2015-ci ilin yanvar-aprel aylarında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 7,5 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6 % çox əmtəə satılıb.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satılmış istehlak mallarının 50,1 %-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 %-ni qeyri-ərzaq malları təşkil etmiş və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 1,9 % bəndi artıb.
Cari ilin ilk dörd ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 1,8 dəfə artaraq 3,7 milyon manat təşkil edib.
Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,8 %-ni hüquqi şəxslərin, 7,2 %-ni fərdi sahibkarların elektron ticarət şəbəkəsindən almışdır. Elektron ticarət dövriyyəsinin 96,4 %-ni qeyri-ərzaq malları təşkil edib.
2015-ci ilin yanvar-aprel aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 % artaraq 289,9 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 124,0 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 165,9 milyon manat təşkil edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !