Bakıda Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək

19:13 | 14.11.2016
Bakıda Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək

Bakıda Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək

Prezident İlham Əliyev V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sənəddə qeyd edilir ki, böyük tarixi keçmişə malik Azərbaycanın misilsiz mədəni sərvətləri sırasında xalçaçılıq özünəməxsus yer tutur. Milli həyat tərzimizin mühüm amili olan və çoxəsrlik inkişafı boyunca yüksək bədii-estetik keyfiyyətləri ilə seçilən bu dəyərli sənət xalqımızın zəngin dünyagörüşünün, təfəkkürünün və mənəvi varlığının aydın ifadəçisinə çevrilib.

Dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş ənənəvi Azərbaycan xalça sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində müvafiq işlər uğurla aparılmaqdadır.

Dövlət başçısı sərəncamı Azərbaycanın qədim xalçaçılıq sənəti ənənələrinin qorunub yaşadılmasında, gələcək nəsillərə çatdırılmasında, eləcə də geniş miqyasda tanıdılmasında əhəmiyyətini nəzərə alaraq V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində yüksək səviyyədə təşkilinin təmin olunması məqsədilə imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə 2017-ci ilin oktyabr ayında Bakıda V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun təşkilinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM