Bakıya gətirilən yeni metro qatarları sabahdan etibarən xəttə tam istismara buraxılacaq. Hazırda xəttə məhdudiyyətlərlə istismar olunan qatarlar sınaq yürüşündədir.
"Report"un verdiyi xəbərə görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
"Sınaq əvvəllər sənişinsiz həyata keçirilirdi. Uğurlu sınaqlardan sonra artıq keçən həftədən sərnişinlərlə birgə sınaqdan keçirilir. Sınaq müddətində gün ərzində bir neçə saat işləyən qatarlar sınaq başa çatan kimi tam gücü ilə işləyəcək. Bunun sabah reallaşması gözlənilir", - o qeyd edib.
N.Paşayev bildirib ki, bu qatarlar bütün istiqamətlərdə işləyəcək. Onun sözlərinə görə, yeni qatarların tam istifadəyə verilməsi ilə köhnə qatarların xətdən çıxarılması nəzərdə tutulmur: "Qatar parkında istifadəyə yararsız qatar, ümumiyyətlə. yoxdur".
Qeyd edək ki, Fransanın "Alstom” şirkət ilə Bakı Metropoliteni arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət üç qatar heyəti alınıb.
Alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kVt idisə, indi bu rəqəm 170 kVt təşkil edir.
Köhnə vaqonların çəkisinə gəlincə, əvvəllər bu göstərici baş vaqon üçün 38, aralıq vaqon üçün 36 ton təşkil edirdi. İndi isə yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34, aralıq vaqonun çəkisi 29 tondur. Bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid var.
Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda "hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub. Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 sərnişin olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !