Bakıda doğulub xarici təmsil edən şöhrətli alimlərimiz

23:42 | 01.05.2015
Bakıda doğulub xarici təmsil edən şöhrətli alimlərimiz

Bakıda doğulub xarici təmsil edən şöhrətli alimlərimiz

O, hələlik orada çalışan yeganə həmvətənimizdir

Bakı uzun illər beynəlmiləl şəhər kimi tanınıb. Bir çox millətlərin nümayəndələri bu şəhərdə anadan olub, böyüyüb, təhsil alıb, sonradan Bakını tərk ediblər. Bakıda dünyaya gələn bu tanınmışların bəziləri uşaq, bəziləri gənc yaşlarında küləklər şəhərini tərk edib dünyaya məxsus olublar.

Bakıda anadan olub sonradan başqa yerlərdə məşhur olan alimləri təqdim edirik.

Lev Landau: Bu siyahıda əvvəlcə yeganə Nobel mükafatçısı olan bakılı Lev Landaunun adını çəkmək lazımdır. O, 1962-ci ildə fizika sahəsində Nobel mükafatına layiq görülüb. Maraqlı məqamlardan biri budur ki, həmin mükafat ona xəstəxanada təqdim edilib.

Landau avtomobil qəzası nəticəsində başından və döş qəfəsindən ölümcül xəsarət alıb. Dünyanın məşhur fiziklərinin səyləri, onların Avropadan, ABŞ-dan göndərdikləri dərman preparatlarının yardımı nəticəsində Lev Landaunu ölümdən xilas etmək mümkün olub. 

1962-ci ilin noyabrında Landau ona Nobel mükafatı verilməsi barədə teleqram alıb. Nobel komitəsinin tarixində ilk dəfə olaraq xüsusi hal kimi məşhur fizik Lev Landaunun Stokholma gedə bilməməyi nəzərə alınır və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir. Lev Landau ömrümün iki ilini xəstəxanalarda keçirib, ancaq 1964-cü il yanvarın 25-də öz evinə qayıdıb.

Lev Landau 1908-ci il yanvarın 22-də Bakıda anadan olub. O zaman gələcək böyük alimin atası David Landau Balaxanı neft mədənlərində mühəndis, anası Lyuba isə mama-ginekoloq işləyirdi. 1913-cü ildə kiçik Levin təhsil alması üçün onun ailəsi indiki Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən evə köçür. Lev Landau 1924-cü ilə qədər həmin evdə yaşayır (hazırda evin qarşısında Landaunun orada yaşadığını bildirən lövhə var).

8 yaşında Bakıda gimnaziyaya daxil olur, 12 yaşında əla qiymətlərlə oranı bitirir. Lakin yeniyetmə olması onun ali məktəbə gedən yolunu kəsir. 12 yaşlı yeniyetmənin ali məktəbdə oxumasına qarşı çıxırlar. Ailəsi məcbur olub onu Bakıdakı İqtisadiyyat Texnikumuna qoyur. Əvvəldən riyaziyyatdan xüsusi zövq alan Lev üçün iki illik texnikum təhsili göydəndüşmə olur. Dərindən sevdiyi riyaziyyatla daha əhatəli məşğul olmağa başlayır. 1922-ci ildə texnikumu bitirəndə Landaunun 14 yaşı var idi. Elə həmin il Azərbaycan Dövlət Universitetinə (indiki BDU) imtahan verərək, eyni vaxtda iki ixtisasa qəbul olunur: fizika-riyaziyyat və kimya. 

Lütfi Zadə - Modern dünya elminin inqilabçısı sayılan Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakı şəhərində anadan olub. 

Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Lakin 1932-ci ildə rejimim güney azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar iki yoldan birini seçməli idilər: ya bu tayda qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəlir. Bir çoxları, xüsusilə də yaxın qohumları bu addımın gələcəkdə Lütfi Zadə fenomeninin formalaşmasında böyük rolu olduğunu qeyd edirlər. Çünki o illərdə SSRİ-də kibernetika, informatika kimi elmlərə qarşı mənfi münasibət var idi və çətin ki, belə mühitdə Lütfi Zadə öz elmi ilə irəli gedə bilərdi.

Beləcə, o, 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edir. Balaca Lütfi o vaxt Bakıda rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Maraqlısı budur ki, Bakıda üç sinif oxuyana qədər dünya ədəbiyyatının, xüsusən də rus ədəbiyyatının tanınmış yazarlarının hamısının əsərlərini mütaliə etmişdi. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Bu məktəbdə ilk dəfə olaraq Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə edib. Orada elmin inkişafı üçün yaradılan şərait onu hələ məktəb illərindən Amerikaya çəkib.

Süni-intellekt nəzəriyyəsinin banisi sayılan Lütfi Zadə hazırda Kaliforniyada yaşayır və orada Berkli Universitetinin ömürlük professoru seçilib.

Viktor Xain - 1914-cü il fevralın 13-də Bakı şəhərində anadan olub. Geotektonika və regional geologiya sahəsi üzrə mütəxəssisdir. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Dövlət Neft Akademiyası – red.) bitirdikdən sonra Azərbaycanın geologiya müəssisələrində çalışıb.

ADNA-nın və Moskva Universitetinin professoru, 1957-ci ildən SSRİ Elmlər Akademiyası Geokimya və Analitik Kimya İnstitutunda, 1972-ci ildən SSRİ EA Geologiya İnstitutunda baş elmi işçi olub.

Əsas elmi əsərləri regional geologiya (Qafqaz, Karpat dağları və s.), tektonika, neft geologiyası, geologiya elmləri sahəlinə aiddir. Onun tərəfindən tektonik hərəkətin və Yer qabığının əsas struktur elementlərinin təsnifatı təklif olunub və bir neçə geosinklinal proseslərin ümumi qanunauyğunluqları dəqiqləşdirilib. Viktor Xain uzun müddət Yer qabığının əsas inkişaf mərhələlərinin problemləri üzərində işləyib. Beynəlxalq tektonik xəritənin hazırlanması üzrə işlərin rəhbəri, beynəlxalq tektonik xəritələr üzrə komissiyanın sədr müavini olub.

2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilib.

Bakıda anadan olub burada çalışan alim sonradan həyatını Moskva ilə bağlayıb. Viktor Xain 2009-cu ildə Moskvada vəfat edib və orada dəfn olunub.

Kərim Kərimov – O, keçmiş SSRİ-nin bütün kosmik gəmilərinin heyətlərini şəxsən özü kosmosa göndərirdi. Kosmodromda kosmik heyətlərin uçuşa hazır olmaları və uçuşun uğurla başa çatması haqqında məruzələri şəxsən ona edirdilər. Yəni ona "çest” verib keçirdilər. Həmin məruzə və hesabatların efirdə yayımlandığı reportajlarda heç kim Kərim Kərimovun üzünü görməzdi, onun ancaq kürəyini göstərərdilər. 

Kərim Kərimov 1917-ci il noyabrın 14-də Bakıda mühəndis-texnoloq Əli Kərimovun ailəsində doğulub. Atası neft sənayesində işləyib, anası isə evdar qadın olub. Həyat onu lap kiçik yaşlarından çətin sınaqlara çəkib. 1925-ci ildə orta məktəbin birinci sinfinə qəbul olunan balaca Kərimin sevinci uzun sürməyib, elə həmin il onun anası vəfat edib.
1967-ci ildə "Soyuz” kosmik gəmilərinin birinci avtomatik birləşməsinin uğurla həyata keçirilməsi münasibəti ilə Kərim Kərimova general-leytenant rütbəsi verilib. 1979-cu ildə isə orbital stansiyalarda beynəlxalq uçuşlar silsiləsinin müvəffəqiyyətlə həyata keçirilməsi münasibətilə ona Dövlət Mükafatı təqdim olunub. Hər dəfə kosmik uçuşlara, o cümlədən aya və başqa planetlərə kosmik raketlərin göndərilməsi haqda sonuncu qərarı məhz mərhum Kərim Kərimov qəbul edirdi. 

Andrey Mirzəbəyov - 1937-ci ildə Bakı şəhərində anadan olub. Rusiya Elmlər Akademiyasının V.A.Engelqardt adına Molekulyar Biologiya İnstitutunun direktoru işləyib.
Andrey Mirzəbəyov 300-dən çox çap olunan işlərin və ixtiraların müəllifi, molekulyar biologiya sahəsində görkəmli alimdir.

1969-cu ildə Mirzəbəyov valinli RNK-nın ilkin strukturunun qurulması üzrə elmi işdə iştirakına görə Dövlət Mükafatına layiq görülüb. Xromatin üzrə tədqiqatlara görə Rusiya EA 1999-cu ildə Mirzəbəyovu V.A.Engelqardt adına Qızıl medalla təltif edib. 1995-2001-ci illlərdə bioloji mikroçiplərin istehsalının orijinal texnologiyasının işlənməsi və təcrübədə tətbiqi üzrə işlər ABŞ-ın Molekulyar Biologiya İnstitutunun Arqon Milli laboratoriyası ilə birlikdə aparılıb.

Andrey Mirzəbəyov 25 ildən artıq Bioloji Mikroçiplər Mərkəzinə rəhbərlik edib. Onun rəhbərliyi ilə 35-dən çox namizədlik və 3 doktorluq dissertasiyası müdafiə olunub. Alimin elmi-pedaqoji fəaliyyətinə Moskva Fizika-Texnika İnstitutunda molekulyar biofizika kafedrasına 10 illik rəhbərliyi də daxildir.

O, Avropa Akademiyasının (1990-cı il), Almaniya Elmlər Akademiyasının (1999-cu il) üzvü seçilib, Avropa Cəmiyyəti Federasiyasının mükafatına, medallara layiq görülüb (1978-ci il), Qreqora Mendel adına Leopoldin Akademiyasının vitse-prezidenti olub (1989-cu il). 2000-ci ildə Valensiya Fundamental Tədqiqatlar Akademiyası Zati Aliləri Kral Həzrətləri Don I Xuan Karlosun fəxri sədrliyi ilə Mirzəbəyovu özünün fəxri üzvü seçib, nailiyyətlərinə görə medalla təltif edilib.

Akademik Andrey Mizəbəyov 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri üzvü seçilib.

Bəxtiyar Siracov - Bəxtiyar Tahir oğlu Siracov 1957-ci il oktyabrın 21-də Bakıda anadan olub. Atası Tahir Siracov keçmiş Ali Partiya Məktəbinin məzunu olduqdan sonra bir neçə partiya təşkilatında işləyib. Anası Mehparə xanım isə Bakı Dövlət Universitetini bitirdikdən sonra orta məktəbdə fizika-riyaziyyat müəllimi kimi çalışıb. 

Bəxtiyar Siracov 1974-cü ildə Bakının 82 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tətbiqi-riyaziyyat fakültəsinə daxil olur və 1979-cu ildə oranı müvəffəqiyyətlə başa vurur. Ondan sonra Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat alır. Oradan da Moskvaya göndərilir. SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzinə ezam olunan Siracov 1980-81-ci illərdə təkmilləşdirmə proqramı çərçivəsində tətbiq olunan kompüterləri mənimsəyərək elmi tədqiqat sahəsində fəaliyyətə başlayıb. 
1982-ci ildə Hesablama Mərkəzinin aspiranturasına daxil olaraq professor Viktor Bryabinin rəhbərliyi altında öz tədqiqat işlərini davam etdirib. 1986-cı ildə Viktor Bryabinin təşəbbüsü ilə "SPEKTR” adlı layihəyə cəlb olunub. 1990-cı ildə Moskvada namizədlik işini müdafiə edən B.Siracov fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 

1992-ci ildən isə həyatı Avstriya ilə bağlıdır. 1995-ci ildən İ-NET firmasında işə başlayan azərbaycanlı alim həmin vaxtdan bu günədək Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə çalışır.

Qeyd edək ki, Bəxtiyar Siracov 17 ildir Beynəlxalq Atom Agentliyində (MAGATE) Azərbaycanı təmsil edir. O, hələlik orada çalışan yeganə həmvətənimizdir. Onun barəsində cəmi bir proqram hazırlanıb.

Qeyd edək ki, bəzi nominasiyalarda Nobel mükafatı fərdi şəxslərə deyil, bütövlükdə bir komandaya verilir. İqtisadiyyat, fizika və kimya üzrə mükafatlandırma aparılarkən bu hallar müşahidə olunur. Bu zaman Beynəlxalq Nobel Komissiyası həmin komandanın bərabər gördüyü işi qiymətləndirərək, onlara ümumi mükafat təqdim edir. Qazanılan pul mükafatı da komanda üzvləri arasında bölüşdürülür. 

2005-ci ildə Nobel sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı agentliyə verilir. Mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də Azərbaycan alimi olur. Beləliklə, Bəxtiyar Siracov qrup halında da olsa, bu mükafata layiq görülən ilk və hələlik yeganə azərbaycanlı kimi tarixə düşür. (modern.az)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti