Bakı əhalisinin sayı 3 milyon nəfərdən çox olacaq

18:22 | 08.01.2024
Bakı əhalisinin sayı 3 milyon nəfərdən çox olacaq

Bakı əhalisinin sayı 3 milyon nəfərdən çox olacaq

2040-cı ilə qədər Bakı əhalisinin sayı 3 milyon 170 nəfərə çatacaq. Bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub.

Plana görə, ümumilikdə ölkə əhalisinin sayının 2045-2050-ci illər arasında azalmağa başlayacağı ehtimal edilir.

BMT-nin 2017-ci il Dünya əhali proqnozlarına görə, Azərbaycanda doğum səviyyəsi  2040-cı ildə 2020-ci illə müqayisədə 2,04 milyon nəfərdən  1,87 milyon nəfərə kimi azalacaq.  2050-ci ildə  isə bu göstəricinin  1,83 milyon nəfər olacağı proqnozlaşdırılır.
 
Sosioloq Elçin Bayramlı hesab edir ki, hökümətin apardığı siyasət regionlarda qalan əhalinin Bakı-Abşeron zonasında cəmləşdirilməsinə gətirib çıxarır.
 
"Ölkə əhalisinin azalmasının səbəbi doğumların kəskin aşağı düşməsi ilə əlaqədardır və bu tendensiya davam edəcək. Bakı əhali sayının artmasl mövcud əhalinin bura axının dayanmayacağını göstərir. Hökümət bütün var-gücü ilə Bakını böyük bir meqapolisə çevirməyə çalışır. Bakının Baş Planının təsdiqi artıq bütün Abeşron yarımadasının Bakı şəhərinə çevrilməsini, şəhərin dəfələrlə böyüdülməsini nəzərdə tutur. Bakı məhdud bir regindur, çıxışları yoxdur, 3 tərəfi dənizdir, faydalı resursları, su mənbəsi, əkin torpaqları, meşəsi, çayı yoxdur, eyni zamanda iqlimi də çox sərtdir. Ölkə əhalisinin böyük bir hissəsinin belə bir zonaya doldurulması Azərbaycanın tarazlı və dayanıqlı inkişaf strategiyasına ziddir. Həm əhalinin demoqrafik disbalansı pozulur (ölkə əhalisinin yarısı bu zonadadır, tezliklə 2/3-si burada olacaq), həm də regional diverskasiya baş verməyəcək, yəni ölkə əhalisinin 70-80%-dən çoxu yenə də Bakıda olacaq. Bu da qeyri-normal inkişaf sistemidir”, - o əlavə edib.
 
Sosioloqun sözlərinə görə, bunun nəticəsində iqtisadiyyatın regionaldan əlavə sektorial da diversifikasiya baş verməyəcək.
 
"Çünki Bakı-Abşeron zonası birinci növ sənaye üzərində qurulacaq. Necə ki, indi neft-qaz sənayesi qurulub.  Əhalinin regionlardan yaxşı iş, həyat şəraiti üçün çıxıb Bakıya gəlməsi nəticəsində regionlarda başqa iqtisadi sahələrin inkişafı əngəllənəcək. Hökümətin yeni müəssisələri, iş yerlərini Bakıda açması, həmçinin yeni yaşayış məhəllərləri, qəsəbələrdə salması nəticəsində biz paytaxtdan ibarət ölkəyə çevrilirik. Bunun əksi baş verməli, yəni, Bakı şəhərinin Baş Planında buranın nəhəngləşdirilməsi yox, rahatlaşdırılması nəzərdə tutulmalı idi. Abşeron yarımadasında yerləşən 3 böyük şəhər (Bakı, Sumqayıt, Xırdalan) artıq birləşmək üzrədir, bu da biabırçı vəziyyətə gətirib çıxaracaq”, - sosioloq bildirib.
 
Onun sözlərinə görə, Baş Plana ayrılan vəsaiti regionlara sərf edilərsə, Bakının yükü azalar, sakit və normal şəhərə çevrilə bilər.
 
"Amma belə görünür ki, məqsəd yalnız Bakını qurub, tikib, böyütməkdir. Regionlar yenə köhnə stilində qalacaq. Bu normal bir vəziyyət deyil. Strateji inkişaf proqramlarına uyğun deyil. Normal bir ölkə bütün regionların bərabər inkişaf etdiyi, əhalinin iqtisadiyyatın balanslı paylandığı bir ölkə deməkdir. Dünyanın ən böyük ölkələri şəhərlərin müxtəlif yerlərində sənaye mərkəzləri olmasına, əhalinin digər regionlara köçürülməsini təmin etməyə çalışırlar.
Məsələn Rusiyada şərq vilayətlərini məskunlaşdırmaq, yeni şəhərlər, müəsissələr tikmək üçün 100 milyardlarla vəsait ayrılır. Hökumət ora müxtəlif güzəştlər edir, stimullaşdırıcı addımlar atır. Bu Avropa ölkələrində də belədir. Bakını sistemləşdirmək üçün Bakıdakı mövcud binaların 20%-i sökülməli, geniş küçələr olmalıdır. Hazırda əhalinin 50%i bura cəmləşibsə, böyük missiyalardan sonra bu say 70%-i keçəcək. Bu da ölkədə regionların boşalması, həmin ərazilərdə iqtisadiyyatın zəifləməsi deməkdir”,- Bayramlı vurğulayıb.
 
Hazırda Bakı əhalisinin sayı 2 milyon 880 nəfərdir.  
 
Deputat Tahir Kərimli regionlardakı vəziyyəti müzakirə edərək bildirib ki, nə qədər sosial vəziyyətlə bağlı tənqidlər olunsa da nəticə çıxaran yoxdur. O, irad kimi "nə vaxta qədər bu camaata qara camaat kimi baxacayıq” deyə söylənib. 

Deputat Fazil Mustafa və bir neçə həmkarı il ərzində regionlarda iş yerlərinin açılmamasını problem kimi göstərərək bu istiqamətdə ciddi işlərin görülməsinin vacib olduğunu açıqlayıb. 
 
Deputat Sabir Rüstəmxanlı Azərbaycanın Ucqar rayonlarında iş axtara-axtara, ehtiyac, çörək dalınca Bakıya üz tutmuş insanların öz yurdlarına qayıtmasına şəraitin yaradılmasının vacibliyini vurğulayaraq 2-ci Qayıdış Proqramının lazım olduğunu bildirib. O, buna ciddi ehtiyacın olduğunu qeyd edib.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM