Fiziki şəxs Mircavid Seyidzadəyə məxsus "Park Fore" restoran-kafesində "mimoza" və "paytaxt" salatının, mal ətindən və qoyun ətindən hazırlanmış ət qiyməsinin hazırlanması və satışı qadağan edilib.
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətindən ANN.Az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə müxtəlif kulinar məmulatlar və yarımfabrikatlar ГОСТ 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) tələblərinə zidd olaraq təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır.
Mətbəxə baxış zamanı bir sıra ciddi nöqsanlar aşkar edilib. Belə ki, soyuducuda mal əti, bişirilmiş toyuq filesi, düyü qarniri, müxtəlif süd məhsulları, ət yarımfabrikatları, balıq məhsulları, müxtəlif qənnadı məmulatlarının hazırlanması üçün xəmir, tərəvəz konservləri və s. mal qonşuluğu gözlənilmədən eyni yerdə, eyni temperatur altında saxlanılır. Bu da «СанПин 42-123-5777-91» (bənd 10.11) sənədinin tələblərinə ziddir. Həmçinin müəyyən edilib ki, istehsal tarixi üzərində qeyd olunmayan «lahmacun» məmulatının bişirilməsində istifadə olunan ət yarımfabrikatı iki günlük istifadə üçün hazırlanır. Lakin standart üzrə bu cür məhsulların saxlanma müddəti 6-12 saatdır.
Seçilmiş nümunələrdən “Mimoza” salatının Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) qida məhsullarının sınaq laboratoriyasında keçirilən müayinəsi nəticəsində məhsulda maya göbələklərinin sayının normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən olunub.
Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar fiziki şəxs M.Seyidzadəyə məxsus «Park Fore» restoran-kafesində “Mimoza” və “Paytaxt” salatının, mal ətindən və qoyun ətindən hazırlanmış ət qiyməsinin hazırlanması və satışı qadağan edilib.
ANN.Az