Azərbaycanın iki iri neft emalı müəssisəsi birləşdirilib - FOTOLAR

14:05 | 25.12.2014
Azərbaycanın iki iri neft emalı müəssisəsi birləşdirilib - FOTOLAR

Azərbaycanın iki iri neft emalı müəssisəsi birləşdirilib - FOTOLAR

"Bu, 7 il davam edən prosesin nəticəsidir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2007-ci ildən fəaliyyətini beynəlxalq standartlara uyğun qurur. İndiki "Ağ şəhər" adlanan yerdə "Azərneftyağ"ın emal qurğuları olub və onları Heydər Əliyev adına Neft Emalı Zavoduna verdik".

"Report" xəbər verir ki, bunu Şirkətin idarəetmə strukturunun təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərinə həsr edilmiş bugünkü mətbuat konfransında çıxışı zamanı SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov deyib.

"Hazırda bütün işlər tamamlanıb və yeni Neft-qaz və Neft-kimya Kompleksi üzrə işlər tamamilə dəqiqləşdirilib. Qərara alınıb ki, neft emalı zavodlarında bəzi yenidənqurma işləri davam etdirilsin. Qərara almışıq ki, əvvəl bu iki zavodu birləşdirək, sonra isə inkişaf proqramına əsasən müasir tələblərə uyğun neft-yağ emalı kompleksi yaradaq. Hesab edirəm ki, bu, bir neçə il çəkə bilər. Təbii ki, maliyyə məsələləri də bu prosesə təsir edə bilər", - deyə SOCAR rəsmisi bildirib.
SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov isə "Azərneftyağ" zavodunun əslində bağlanmadığını, digər zavodla birləşdirildiyini deyib: "Dövlət Neft Şirkətinin Avropa birjalarında götürdüyü öhdəliklərdən biri də onun aktivlərindən heç birinin silinməməsi ilə bağlıdır. Ona görə də "Azərneftyağ" zavodu bağlanmır, sadəcə, bu iki zavod birləşdirilir".

Bu iki zavodda çalışan işçilərin mümkün ixtisarı ilə bağlı sualı cavablandıran SOCAR-ın rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov isə qeyd edib ki, əməkdaşların işdən azad edilməsindən söhbət gedə bilməz.

Xatırladaq ki, SOCAR prezidentinin 2014-cü il 24 dekabr tarixli əmri ilə "Azərneftyağ" Neft Emalı Zavodunun Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla 2015-ci il yanvarın 1-dən fəaliyyətinə xitam verilməsi qərara alınıb.

Report.az
 



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM