Hesablama Palatasının Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti kollegiya iclasında "Azərenerji” ASC-yə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələri müzakirə edilib.
Palatadan "APA-Economics”ə verilən məlumata görə, "Azərenerji” tərəfindən dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib edilməyib, birbaşa layihə-smeta sənədlərinin hazırlanması, layihənin texniki iqtisadi əsaslandırılması və qiymətləndirilməsi təmin olunmayıb, tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması və həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi baxımından ekspertizadan keçirilməsi təmin edilməyib, müvafiq qaydaların tələblərinə uyğun olaraq tikintilərin cari qiymətlər səviyyəsində ehtimal olunan dəyəri müəyyən edilməyib.
Auditor bir neçə halda paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması layihəsi üzrə obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatın sifarişinə əsasən hazırlandığını, layihə-smeta sənədlərinin hazırlanması xərclərinin podrat müqaviləsinə daxil edildiyini, işlərin yerinə yetirilməsi zamanı podratçıya artıq vəsait ödənildiyini, işlərin və xidmətlərin satın alınması zamanı bəzi hallarda satınalma proseduru tətbiq edilmədən birbaşa müqavilələrin bağlanıldığını bildirib.
Auditor, eyni zamanda, bir neçə obyektin başa çatdırılmasına baxmayaraq Dövlət qəbul Komissiyası tərəfindən istismara qəbul olunmadığını, bununla belə, həmin obyektlərin dəyərinin ASC-nin maliyyə hesabatlarında aktivlərə aid edildiyini qeyd edib.
Daha sonra auditor rəydə əks etdirilmiş tövsiyələri diqqətə çatdıraraq bildirib ki, ASC tərəfindən bir sıra istiqamətlər, o cümlədən dövlət əsaslı vəsait qoyuluşu üzrə büdcə təkliflərinin "Azərbaycan Respublikası Dövlət İnvestisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydaları”nın tələblərinə əməl edilməklə tərtib edilməsi, sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılması, layihə-smeta sənədlərinin müvafiq qaydada ekspertizadan keçirilməsi, dövlət əsaslı vəsait qoyuluşundan və digər dövlət maliyyə resurslarından maliyyələşdirilən tikintilər üzrə sifarişçi funksiyalarının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi, obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatlar tərəfindən hazırlanması, eləcə də, işlər yerinə yetirilmədən uzun müddətə podratçı təşkilatlarda büdcə vəsaitlərini debitor borc kimi saxlamaqla həmin təşkilat üçün əlavə dövriyyə vəsaitinin yaradılması hallarına yol verilməməsi sahəsində nəzarətin gücləndirilməsi zərurəti olduğunu qeyd edib.
Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilib, kollegiya üzvlərinin təklif və iradları dinlənilib və nəzərə alınıb.
Kollegiya Qərarı səsə qoyularaq qəbul edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !