"Azərbaycanın bank sektorunda "təmizləmə" davam edəcək"

13:48 | 04.04.2017

"Azərbaycanın bank sektorunda "təmizləmə" davam edəcək"

"Moody`s Investors Service" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda fəaliyyət göstərən bankların sayının azalmasını proqnozlaşdırır.

ANN.Az xəbər verir ki, agentliyin kiçik vitse-prezidenti Mariya Malyukova APA-ya açıqlamasında bildirib ki, bu il Azərbaycanın bank sektorunda "təmizləmə" davam edəcək: "Hesab edirəm ki, bank sektorunda "təmizləmə", yəni bankların sayının azalması prosesi bu il də davam edəcək".
 
Onun sözlərinə görə, banklar indiyədək manatın devalvasiyasının neqativ təsirləri ilə mübarizə aparmaqdadırlar. "Təbii ki, hazırda bankların əsas məqsədi problemli kreditlərlə mübarizə aparmaqdır. Başqa sözlə, əsas hədəf kreditlərin restrukturizasiyası və qaytarılması, o cümlədən risklərin minimallaşdırılmasıdır. Banklar qarşısında duran əsas çağırışlardan biri də problemli kreditlərin həcminin artması fonunda mənfəətin azalması, kreditləşmənin azalması və faiz dərəcələrinin artmasıdır. Kredit itkiləri və valyuta riskləri səbəbindən kapitallaşma aşağı səviyyədə olaraq qalır", - deyə M.Malyukova qeyd edib.
 
Vitse-prezident əlavə edib ki, bank sektorunun depozit portfelində dollarlaşma yüksək səviyyədə qalmaqdadır: "Bəzi bankların açıq valyuta mövqeyi qalmaqdadır ki, bu da onları istənilən məzənnə volatilliyinə qarşı həssas edir".
 
"O qədər də asan olmayan iqtisadi şəraiti və bank sektorunda qalmaqda olan riskləri nəzərə alaraq deyə bilərəm ki, bu il üçün Azərbaycanın bank sektoru üzrə proqnozumuz neqativ olaraq qalır", - deyə o bildirib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM