bir çoxu isə orada məskunlaşdıqları üçün sonradan Azərbaycana dönmürlər. Qeyd edək ki, onların evlərinin çoxuna Mikoyanın havadarlığı ilə ermənilər yerləşdirilib. Tarixdən də məlumdur ki, 1941-ci ildə almanlar Xanlardan (indiki Göygöl rayonu) sürgün edilənədək rayon ərazisində bir nəfər də erməni yaşamayıb. Almanlar sürgün olunduqdan sonra ermənilər onların evlərini zəbt ediblər. Göygöl, Şəmkir, Daşkəsən, Gədəbəy rayonlarında almanlar tərəfindən xeyli yaşayış məntəqəsi salınıb. Azərbaycan almanlarının inşa etdikləri məşhur tiklilərin bəziləri Bakıda yerləşir.

Xilaskar Yevangelik Lüteranların Bakı dini icması dövlət qeydiyyatına alınıb

Vera xanım bildirir ki, Bakıda lüteran dini icması 1994-cü ildə yaradılıb və dövlət qeydiyyatından keçib: "Azərbaycandakı 500 alman əsilli vətəndaşların yüzdən çoxu icmamızın üzvüdür. Repressiya illərində lüteranların nəinki icması, kilsəlsi də bağlanıb. Sovet dövründə tək lüteranlara yox, bütün dinlərə qarşı eyni vəziyyət sərgilənib. Katoliklərin kilsəsi tamamilə dağılsa da, bizim Bakıdakı kirxa təsadüf nəticəsində qalıb".

Kirxanın işinə yarayan ölüm

1936-cı ildə Kirov öldükdən sonra onun abidəsi kirxa çox hündür olduğu üçün orada hazırlandığından emalatxana kimi istifadə olunan kilsə sökülməyib. Almanlar Sibirə, Qazaxıstana deportasiya edildiyindən həmin kirxa emalatxana kimi qalıb. Azərbaycanın müstəqilliyinin bərpasından sonra buradakı almanlar yavaş-yavaş bir araya gəlməyə başlayıblar.

Müstəqilliyin bərpasından sonra Azərbaycandan gedən almanlar da olub. Amma onların bəziləri Almaniya dövlətinin irəli sürdüyü dil, adət-ənənə ilə bağlı tələbələrə istənilən şəkildə cavab verə bilmədiyindən getmək arzuları reallaşmayıb. Həm uzun illər Azərbaycanda yaşayan, burada doğulub böyüyən almanlar üçün Azərbaycan çoxdan doğma vətən olmuşdu.

"İbadət üçün kirayəni ödəməkdə çətinlik çəkirik"

"Lüteran kilsəsi hazırda dövlətin balansındadır, Kamera və Orqan Musiqi Zalı kimi fəaliyyət göstərir. Həftədə bir dəfə öz kilsəmizdə bir-iki saat ibadət etmək üçün 20 manat ödəməyimizdən narahatıq. Üzvlərimizin çoxu yaşlı insanlar olduğundan məbləği toplamaqda çətinlik çəkirik. 20 il bundan əvvəl Almaniya səfirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında müqavilə var idi və ibadət üçün ildə cəmi 1 ABŞ dolları ödəyirdik. Bu da simvolik bir məbləğ idi. Amma daha sonra məbləğ 20 manata yüksəldi. Biz sponsorlar axtarıb tapırıq və onlar bizə kömək edirlər", - deyə Vera xanım bildirir.
 












www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM