Azərbaycanın şou-biznes nümayəndələrinə Nazirlikdən xəbərdarlıq

15:37 | 26.02.2014
Azərbaycanın şou-biznes nümayəndələrinə Nazirlikdən xəbərdarlıq

Azərbaycanın şou-biznes nümayəndələrinə Nazirlikdən xəbərdarlıq

Azərbaycanda hazırda uçotda şou-biznes fəaliyyəti ilə məşğul olan 844 vergi ödəyicisi var və onların heç də hamısı nümunəvi vergi ödəyiciləri deyil.«APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyi Operativ nəzarət İdarəsinin rəisi İlham Əmirəliyev bildirib. Onun sözlərinə görə, musiqi fəaliyyəti ilə məşğul olan sənət adamları, müğənnilər, əyləncə obyektlərində çıxış edən fərdi şəxslərlə bağlı mütəmadi olaraq maarifləndirmə və nəzarət tədbirləri həyata keçirilsə də, onların vergi öhdəliklərinə tam və könüllü əməl etmə səviyyəsi aşağıdır: «Dünyanın, xüsusilə də Avropanın inkişaf etmiş ölkələrində şou-biznes nümayəndələri vergi öhdəliklərinə necə əməl etmələri ilə daim ictimaiyyətin diqqət mərkəzindədirlər. Gəlirlərini gizlədən dünyaca məşhur insanlar - müğənnilər, aktyorlar, bəstəkarlar, bir sözlə, incəsənət nümayəndələri hansı ölkədə yaşamalarından asılı olmayaraq, həmişə ictimai qınağa məruz qalmaqla yanaşı, bir sıra hallarda hətta inzibati və digər məsuliyyətə də cəlb edilirlər. Bizim bəzi tanınmış müğənnilər vətənpərvərlik mövzusunda mahnılar ifa edir, kliplər çəkdirir, televiziya ekranlarından düşmürlər, lakin onların dövlət büdcəsinə ödədikləri vergilərin məbləği heç də aldıqları qonorara uyğun olmur». İ.Əmirəliyev bildirib ki, bu sahədə əsas problem müğənnilərin əldə etdikləri gəlirləri «Qeydiyyat kitabı»nda düzgün əks etdirməmələridir: «Onlar hətta göstərdikləri və imzaları ilə təsdiq etdikləri gəlirlərlə rüblük bəyannamələrdə qeyd olunan gəlir məbləğləri arasındakı uyğunsuzluqlarla bağlıdır. Müğənnilərin bir şənlik mərasimindən əldə etdikləri gəlirləri onların bəyan etdikləri rüblük gəlirdən dəfələrlə çox olması barədə məlumatlar var. Araşdırmalar göstərir ki, istər Bakı şəhərində, istərsə də respublikanın digər bölgələrində fəaliyyət göstərən istirahət, əyləncə, ictimai iaşə və digər obyektlərdə bəzi hallarda «Qeydiyyat kitabı»nın aparılmasına lazımi diqqət yetirilmir, çıxış edən müğənnilərin aldıqları qonorarların cüzi bir hissəsi burada əks olunur. Müğənnilərin iştirak etdiyi tədbirlərin həm sayı, həm də onlara ödənilən qonorarların məbləği bir çox hallarda şübhə doğurur. Halbuki gündəlik müşahidələrin nəticələri və KİV-də yer alan məlumatlar el şənliklərində musiqiçilərə ödənilən məbləğlərin qat-qat artıq olduğunu söyləməyə əsas verir». Nazirlik rəsmisi deyib ki, bəzi informasiya saytları hətta bir sıra müğənnilərin el şənliklərində tam, yaxud qismən (1 saat, yarım saat və s.) iştirakı üçün nəzərdə tutulan məbləğləri dəqiqliklə göstərirlər: «Bu məlumatlar vergitutma bazası kimi qəbul edilməsə də, vergilərin dövlət büdcəsindən yayındırılmasına şərait yaradanlar - istər gəlir əldə edənlər, istərsə də bu məbləği ödəyənlər dövlət və xalq qarşısında öz məsuliyyətlərini anlamalıdırlar». İ.Əmirəliyev qeyd edib ki, onların fəaliyyəti daim nəzarətdə saxlanacaq: «Hər kəs vergi orqanına təqdim etdiyi bəyannamələrdə öz gəlirləri barədə məlumatı düzgün göstərməlidir.  Əks təqdirdə, müəyyənləşdirilmiş faktiki gəlir məbləğləri təqdim olunmuş bəyannamələrin göstəriciləri ilə üzləşdiriləcək və vergidən yayındırılmış məbləğlər kameral hesablama aparılmaqla büdcəyə bərpa olunacaq».ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM