Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Trend-ə bildirib ki, bu, Məişət Zorakılığına qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının layihəsində öz əksini tapıb. İndiyədək Azərbaycanda məişət zəminində törədilən zorakılıq hallarının qurbanı olmuş şəxslər üçün yalnız QHT-lər tərəfindən sığınacaq mərkəzləri yaradılıb. Dövlət tərəfindən belə sığınacaqların yaradılması məsələsi isə ilk dəfə sənədə daxil edilib.
Beş ili əhatə edəcək layihə hazırda Nazirlər Kabinetində müzakirə edilir. Sənəd layihəsinin bu ilin sonuna kimi təsdiqlənəcəyi gözlənilir. Yeni sənəd ölkədə məişət zorakılığı hallarının azalmasına, psixoloji yardımların daha effektiv göstərilməsinə yönəlib. Bu sənəddəki bəndlər, ilk növbədə, uşaq və qadınlara ünvanlanır.
E.Səfərov bildirib ki, yeni sənəd əsasında ölkə məişət zorakılığı hallarnın azaldılması üçün Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə xüsusi müddəaların əlavə edilməsi ilə bağlı təkliflər hazırlanmalıdır.
Onun sözlərinə görə, hazırda Azərbaycan qanunvericiliyində məişət zorakılığı ilə bağlı xüsusi cinayət məsuliyyəti yoxdur: "Məsələn, ər-arvad arasında zorakılıq törədilirsə, o, ağırlaşdırıcı hal olmalıdır. İnzibati Xətalar Məcəlləsinə əsasən, belə hallar döymə adı ilə qeydiyyata alınır. Amma məişət zorakılığı ər-arvad arasında fiziki xarakterli olanda bu, ağırlaşdırıcı hal kimi qəbul edilməlidir ki, belə halların qarşısı alınsın. Bunların İnzibati Xətalar və Cinayət məcəllələrində qəbul edilməsi məişət zorakılığı hallarının azalmasına imkan verəcək”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !