Rüstəm Qasımov
Artıq 20 ildir ki, hər il sentyabr ayında "Coca-Cola” şirkətinin dəstəyi ilə sahil zonalarının təmizlənməsi üçün xüsusi aksiya keçirilir, bu, dünya miqyasında okeanların və dənizlərin sahillərinin zibildən və tullantılardan təmizlənməsi üçün ən böyük könüllü aksiyalardan biridir.
Azərbaycanda artıq iki ildir ki, bu kampaniyaya "Bakcell" şirkəti dəstək verir. Bu ilki təşəbbüsə "ASAN xidmət”in nəzdində fəaliyyət göstərən "Green ASAN” qrupu, ekoloji gənclər birliyi "Green Baku”, «Let’s Do It Azerbaijan» (letsdoitworld.org) proqramı, Binəqədi rayon icra hakimiyyəti və həmçinin ANN.Az portalı qoşulub.
Aksiyanın daimi partnyorları Ekologiya və təbii sərvətlər nazirliyi, Azərbaycan Milli olimpiya komitəsi, ADA universiteti və gənc xadimlər üçün "YouthInc” proqramıdır. Yeri gəlmişkən, sahilyanı zonaların təmizlənməsi beynəlxalq gününü həmçinin BMT və bütün dünyada su hovuzlarının mühafizəsiylə məşğul olan "Ocean Conservancy” təşkilatı da dəstəkləyir.
"Bu gün artıq 6-cı dəfədir ki, "Coco-Cola” "Coastal Cleanup” kampaniyasını həyata keçirir. Bizim üçün işlədiyimiz cəmiyyətdə ekoloji təmizlik cəmiyyətin və hər bir fərdin rifahı kimi vacib amildir. Buna görə də, Xəzər dənizinin sahilinin təmizlənməsi prosesinə mümkün olduğu qədər çox adam cəlb etməyə çalışdıq, onlar da böyük sevinc və məmnuniyyətlə kampaniyamıza qoşuldular. "Coca-Cola” könüllülərlə birlikdə dənizin 3 kilometrlik sahilyanı ərazisini təmizləyə və 10 ton zibili toplaya bildi. Bu tədbir artıq bayram halına gəlir, həm də nəticədə dəniz sahili təmizlənir. Ümid edirəm bu kimi tədbirlər gələcəkdə də davam edəcək və dəniz sahilləri tər-təmiz olacaq” – bu sözləri açıqlamasında "Coca-Cola” Azərbaycanın ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Elşad Fərzəliyev dedi.
"Bakcell”in korporativ kommunikasiyalar departamentinin rəhbəri Süheyla Cəfərova isə öz növbəsinə bildirdi: "İnsan fəaliyyəti nəticəsində dənizkənarı ərazilərin daha çox ziyan çəkdiyini nəzərə alsaq, hazırkı aksiyanın mənası böyükdür. "Bakcell” şirkəti artıq ikinci ildir ki, böyük entuziazmla bu aksiyaya qoşulur və çox şadıq ki, ekoloji problemlərin həllinə diqqət yetirənlərin sayı kifayət qədər çoxdur. Xəzər dənizi üçün çox vacib olan belə bir tədbirdə iştirak etdikləri üçün bütün iştirakçılara və təşkilatçılara təşəkkür düşür”.
19 sentyabr saat 9:00-da aksiya iştirakçıları nəzərdə tutulan ünvanda, Azadlıq metrosunun çıxışında toplaşıb, nəzərdə tutulan avtobuslarla dəniz kənarına doğru yol aldılar.
Aksiyaya diqqət böyük idi, hətta yol polisi iştirakçıları hər hansı təhlükədən siğortalamaq üçün avtovusları müşayiət edirdilər.
Dəniz kənarında aksiyaçılar qısa müddət ərzində böyük iş gördülər, onların zəhməti doldurduqları kisələrdən görünürdü.
Tədbirdə uşaqların da iştirak etdiyini görmək çox xoş idi.
Novxanı çimərliyində baş tutan aksiyada ANN.Az xəbər portalı bəzi aksiya iştirakçılarıyla söhbətlər edib onların fikirlərini öyrəndi. "Green Baku” gənclər birliyinin nümayəndəsi Orxan Qədirov ən böyük məqsədlərinin Azərbaycanın təbiətinin qorunması olduğunu bildirdi:
"Bugünki aksiyada Novxanı çimərliyinin təmizlənməsində 400-dən çox adam iştirak edir. Tədbirə birbaşa 9 komanda qatılıb. Biz "Green Baku” olaraq artıq dəfələrlə bu qəbildən olan tədbirlərdə iştirak etmişik. Bakıda tez-tez belə aksiyalar keçirilir, ancaq bu "Cleanup” masştabına görə ən böyüyüdür”. Orxan Qədirov həmçinin bildirdi ki, ən çox zibil toplayan könüllü mükafata layiq görüləcək.
Söhbət etdiyim könüllülər arasında tez-tez Bakının mərkəzində keçirdikləri fleşmoblarla gündəmə gələn "FLASHMOB Azerbaijan” qrupunun üzvləri də vardı. Onlar da həvəslə burada iştirak edirdilər.
Ana olmağa hazırlaşan Anastasiya Qarmavskayanın da aksiyada iştirak etdiyini görmək əlamətdar hadisə idi. O, təbdir barədə sosial şəbəkələrdən öyrənmişdi və indi həvəslə burada iştirak edirdi.
İnsanlarımızın təbiətə, ekoloji təmizliyə ciddi yanaşdığını görmək doğrudan da gözəl hissdir. Aksiya iştirakçıları arasında elələri vardı ki, aksiyanın hansı formada keçiriləcəyini belə bilmirdi, ancaq məqsədin təmizlik olduğunu bilən kimi məmnuniyyətlə iştirak etmək qərarına gəlmişdilər. Yaroslav Çerkaşin, məsələn, belələrindən idi. "Mən hətta bilmirdim aksiya hansı formatda keçiriləcək. İndi belə müsbət enerjiylə dolu heyratamiz atmosferdə, lazım olan vaxtda lazım olan yerdə peyda olduğum üçün məmnunam”, - Çerkaşin bizə açıqlamasında bildirdi.
"Götür, təmizlə, fərqi hiss et” şüarıyla keçirilən aksiyada həmçinin müxtəlif universitetləri təmsil edən tələbə qrupları da iştirak edirdi. ANN.Az Qərb universitetinin tələbələrinin aksiya ilə bağlı fikirlərini öyrəndi. Onlar sosial şəbəkədə belə tədbirin keçirildiyini eşidən kimi qoşulmaq qərarına gəliblər və bildirdilər ki, gələcəkdə də belə aksiyalarda mütləq iştirak edəcəklər.
Könüllülər işlədikcə xarüqələr yaradırdılar. Əvvəl zir-zibillə, müxtəlif tullantılarla çirklənmiş dəniz sahili indi sanki par-par parıldayırdı.
"Green ASAN” qrupunun üzvü Turanə Qasımova portalımıza açıqlamasında bildirdi ki, "ASAN xidmət” "Coastal Cleanup” aksiyasıyla yanaşı, ətraf mühitin mühafizəsinə, xüsusilə ağacların qorunmasına təşəbbüs göstərən digər aksiyalara da dəstək verir: "Bu gün istənilən vətəndaşımız ASAN xidmət mərkəzlərində quraşdırılmış konteynerlərə işlənmiş kağızı təhvil verə bilərlər. "Kağızı ağacla əvəzlə” kampaniyası IDEA (International Dialogue for Environmental Action) ictimai birliyi və Azərbaycan Prezidenti yanında vətəndaşlara və sosial innovasiyala yardım Dövlət Agentliyi ilə birgə həyata keçirilir. Hər bir kağız səhifəsi ağac parçasıdır. Kağızların, salfetlərin və digər ağac materiallarının istifadəsində ehtiyatlı olmalıyıq. Təkrar emal üçün kağızları təhvil verin və ağacların qırılmasına son verin”.
Cəmiyyətimizdə Novxanı çimərliyində keçirilən aksiyaların maraqla qarşılanması doğrudan da yaxşı əlamətdir.
Qeyd etmək yerinə düşər ki, təkcə son beş ildə "Coca-Cola”nın təşəbbüsü ilə keçirilən belə birgünlük aksiyalar nəticəsində Xəzər dənizinin sahilyanı zolağının 26 hektar ərazisi təxminən 10 ton tullantıdan təmizlənib.
Ümumiyyətlə, isə 2014-cü ildə "Coca-Cola”nın 650 000 dostu 27 ölkədə dənizyanı ərazilərin tullantılardan təmizlənməsi prosesində iştirak edib, 20 min kilometrdən çox dəniz sahili təmizlənib.
"Coca-Cola” şirkəti tullantı prosesi barədə məlumatları "Ocean Conservancy” təşkilatına verir. Öz növbəsində isə "Ocean Conservancy” belə informasiyalar sayəsində okean və dənizlərin tullantılardan təmizlənməsi barədə hesabat hazırlayır. Analoji təşəbbüslər isə ekologiyanın və ətraf mühitin təmizlənməsi və qorunması məsələsində əlbəttə ki, çox vacib rol oynayır.
Elm, mədəniyyət, təhsil və mədəniyyətin təbliğatı ilə məşğul olan ANN.Az xəbər portalı həmçinin ekoloji təmizliklə bağlı hadisə və aksiyaları diqqətdən kənarda qoymur və informasiya dəstəyi verir. Protalımız oxucularını ekologiyanın və ətraf mühitin mühafizəsi məsələsinə həssaslıqla yanaşmağa və bu qəbildən olan aksiyalarda iştirak etməyə səsləyir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !