Kinorejissor Rüfət Əsədovun filmi Amerikada keçirilən beynəlxalq festivalda "Ən yaxşı qısametrajlı” sənədli film nominasiyasında qalib olub.
ANN.Az xəbər verir ki, bu barədə müəllif sosial şəbəkədə yazıb:
"Noyabr ayının 9-dan 12-ə kimi Amerikanın Viskonsin ştatında "Weyauwega” Beynəlxalq Film Festivalı keçirildi. Bu, müəllif filmləri festivalı idi. Çox maraqlı, sərbəst, yaradıcı bir mühit vardı. Festivalda 2014-cü il "Oskar" mükafatı almış "The Lady in Number 6", 2015-ci ildə Oskar nominantı olan "Everything will be OK" və sairə filmlər iştirak ediblər. 18 ölkədən 50 film seçilmişdi, bəndənizin "Kənddə sonuncu yəhudi" ("The last Jew in the village") filmi də onların içərisində idi. Bizim film - "Ən yaxşı qısametrajlı sənədli film” nominasiyasında birinci yerə layiq görüldü. Bu münasibətlə bu işdə əziyyəti olan və olmayan bütün dostlara minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, filmin ssenari müəlliflərindən biri Vaqif Azəryar, operatoru Yuri Varnovski, montaj rejissoru Vüsal Nazimoğlu, səs rejissoru Pərviz (Mete), prodüserlərdən biri isə amerikalı Oleq Harencardır.
Kamil ƏMİRLİ
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !