“Azpetrol” “Premium” markalı benzinin qiymətini aşağı salmayacaq

16:31 | 14.01.2015
“Azpetrol” “Premium” markalı benzinin qiymətini aşağı salmayacaq

“Azpetrol” “Premium” markalı benzinin qiymətini aşağı salmayacaq

Yeni partiya idxal olunan zaman "Premium” markalı benzinin qiymətinə yenidən baxıla bilər

"Azpetrol” şirkəti "Premium” markalı benzinin qiymətinə yenidən baxmayacaq.

ANN.Az APA-Economics-ə istinadən xəbər verir ki, Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, "Premium” markalı yanacaq xaricdən alındığından yanacağın bu növünün qiymətinə yenidən baxmağı planlaşdırılmır.

"Tarif Şurasının yeni qərarına əsasən yanvarın 15-də gecə saat 12:00-dan etibarən Aİ-92 markalı avtomobil benzinin pərakəndə satış qiyməti əvvəlki kimi 70 qəpik, dizel yanacağı 60 qəpik və maye qazın qiyməti isə 40 qəpik olacaq. Amma "Premium” markalı benzinin bir litrinin qiyməti əvvəlki kimi 95 qəpik qalacaq. Yaxın gələcəkdə xaricdən idxal olunan "Premium” markalı benzinin qiyməti aşağı düşsə, biz də qiyməti aşağı salacağıq və bu barədə mətbuata dərhal məlumat veriləcək”, - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, yanvarın 13-də son dövrdə dünya bazarlarında neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar "Azpetrol” tərəfindən "Premium” markalı yanacağın pərakəndə satış qiymətinə yenidən baxıb və yanvarın 13-dən etibarən həmin yanacağın 1 litrinin pərakəndə satış qiyməti 95 qəpikdən 93 qəpiyə endirib.

30 dekabr 2014-cü il tarixli 1167-İVQD saylı Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yol vergisinin yanacağın 1 litrinin qiymətinə 2 qəpik əlavə edilərək "Premium” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 13 yanvar 2015 ci il tarixindən 95 qəpik olaraq müəyyən edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası prezidentinin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib.

Qərara əsasən, Tarif Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib.

Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə,  əvvəl olduğu kimi "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib.

Həmçinin, maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM