Bakıda min manata Yeni il gecəsi - QİYMƏTLƏR

10:37 | 26.12.2014
Bakıda min manata Yeni il gecəsi - QİYMƏTLƏR

Bakıda min manata Yeni il gecəsi - QİYMƏTLƏR

Yeni il get-gedə yaxınlaşır, insanların da tətillə bağlı qayğıları artır. Kimi bayram süfrəsi üçün evinə tədarük görür, kimi tətilini ölkədən kənarda keçirmək üçün turist agentliklərinə üz tutur, kimi də elə şəhərdə bayram şənliyini keçirmək üçün uyğun bir seçim axtarır.
 
Bayrama vaxt azaldıqca, restoran və klublarda boş yerlərin də sayı get-gedə azalır. 2015-ci ili qarşılaya biləcəyiniz məkanlarda müxtəlif qiymətələrə müxtəlif xidmətlər təklif olunur.
 
 
Misal üçün, "Baku Jazz Center"də Yeni il şənliyinə biletlərin qiymət 75-150 manat arasında dəyişir. Mərkəzin təqdim etdiyi məbləğdən asılı olaraq, şənlikdə iştirak edənlərə meyvə və şərablar, soyuq və isti menyu, spirtli içkilər təklif olunur. Caz mərkəzində uşaqlar üçün nəzərdə tutulan şənliyin bileti isə 35 manat təşkil edir.
 
 
"Fairmont Baku" otelində Yeni il bayramına qiymətlər 70-150 manat, "Af Hotel"də 100 manata təklif olunur. Burada məbləğə bir neçə növ yemək çeşidləri, içkilər və konsert proqramı, şoular, müsabiqələr daxildir.
 
 
Yeni il şənlikləri sırasında qiyməti ilə ən çox seçilən "Hilton" oteli oldu. Belə ki, oteldə 31 dekabr üçün "Sirli maskarad bal" adlı proqramın keçiriləcəyi nəzərdə tutulur. Şənliyə bir ədəd delüks biletin qiyməti 300 manat, bir ədəd VIP bilet isə 1000 manat təşkil edir. Min manatlıq bilet alan şəxs rahat divanda, şəxsi mühafizəçi və ofisiantın xidmətindən istifadə edərək şam yeməyi yeyə biləcək. Bu məbləğə həmçinin Yeni il gecəsində oteldə qalmaq və məhdudiyyətsiz yemək və içkilər təqdim edilir.
 
 
"2NJoy" klubu isə Yeni il gecəsinə qonaqları "Qoluboy Oqonyok" şənliyinə dəvət edir. Burada isə biletlərin qiyməti 250-300 manat arasında dəyişir. "Oazis" restoranında isə bayram şənliyi üçün bir biletin dəyəri 100-200 manat arasında dəyişir. Bu qiymətə yemək, içkilər və şou proqramda iştirak daxildir.
"Jumeirah Bilgah Beach" otelində isə bayram şənliyinə getmək istəyənlər bir bilet üçün 50-400 manat verməli olacaqlar. Qiymət fərqi burada oteldə yerləşən zallardan, orada qonaqlara verilən menyu və şou proqramlara görə dəyişir. Uşaqlar üçün nəzərdə tutulan şənliyə isə bir bilet 60 manat təşkil edir.
"Ramada" otelində keçiriləcək bayram şənliyinə bilet isə 150-188 manat arasında dəyişir.
 
 
Dağlarla əhatəli sarayda təntənəli Yeni il bayramını qeyd etməyi təklif edən otellər də var. Burada isə qiymətlər 125-300 manat arasında dəyişir. Bundan başqa otel 6-12 yaşlı uşaqlar üçün 50% endirim və həmçinin 223 manatdan başlayaraq qiymətlərlə oteldə qalmağı da təklif edir. Otelin rəsmi internet saytında burada 3 gecəlik gecələmənin şərt olduğu qeyd edilir. Digər şərtlərə görə isə oteldə qalanlar bayram gecəsinə bilet alarkən 10% endirim də əldə edirlər. Otelin təqdim etdiyi proqrama xüsusi menyu və Nyu-Yorkdan dəvət edilmiş ifaçıların konserti olacağı gözlənilir.
 
 
Müxtəlif növ yeməklər, içkilər, müsabiqə və hədiyyələr, hətta şəxsi mühafizəçi belə nəzərdə tutulan bu şənliklər görəsən məhz kimlər üçün nəzərdə tutulub? Ümumiyyətlə, sıradan bir vətəndaş özünə və yaxud da uşaqlarına belə bir şənliyə qatılmağa, ayda aldığı 300-400 manat maaş buna imkan verirmi?
İqtisadçı ekspert Natiq Cəfərli ölkədə əsasən dövlət işlərində çalışan məmurların qeyri-leqal gəlirlərinin həddindən artıq olduğunu və durumun bu səbəbdən belə olduğunu deyir: "Əgər minimum və ya orta əmək haqqını götürsək, o zaman təbii ki, elan edilən bu qiymətlərin həddindən artıq şişirdilmiş olduğunu görərik. Digər tərəfdən, tələbat var ki, qiymətlər də bu yerə gəlib çıxır. Bir çox restoranlarda Yeni il şənliyinə ortalama qiymət bir adam üçün 200-300 manat civarındadır. Üç və dörd nəfərdən ibarət bir ailə üçün bu məbləğ az qala min manata gəlib çıxır. Şəhərin restoranlarında və ya şəhərdən kənar, misal üçün "Quba Rixos" otelində 3 gün gecələmək adambaşına təxminən 1000-1200 manata başa gəlir. Dörd nəfərlik bir ailə üçün isə bu məbləğ 4000-5000 manata gəlib çıxır.
 
 
Bəzi turist agentlikləri başqa bir ölkəyə gediş-gəliş uçaq bileti daxil olmaqla, orada qalmaq, otel və s. kimi xərclər daxil olmaqla bir nəfər üçün 300-400 manatlıq turlar təklif edirlər. Ümumilikdə bu absurd bir situasiyadır. Digər ölkəyə, ən azından Gürcüstana 3-4 günlük gedib həm bayramı qeyd etmək və həm də bir neçə gün istirahət etmək, Bakıda bir neçə saat üçün restoranda xərclənən məbləğdən ucuz başa gəlir". N.Cəfərli belə məqamları iqtisadi əsaslarla izah etməyin mümkün olmadığını bildirdi.//bizimyol.info
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM