"Daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşır. Təqribən ilin sonundakı göstəricilərlə müqayisədə 8-10 faizlik ucuzlaşma müşahidə edilir. Ötən ilin sonunda bazara 100 min manata təklif edilən mənzillər indi 90 min manata enib”.
Bu haqda Modern.az-a daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı məlumat verib.
Onun sözlərinə görə, son dövlər bazarda baş verənlər ümumi dinamikanı sıfıra endirib: "Hər şey mənfiyə doğru gedir. Baş verənlərə gəldikdə, vergi ilə bağlı edilən dəyişikliklər, daşınmaz əmlakların bütövlükdə vergiyə cəlb olunması, digər tərəfdən söküntü proseslərinin həcminin azalması, iri infrastruktur layihələrinin dayandırılması, Rusiya və dünyada baş verən proseslər mənfi mənada bazara təsirini göstərir”.
Ramil Osmanlı hesab edir ki, bazarda alıcılıq qabiliyyəti çox aşağı səviyyədədir: "Biz daha çox satışa çıxarılan mənzilləri 1-ci, 2-ci, 3-cü zona kimi təqdim edirik. Mərkəzə yaxın və mərkəzdən nisbətən kənar hissələrdə hündür mərtəbəli binaların sayı çoxluq təşkil edir. Ümumi portfel üzrə ən çox satışa çıxarılan mənzillər 2-3 otaqlıdır.
Mərkəzdə 2 otaqlı mənzillər 180 min manata, "Nərimanov” və "Gənclik” metrostansiyaları ərazisində təmirindən asılı olaraq 95-105 min manata, şəhərdən kənarda - Qara Qarayevdə 80-85 min manata, Əhmədli zonasında 70-80 min manat arasında təklif olunur”.
Ekspertin fikrincə, mənzillərin qiymətinin dəyişməsində əsas rol oynayan amil yerləşmə, təmir və mərtəbədir: "1 otaqlı mənzillər təxminən 2 otaqlı mənzillərdən 10-15 min manat ucuz, 3 otaqlı mənzillər isə 2 otaqlı mənzillərdən 10-15 min manat baha qiymətə təklif olunur.
Düşünürəm ki, hazırkı vəziyyətdə ekspertlər proqnoz verməkdən çəkinməlidirlər. Çünki proqnozlar reyestr fəaliyyətilə məşğul olan insanlara mane olur. Bazarda ucuzlaşma olacaq deyiriksə, alıcı kütləsi bazardan çıxır və gözləmə mövqeyi seçir. Bütün bunlar ümumi konnnekturaya mənfi təsir edir”.
Ramil Osmanlı torpaq və maşın bazarında da eyni vəziyyətin hökm sürdüyünü bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !