"Azərbaycanla qərb arasındakı münasibətlər artıq pik nöqtədədir” – bu açıqlama ilə politoloq Ərəstun Oruclu çıxış edib.
ANN.Az xəbər verir ki, politoloq MM-in bugünkü növbədənkənar iclasında baxılacaq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTIHB) noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməkdən imtina etməsi məsələsinə münasibət bildirib. Ə.Oruclunun sözlərinə görə, bu gün parlamentdə qızqın müzakirələr aparılacaq, qətnaməyə qarşı sərt etirazlar olacaq: "Deputatların bəyanətlarında və çıxışlarında biz bunları artıq eşitmişik. Bu gün etiraz daha kəskin olacaq, çünki qarşıdan gələn seçkidə deputatlıq mandatını uzatmaq onlar üçün daha çox lazımlıdır. Sırf bu baxımdan çıxışlarını daha qabarıq şəkildə göstərənlərə də rast gəlinəcək. Çox böyük ehtimal var ki, Avropa-Azərbaycan münasibətlərinə yenidən baxıla bilər”.
Qərblə Azərbaycan arasındakı münasibətlərdə xeyli dəyişlik olduğunu söylənən politoloq artıq Xarici İşlər Nazirliyinin Avropa Kommissiyasının nümayəndə heyətinin səfərinin təxirə salındığını xatırladıb: "Yəni bu münasibətlərə təsir edəcək amillərdən biridir. Bu da artıq baş verdi. Prezident Administrasiyası nümayəndələri Avropa Parlamentinin bu qərarı haqqında öz sərt bəyanatını açıqlayıb. Bu da artıq münasibətlərin dəyişməsinə səbəb olacaq. Ümumi reaksiya kifayət qədər kəskindir. Bir sözlə, qətnaməyə kəskin münasibətlərin olması bugünkü münasibətilərin fonundadır. Azərbaycan-Qərb münasibətləri bir neçə ildir pisə doğru inkişaf edirdi. İndi isə bu münasibətlər demək olar ki, artıq pik nöqtədədir”.
Politoloq bu fikirdədir ki, seçkilərə müşahidə heyətinin göndərilməməsi qəbul edilən qətnamə ilə əlaqədar deyil: "Çünki bununla bağlı mübahisə əvvəldən də var idi. Mübahisə ondan ibarət idi ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu 400 müşahidəçi ilə Azərbaycana gəlmək istəyirdi (qısa müddətli müşahidəyə), amma Azərbaycan tərəfi bu rəqəmin 150 olmasını təklif edirdi. Görünür, anlaşılmazlıq var idi və aradan qaldırılmadı. Ona görə də sonda imtina olunmaq qərarı verildi”.
"ATƏT seçkiləri müşahidə etmədiyi təqdirdə nə ola bilər” - bu sualı cavablandıran Ərəstun Oruclu qeyd edib ki, ən yaxşı halda Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərii AŞPA-da tanınmaya bilər: "Ehtimallar çoxdur, onlardan biri odur ki, Azərbaycan AŞPA-dan imtina edə bilər. Daha düzgünü hadisələrin sonunu gözləməkdir”.
Xatırladaq ki, sentyabrın 11-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu noyavrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi yollamaqdan imtina etdiyini bəyan edib. Büronun direktoru Michael Georg Link bildirib Azərbaycan tərəfdən tətbiq edilən məhdudiyyətlərə görə bu addımı atmağa məcbur olublar:
"Müşahidəçilərin sayına Bakının qoyduğu məhdudiyyətlər effektiv və etibarlı seçki müşahidəsi aparmağa imkan vermir. Ona görə də təəssüf ki, biz ümumilikdə bu seçkiyə müşahidəçi göndərməmək qərarına gəldik. Azərbaycan hakimiyyətinin müşahidəçilərin sayına qoyduğu inadlı məhdudiyyətlər bu ölkənin ATƏT qarşısında öhdəliklərinə və Büronun müşahidə missiyasının mandatın ziddir.”
Açıqlamada qeyd edilir ki, ATƏT-in üzvü olan dövlət kimi, Azərbaycan keçirdiyi seçkilərə beynəlxalq müşahidəçilər cəlb etməli, həmçinin bu Büronun müşahidəçilərinin öz funksiyalarını müstəqil, tərəfsiz və peşəkarcasına yerinə yetirmələrinə xüsusi diqqət yetirməlidir.
Açıqlamada deyilir ki, Bakıdan dəvətnamə aldıqdan sonra Büro bu seçkilərə ekspertlər qrupu, 30 uzunmüddətli, 350 nəfər də qısamüddətli müşahidə missiyası göndərməli idi. Amma Azərbaycanın ATƏT-dəki Daimi Missiyası ilə müzakirələrdə məlum olub ki, Azərbaycan hakimiyyəti yalnız 6 nəfər uzunmüddətli, 125 nəfər də qısamüddətli müşahidəçi göndərilməsini tələb edir. Bakı bu tələbində israr etdiyindən, Büro bu seçki üçün Azərbaycana müşahidəçi göndərməmək qərarına gəlib.
Michael Georg Link əlavə edir ki, bu qərara baxmayaraq, onun başçılıq etdiyi qurum Azərbaycana seçkilər və insan haqları ilə bağlı başqa öhdəliklərinin icrasında yardımlarını göstərməyə hazırdır.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !