Yeniyetmələr arasında cinayətkarlıq niyə artır? - Ekspertlər danışır

18:46 | 26.02.2024
Yeniyetmələr  arasında cinayətkarlıq niyə artır? - Ekspertlər danışır

Yeniyetmələr arasında cinayətkarlıq niyə artır? - Ekspertlər danışır

2023-cü il Azərbaycanda cinayət törədən 14-17 yaşlı uşaqların sayı 2022-ci illə müqayisədə 14,1% artıb. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilib. 

Bundan əvvəl "Numbeo” analitik informasiya təşkilatının yanvarda açıqlanan hesabatına görə, Azərbaycan Cənubi Qafqaz üzrə cinayət indeksində 146 ölkə arasında 114-cü yerdə qərarlaşıb. 2022-ci il Azərbaycan bu statistika üzrə 111-ci yerdə olub. 
 
Son günlərdə yeniyetmələrin bir-birini aşağılamağı, kəsici alətləri üzərlərində daşımağı özlərinə fəxr bilərək təbliğ etməsi ilə bağlı video görüntülər sosial şəbəkədə yayılır.
 
Bəs gənclər arasında neqativ halların artmasında kim günahkardır?

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov qeyd edir ki, gənclər arasında cinayət törətmək hallarımın artmasına bir çox amillər təkan verir.
 
"Aparılan araşdırmalar göstərir ki, son zaman baş verən zokarılıq və cinayət hallarının yarısından çoxu 10-24 yaşlı gənclərlə bağlıdır. 2016-cı ildə Avstraliya Kriminologiya İnstitutu (AIC) tərəfindən açıqlanan hesabat göstərir ki, gənclər arasında cinayət törətmə hallarının artmasına bir amilin deyil, bir çox amillərin təkan verdiyini demək daha doğru olar. Bu amillər isə özlüyündə üç kateqoriyaya bölünür - fərdi, ailə və cəmiyyət.
 
Gənclərin cinayətinə səbəb ola biləcək fərdi amillərə psixi sağlamlıq problemləri, narkotik maddələrdən sui-istifadə və zorakılığa məruz qalma, ailə faktorlarına isə valideyn laqeydliyi və ya sui-istifadə, həmçinin qeyri-funksional evdə böyüdülmə daxildir. Nəhayət gənclər arasında cinayəti təşviq edə bilən ictimai amillərə, sosial təcridlər daxil edilir.
 
Bu amillərin hər birinin, gəncin özünü necə aparması və ətraf aləmlə münasibət qurmasında çox böyük rol oynadığı məlumdur. Bəzi amillər insanın cinayət törətmək ehtimalını artıra bilər, digərləri isə insanı cinayətkarların hədəfinə və ya təsirinə məruz qalmağa daha həssas edə bilər. Lakin bütün bunlardan əvvəl biz bir faktı unuduruq, o da məhz valideyn rolu və onun uşağın həyatına olan başlıca təsiridir”, - Rüstəmov söyləyib.
 
Psixoloqun sözlərinə görə, bu gün bir çox valideynlər təlim-tərbiyə prosesində fərqində olmadan çox ciddi səhvlərə yol verirlər.
 
"Onlardan ən vacibi problemləri həll etməkdən boyun qaçırmaq, baş verənləri həddən artıq qiymətləndirmək və ya qiymətləndirməməkdir. Valideynlər problemləri kiçik hesab etdikdə, övladlarının emosiyalarını potensial olaraq etibarsız görürlər və beləcə onlara problemlərdən və ya səhvlərdən qaçınmağı öyrətməkdən də məhrum olurlar. Əksinə problemləri və ya hadisələri həddindən artıq qiymətləndirən valideynlər mənfi vəziyyətləri fəlakətə çevirən və daim uşağa səhvləri vurğulayan öyrənilmiş davranışlar yaradırlar.
 
Digər bir səbəb valideynin uşaqdan olan qeyri-real gözləntiləri və planlarıdır. Bir valideynin reallığı əks etdirməyən və övladının fikirlərinin nəzərə alınmadığı istəklərdə ona təzyiq göstərməsi uşağın deyil birbaşa valideynin öz problemidir. Mütəxəssislərin fikrincə, bu məsələdə ən doğru qərar gözləntilərinizin uşağın zehni və fiziki inkişafı ilə eynilik təşkil etməsidir. Valideynlərin uşaqları ilə bağlı qeyri-real gözləntiləri mükəmməlliyyətçiliyin də qeyri-real standartlarını qoyur. Uşaqların əksəriyyəti, xüsusən də valideynləri tərəfindən qəbul edildiyini hiss etmək istəyir. Onlar bu gözləntiləri yerinə yetirməyəndə sizin məyusluğunuzu hiss edirlər, artıq dolayı yolla siz övladınızda ciddi psixoloji problemlərin əsasını qoymuş olursunuz. Beləliklə uşaqda yaranan özgüvən hissinin aşağı olması, özünə hörmətin azalması kimi problemlər onun ailədə və cəmiyyətdə özünü aqressiv, qanunsuz, düzgün olmayan davranışlar vasitəsilə təsdiq etməsinə gətirib çıxaran əsas səbəbdir. Mütəxəssislər qeyd edirlər ki, valideynlərin verdiyi tərbiyə və ya nizam-intizam, uşağın həyat şəraitləri ilə uyğun gəlmirsə, bu, yanlış ünsiyyət və qarışıq siqnallar yaradacaqdır. Uşağın tərbiyə prosesində valideynlər arasında bir-birini təkzib edən digər bir məqam, uşağa istədiyi hər şeyi verməklə, onun arzularına məhdudiyyətlər qoymaq arasındakı ziddiyyətdir. Uşaqlarınıza istədikləri hər şeyi etməyə icazə verərək onlara yaxşılıq etdiyinizi düşünə bilərsiniz, lakin əksər uşaqlar, xüsusən də kiçik yaşlılarda bu proses vərdiş halını alaraq, gələcək yaşlarda zorakı və aqressiv davranışlara, müxtəlif davranış pozuntularına gətirib çıxararır. Valideynin norma daxilində məhdudiyyətlər qoyması uşağın gün ərzində nələrə sahib olacağını bilməsinə, məhdud seçimlər təklif etməsi isə uşağın ardıcıl rutinlərə riayət etməsinə və onları səbrlə gözləməsinə kömək edəcəkdir”, - o əlavə edib.
 
Rüstəmov valideynlərin qaydaları və ya məhdudiyyətləri olmadıqda, uşaqda əsəbilik, düşmənçilik, itaətsizlik və diqqətin yayınması kimi ciddi mənfi davranışların yarandığını söyləyib.
 
"Getdikcə bu davranışlar uşağın psixikasında özünü pozuntular şəklində biruzə verir. Bu isə valideyn nəzarətinin mümkün olmadığı və bir fayda vermədiyi haldır. Qeyd edək ki, uşaqda təzahür edən bu cür mənfi davranışlar heç bir yaş dövründə normal deyildir və korreksiya olunması vacib olan davranışlardır. Valideyn uşağın psixologiyasında və davranışlarında belə hallar müşahidə etdiyi ilk andan psixoloqa müraciət etməli və birlikdə problemin həllinə yönəlmiş tədbirlər həyata keçirilməlidirlər. Eləcə də uşağın tərbiyəsində önəmli bir hissəni əhatə edən məktəb dövründə, məktəb psixoloqlarının bu kimi məsələlərə münasibəti çox vacib nüansdır. Qısacası valideyn uşağın üzləşdiyi çətinliklər zamanı, qətiyyən psixoloji və fiziki şiddət göstərməməli, əksinə, baş verən hadisənin nəticəsini ibrət formasında başa salmalıdır. Bu zaman uşaq üçün "mənasız” səbəblər və "olmaz!” sözünün yaratdığı aqressiya deyil, nəticəni bilməyin yaratdığı - valideyni təqlid etmə davranışı özünü göstərir”, - o deyib.
 
Psixoloq hesab edir ki, uşağın xarakteri valideynlərin xarakterinin ən yaxşı göstəricisidir və ona uyğun olaraq inkişaf edir. Uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var.
 
"Tərbiyə – uşaqda yeni imkanların, bacarıqların yaradılması deyil, onda mövcud olan imkanların qidalandırılmasıdır. Tərbiyə prosesində şiddətin hər növü düzgün olmayan seçim və bir şəxsiyyətin yetişməsinə əngəl olan maneədir. Təhqirə və şiddətə məruz qalmayan uşaq şəxsiyyət kimi yetişir, özünü bir insan kimi qəbul edir. Nəhayət biz uşağın tərbiyəsinə onu tanımaqla başlamalıyıq. Məşhur deyimdə deyildiyi kimi "Övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin””, - Rüstəmov bildirib.
 
Elm və Təhsil komitəsinin deputatı Ceyhun Məmmədov hesab edir ki, qanunda valideynlər üçün müəyyən cəzaların nəzərdə tutulması məsələsinə baxılmalıdır.
 
"Burada məktəb də, ailə də məsuliyyət daşıyır. İlk növbədə kompleks işlər görülməlidir. Biz məktəb direktorlarının seçiminə çox diqqətlə yanaşmalıyıq. Məktəb direktorunun təyinatında yalnız onun savadı rol oynamalı deyil, eyni zamanda onun təcrübəsi, uşaqlarla işləmək bacarığı önəmlidir. Məktəblər ailələrlə sıx işləməlidir. Bizim televiziyalarımızda təəssüf ki, daha çox şou proqram, ailə məsələlərinə, pozulmuş ailələrə, ailə davalarına yer ayırırlar. Daha çox maarifləndirmə, təbliğat işləri aparmalıyıq. Uşaqların bıçaq gəzdirmə məsələlərinə məktəbdə ciddi nəzarət olmalıdır. Bu nəzarət ən yüksək səviyyədə təşkil etməlidir. Psixiolojik problemi olan, tərbiyəsi yerində olmayan uşaqlara individual yanaşma olmalıdır. Biz yayılan videolara baxanda da görürük ki, o qızın tərbiyəsi, əxlaqı yerində deyil. Burada kompleks iş olmalıdır. Məktəb düşünməməlidir ki, onun işi bilik vermək deyil, onun işi həm də tərbiyə verməkdir. Tərbiyə tədris prosesi güclənməlidir. Valideynlər övladlarının tərbiyəsinə görə, məsuliyyət daşımalıdırlar, məsuliyyətdən kənarda qalmamalıdırlar. Qanunda bununla bağlı valideynlər üçün də müəyyən cəzaların nəzərdə tutulması məsələsinə baxılmalıdır”, - Məmmədov qeyd edib.
 
Deputatın sözlərinə görə, günahı sosial şəbəkədə görmək kökündən yanlış olan yanaşmadır.
 
"Hamı günahı sosial şəbəkədə görür. Bu kökündən yanlış bir məsələdir. Guya sosial şəbəkə bağlansa cinayət olmayacaq? Bunu deyən adamların çoxu bilmir ki, sosial şəbəkə nədir. Heç bilmir TikTok nədir amma deyir ki, TikTok bağlanmalıdır. Sən get orada tərbiyəvi paylaşımlar et. Sosial şəbəkələr bir bıçağa bənzəyir. Sən onu yaxşı məqsəd üçün də istifadə edə bilərsən, pis mənada da. Gəlin biz onu yaxşı mənada istifadə edək. Ora yaxşı, tərbiyəli videolar qoyaq, oradan gənclər yaxşı şeyləröyrənsin. Orada  müəllimlərimiz yox, digərləri fəaldır, nəticə də budur. Günah məktəbdə, valideyndə, Mərkəzi İcra Hakimiyyətindədir. Bu həyəcan təbilidir. Yoxsa hamı günahkardır. Valideyn övladına normal tərbiyə verməyibsə, məktəb uşağa nəzarət edə bilmirsə, burada sosial şəbəkənin günahı nədir?”, - o əlavə edib.
 
Deputat baş verən hadisələrin əsas səbəbini aidiyyatı qurumların heç bir iş görməməsi ilə əlaqələndirib.
 
"Daha pis hadisələrin baş verməsinin əsas səbəbi aidiyyatı qurumların heç bir iş görməməsir. Biz danışandan sonra bununla bağlı hansı proqram qəbul olunub? Bununla bağlı məktəblərdə hansı layihələr həyata keçirilib?  Elm və Təhsil Nazirliyi tədbirlər planı hazırlamalıdır. Məktəblərə ziyalıları çağırmalıdır. Gənclərlə məktəblərdə bu istiqamətdə söhbətlər aparılmalıdır. Bizim milli mənəvi dəyərlərimiz təbliğ olunmalıdır. Ciddi cəza tədbirləri görülməldir. İctimaiyyətə məlumat verilməldir ki, bu hadisə oldu və tədbir görüldü”, - Məmmədov vurğulayıb.  
 
Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, valideynlər 1-3, 1-5 yaş dövründə uşaqlarına daha çox diqqət ayırmalı, onlara öyrətdikləri tərbiyəni daha da təkminləşdirməlidir.
 
"Uşaqların,xüsusilə də məktəbli uşakların son dövrlər cinayət və şiddətə meyl etməsinin bir çok səbəbi var. Bunun ən başlıca səbəbi erkən yaş dövründə cinayətə, şiddətə meyilli uşaqların düzgün valideyn tərbiyəsi almamasından irəli gəlir. Vacib olan odur ki, uşaqlar erkən yaşda, xüsusilə 1-3, 1-5 yaş dövründə valideynləri ilə daha çok ünsiyyətə olsun, valideyn tərəfindən ilkin tərbiyə metodları, üsulları onlara öyrədilsin. Tədricən həmin uşaqlar, istər məktəbəqədər təhsil pilləsində, istəsər də iptidai təhsil pilləsində valideynlərin öyrətdikləri tərbiyəni daha da təkminləşdirməlidirlər. Adətən bu kimi məqamlarda günahı ya təhsil müəssisəndə, ya da müəllimlərdə axtarırıq. Bu yanlış düşüncədir. Vacib olan odur ki, uşak təhsil müəssisəsində müvafiq olaraq müəyyən fənlərlə bağlı təhsil alsın. Məktəbin birbaşa funksiyası tərbiyə deyil. Məktəb konkret olaraq təhsil və müəyyən qədər tərbiyə verir. Şagirdə müəyyən bilik bacarıqları vermək və həmin bilik bacarıqları formalaşdırmaq məktəbin əsas funksiyasıdır”, - ekspert qeyd edib.
 
Onun sözlərinə görə, son dövrlərdə efir məkanında bayağılaşma cəmiyyətin deqradasiyasına gətirib çıxarır.
 
"Son dövrlərə baxsaq, görürük ki, informasiya texnologiyalarının inkişafı, efir məkanında bayağılaşma, sosial məişət mövzulu, amma küçə üslubunda danışıq tərzində verilişlərin yayımlanması cəmiyyətin deqradasiyasına gətirib çıxarır”, - Əfəndi əlavə edib.

Ekspert təhsildə yaranmış boşluğu kişi müəllimlərin təhsildən uzaqlaşmasında görür.

"Biz təhsildə o zaman boşluğa yol vermişik ki, kişi müəllimləri təhsildən təcrid etmişik. Bu gün onların təhsil prosesində olmaması müəyyən xoşagəlməz hadisələrin yaranmasına rəvac verir.  Direktorların şoxu kişilər idi. İbtidai sinif müəllimlərinin, digər fənn müəllimlərinin əksəriyyəti kişilər idi. Amma, biz görürük ki, müəyyən qayğılardan dolayı kişi müəllimlərin təhsil prosesindən uzaqlaşması şagirdlərin əl-ayağını açıb. İdarəedici xanım müəllimlər, direktorlar məsələlərə bir növ qadın, analıq instinkti ilə yanaşır. Görürük ki, ört-basdır etməyə daha meyilli olurlar. Biz bunu ötən gün ananın öz övladı tərəfindən qətlə yetirilməsi faktında gördük. Halbuki ana öz övladı barədə informasiyanı aidiyyatı üzrə verməli və övladının psixoloji reabilitasiya keçməsinə dəstək olmalı idi, amma o ört-basdır üsuluna daha çox yer verib”, - o deyib.

Ekspert bildirir ki, deviant davranışlara (xuliqanlıq, yollarda ehtiyatsızlıq, narkomaniya, alkoqol və ya siqaretdən asılılıq, maddələrdən sui-istifadə,  - red),  yer verən uşaqlar üzərində məktəb psixoloqları daha çox işləməlidir.

Sosioloq Üzeyir Şəfiyev hesab edir ki, sosial şəbəkəyə heç də həmişə uşaqların sosiallaşması üçün faydalı informasiyalar ötürülmür.


"Uşaq və yeniyetmələr arasında cinayətkarlıq üzrə artım dinamikası müşahidə olunur. Təhlil edəndə bunun bir çox səbəbləri ortaya çıxır. Əvvəllər yeniyetmələrin sosiallaşmasında ancaq valideyn, ailə, məktəb, dost əhatəsi idisə, bu gün artıq sosiallaşma agenti, institut kimi sosial şəbəkə vahidləri iştirak edir. Sosial şəbəkə vahidlərində və internet resurslarında həmişə praqmatik və faydalı informasiylar uşaqlara sosiallaşması üçün ötürülmür. Burada əxlaqa zidd davranışlar sərgilənir və bu vasitələr onu kütləvi şəkildə tirajlayır. Eyni zamanda internet resurslarında oyunlar var ki, bu oyunlarda neqativ yüklər, aqressiya çoxdur. Əfsuslar olsun ki, bizlərə internet resursları üzərində bu aqressiyanı, kini, bullinqləri təlqin edən oyun növləri var. Məsələn, bir vaxtlar "Mavi balina” oyunu uşaqlara neqativ təsir etmişdi”, - Şəfiyev qeyd edib.
 
Sosiloq bildirir ki, uşaqlar arasında neqativ halların qarşısını almaq üçün məktəblə ailə birgə işləməli,  sosial şəbəkə vahidlərinin işini tənzimləyən ayırca qanun qəbul olunmalıdır.

 

 

İstiqamət:6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 


Aygün Mirakif


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM