"Badamlı"da işləyən kişinin hekayəsi - FOTOLAR

11:43 | 29.10.2021

"Badamlı"da işləyən kişinin hekayəsi - FOTOLAR

64 yaşlı Vasif Əliyev "Badamlı" mineral suları zavodunda çalışır. Həftənin 6 günü yüzlərlə su butulkalarını qablaşdırır.
 
" Hər gün 100.000 ədədə kimi 0,5 litrlik su butulkası, 70-80 min ədəd arası 1 və 1.5 litr su butulkalarını palletlərə vururuq. Həmin bu palletlər daha sonra streç kağızlarla paketlənib anbarlara daşınır. Daha sonra maşınlar gəlib anbarlardan Bakıya, Naxçıvana aparır", - deyə Vasif Əliyev bildirib.
 
Vasif Əliyev deyir ki, özü Naxçıvanın Kükü kəndində doğulsa da, illərdir ailəsi ilə birgə Şahbuzun Badamlı qəsəbəsində yaşayır.


 
"SSRİ zamanı  idi. Hərbi xidmətimi başa vurduqdan sonra elə  Badamlı qəsəbəsinə gəlib gördüyünüz bu zavodda işləməyə başladım. Sonra niyəsə 2009-da bu zavod fəaliyyətini dayandırdı. Deyəsən həmin illərdə Naxçıvanın özündə yeni "Badamlı" zavodu açıldı. Bizim qəsəbədə iş olmadığı üçün mən də ailəmi götürüb Bakıya getdim. 10 il metro tunelində fəhlə kimi işlədim. Keçən ildən təkrar Badamlı qəsəbəsində "Badamlı" sularının fabriki fəaliyyətini bərpa etdi. Mən də ailəmi götürüb öz diyarıma qayıtdım", - deyə Əliyev söylədi.
 
Vasif Əliyevin iki qızı və bir oğlu var. Onlar  evlənib Bakıya köçüblər. Onun sözlərinə görə, Bakıdan fərqli olaraq Şahbuzda aldığı 400 manat maaş özü və digər iki ailə üzvünə bəs edir. " İş yerim də, evim də bu qəsəbədədir. Demək olar ki, işçilərin əksəriyyəti Şahbuzda yaşayır. Öz qəsəbəmiz bizim həm də çörək ağacımızdır. Maaşlarımız da vaxtı vaxtında verilir, işimdən də razıyam",  -deyə o, gülümsəyir.


 
O, düşünür ki, həm özü, həm də iş yoldaşları Azərbaycanın ilk su brendi olan "Badamlı" fabrikində çalışdıqları üçün şanslı insanlardır. Uzun illərdir "Badamlı"nın süfrələrə gəlməsində rolu olan həmsöhbətimiz deyir ki, ömrü və fiziki gücü çatdığı qədər bu zavodda çalışacaq. 
 
Badamlı zavodu 1947-ci ildən Şahbuz rayonunda fəaliyyət göstərib. Badamlı mineral suyunun kəşfi və dünyada tanıdılması geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun adı ilə bağlıdır. "Badamlı” Azərbaycanın ilk və ən məşhur su brendidir. Sovet İttifaqı dövründə 15 müttəfiq respublikaya satılıb.
 
1990-cı illərdə ittifaq dağıldıqdan sonra, bazar iqtisadiyyatına keçid prosesi ilə əlaqədar yaranan çətinliklər səbəbindən Badamlı sularının ixracı dayanıb. 
 
"Badamlı" mineral sular zavodu 2020-ci ilin mayından Şahbuzun Badamlı qəsəbəsində yenidən  fəaliyyətə başlayıb. Zavodun ümumi istehsal gücü 150 milyon şərti butulka təşkil edir. 2020-ci illə müqayisədə "Badamlı"nın satışında bu il təqribən 15 faiz artım olub. Azərbaycandan Rusiya Federasiyasına, Qazaxıstana, Çinə, İraqa, Birləşmiş Ərəb Əmirliyinə ixrac edilir. Bu yaxınlarda Kanadaya da "Badamlı"nın ixracı baş tutub. Bundan başqa, sözügedən mineral suların Türkiyə, Baltikyanı ölkələr və Ukrayna ilə ixracla bağlı danışıqlar davam edir.
 




 
Samirə Əli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM