Azərbaycanlıların Rusiya bazarlarında işləməsi qadağan oluna bilər - Video

15:50 | 24.10.2015
Azərbaycanlıların Rusiya bazarlarında işləməsi qadağan oluna bilər - Video

Azərbaycanlıların Rusiya bazarlarında işləməsi qadağan oluna bilər - Video

Son zamanlar miqrantlara qarşı qanunlarını sərtləşdirən Rusiyada indi də bazarlarda çalışan həmvətənlərimizi yaxından maraqlandıran daha bir qanun layihəsi müzakirəyə çıxarılıb. Əgər bu qanun da qəbul edilərsə, artıq Rusiya bazarlarında qeyri-slavyanların ticarətlə məşğul olması mümkünsüz olacaq.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, Rusiya Duması önümüzdəki günlərdə kənd təsərrüfatı bazarlarında yerli fermerlərə və satıcılara üstünlük verilməsilə bağlı yeni ganun layihəsini müzakirə edəcək.

Mətbuatda yazılanlar görə, qanun layihəsi ilk baxışda əhalinin bütün təbəqələrinin keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təminini nəzərdə tutsa da, əslində xarici vətəndaşların xüsusilə də azərbaycanlıların bazarlardan çıxarılması məqsədi daşıyır.

Layihənin təşəbbüskarı milliyətçi Liberal Demokrat Partiyasından Duma millət vəkili Roman Xudyakov isə təklifinin səhv anlaşıldığını və qanunun əksinə Azərbaycandan daha çox keyfiyyətli məhsul gətirilməsinə kömək edəcəyini deyir:

"Açığını etiraf etmək istəyirəm ki, mənim üçün bazarlardakı Azərbaycan məhsulları digər məhsullarla bir deyil. Satıcının da azərbaycanlı olması digərləriylə bir deyil. Çünki, Azərbaycan məhsulları çox keyfiyyətlidir. Azərbaycanlı satıcılar isə digərləri kimi üzsüzlük edib, keyfiyyətsiz malı güclə müştəriyə satmırlar. Tam tərsi, özləri məhsul haqqında müştəriyə tam məlumat verir və hətta dadına da baxdırırlar. Ona görə də mən ancaq azərbaycanlılardan mal alıram. Bu qanun layihəsi də elə bunun üçündür”.

Bununla belə Roman Xudyakov hesab edir ki, bazarlarda Rusiya dövlətinə və qanunlarına tabe olan rəhbərlik olmalıdır ki, hər kəs bu bazarlarda ticarətlə məşğul ola bilsin.

Amma Dumanın heç də bütün millət vəkilləri Roman Xudyakovun qanun layihəsini dəstəkləmir. Kommunist partiyası və iqtidardaki Vahid Rusiya Partiyasının millət vəkillərinin əksəriyyəti qanunlarda milli mənsubiyyət faktorunun yer almasının yol verilməz olduğu fikrindədirlər. 

"Bizim üçün əsas budur ki, istehlakçılarımız keyfiyyətli kənd təsərrüfatı məhsullarından istifadə edə bilsinlər. Kimlərin bazarlarda ticarətlə məşğul ola biləcəklərinə gəlincə, bu məsələ qanunlarla nizamlanıb. Çox vacibdir ki, yeni qanun layihələrində milli mənsubiyyət faktorlarına yol verilməsin. Biz də heç kimə belə təkliflərlə öz milliyətçı ideyalarını həyata keçirmələrinə imkan verməyəcəyik”, - deyə millət vəkili Adalbi Şxoqoşev bildirib.

Rusiyada rəsmi 550 min, qeyri-rəsmi isə bir milyon yarım Azərbaycan vətəndaşı yaşayır. Onlardan təxminən 40 faizi bazarlarda çalışır.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM