Son 20 il ərzində Azərbaycanda əhalinin ümumi sayı 1 milyon 916 min 500 nəfər artıb. APA-nın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan “Azərbaycan ailəsi Strategiyası”nda deyilir. “Azərbaycan ailəsi Strategiyası” layihəsinin ilkin müzakirəsi zamanı komitənin şöbə müdiri Aynur Veysəlova bildirib ki, 1993-cü ildə əhalinin sayı 7 milyon 440 min idisə, bu rəqəm 2013-cü ildə 9 milyon 356 min 500 nəfərə çatıb. O qeyd edib ki, son 20 ildə kişilərin sayı sürətlə artıb və əhali arasında cinsi nisbət demək olar ki, bərabərləşib: “1993-cü ildə əhalinin 3 milyon 641 min 200 nəfəri (49 faizi) kişi, 3 milyon 798 min 800 nəfəri isə (51 faizi) qadın idisə, 2013-cü ildə əhalinin 4 milyon 648 min 800 nəfəri (49.7 faizi) kişilər, 4 milyon 707 min 700 nəfərini (50.3 faizi) isə qadınlar təşkil edib. Əhalinin təbii artım əmsalında da rəqəmlər son 20 ildə dəyişib. 1993-cü ildə 121 min 809 nəfər (16.5 faiz) olub. Təxminən 1995-ci ildən bu rəqəm azalmağa başlayıb və 2003-cü ildə təbii artım 7.9 faiz olub. 2006-cı ildə təbii artımda yüksəliş müşahidə edilib. Belə ki, 2012-ci ildə təbii artım 119 min 452 nəfər (13 faiz) təşkil edib”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !