Bir müddət əvvəl Bakının Xətai rayonunda 3,2 hektar ərazidə "Sevirəm” parkının açılışı olub.
Geoloji araşdırmalar zamanı neft və mərmər tullantılar aşkarlanıb. 2016-cı ilin iyul ayında parkın ərazisi tullantılardan təmizlənib. Təmizləmə işləri yekunlaşdıqdan sonra parkın tikintisinə başlanılıb. Sentyabr ayında isə park sakinlərin istifadəsinə verilib.
Parkın yaşıllaşdırılması "IDEA” Ətraf mühit naminə beynəlxalq dialoq ictimai birliyinin təşəbbüsü ilə aparılıb. Ərazidə 4 mindən çox ağac növləri, o cümlədən, 30 yaşlı Eldar şamı, 12 yaşlı tuya, 35 yaşlı sərv ağacı əkilib. Parkda avtomatik suvarma sistemi, su və yanğınsöndürmə anbarları, müşahidə kameraları, müasir işıqlandırma sistemi quraşdırılıb.
Sakinlərin istirahətini təmin etmək üçün parkın ərazisində şəlalə quraşdırılıb, təbii daşlardan istifadə olunub. Parkda uşaqlar üçün yelləncəklər və əyləncə meydançası var.
Parkda harmoniya və gözəllik yaratmaq üçün istifadə olunan incəsənət əsərləri görənlərin marağına səbəb olub. "Sevirəm" parkında daşdan hazırlanan heykəllər və müxtəlif fiqurlar da yer alıb. Bu fiqurlar "Daş mahnısı” adı altında müxtəlif ölkələrdən olan heykəltəraşlar Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən beynəlxalq simpozium çərçivəsində hazırlanıb.
Görənlərin maraqla izlədiyi fiqurlardan biri "Ürək” heykəlidir. O cümlədən, "Sevirəm” parkında azərbaycanlı rəssamların da hazırladığı müxtəlif ürək formalı fiqurlar yer alıb.
Parkın 3 girişi və çıxışı var. Girişdə ziyarətçiləri Azərbaycanın özünəməxsus dəst-xətti olan rəssam Anar Hüseynzadənin əsərləri qarşılayır. A. Hüseynzadənin əsərləri sırasında İçərişəhər, Xəzər Dənizi və digər Bakı mənzərələri göz oxşayır.
Rəssamın sözlərinə görə, bu ideyanın onda yaranması təsadüfi deyil:
"İçərişəhəri sevməmək mümkün deyil. Bu qeyri adi yer, meqapolis daxilində olan kiçik şəhərdir. İçərişəhər bir qədər dəyişikliyə məruz qalıb müasirləşsə də, tarixi ruh hələ də hökm sürür. Köhnə şəhərin dar, qədim daşlar döşənmiş küçələrində gəzərkən, insan özünü başqa şəhərdə hiss edir. Bu səbəbdən də, mən mütəmadi olaraq, İçərişəhər mövzusuna toxunuram. Çünki bu cür mövzular qəlbimə daha doğmadır. Abşeron və İçərişəhər kimi mövzular yaradıcılığımın ilk mərhələsini təşkil edir. Bu mövzunu seçməyimdə əsas məqam planda sərbəstliyin olmasıdır”.
Bir qədər aralıda isə rəssamların toxunmadığı al qırmızı rəngdə ürək fiquru yerləşir.
Ziyarətçilərin marağına səbəb olan əl işlərindən biri azərbaycanlı rəssam Zərnişan Yusifə məxsusdur.
Park-sərgidə göz oxşayan işlərdən biri Nigar Babayevanin "Şişirdilmiş ürək" fiqurudur.
Park üç hissədən ibarətdir. Hər bölməni kompleksin müxtəlif işləri bəzəyir. Bir qədər irəlidə bizi rəssam Nailə Sultanın işi qarşılayır.
Parkın mərkəzində uşaqlar üçün əyləncə meydançası hazırlanıb. Burada da rəssam və heykəltəraşların göz oxşayan əl işləri yerləşdirilib. Onlardan birincisi, Yelena Haqverdiyevanın hazırladığı ürək heykəlidir. Rəssam hər zaman özünəməxsus tərzi ilə seçilib. Yelena Haqverdiyeva öz əsərində Abşeronun qızıl qumu üzərində Günəş şüalarını əks etdirmək üçün sarı və qızılı çalarlardan istifadə edib. Bu da heyranedici gözəllik qatır.
Yelena Haqverdiyevanın əsəri ilə yanaşı Nərmin Abdullayevanın işi yerləşir.
Rəşad Cabbarovun əl işləri olan "Musiqi zövqü" və "Dinclik musiqisi" də ziyarətçilərin zövqünü oxşayan əsərlərdəndir.
Növbəti əsər istedadı ilə fərqlənən azərbaycanlı rəssam Bəhruz Kəngərliyə məxsusdur. Müəllif bir çox yerli və beynəlxalq layihə və sərgilərin iştirakçısı və mükafatçısıdır. Eyni zamanda, gənc rəssam Bəhruz Kəngərlinin bir neçə dəfə fərdi sərgisi də keçirilib. Onun sözlərinə görə, hər bir rəssam tamaşaçısının diqqətini özünəməxsus şəkildə cəlb etməlidir:
"Məsələn, bir qrup rəssam mövzunu əsas götürürsə, digərləri rənglərin cazibəsindən istifadə edir. Bəzi rəssamlar isə texniki tərəfə önəm verir. Mən isə hər üç nüansı birləşdirməyə çalışıram. Həmçinin, rəssamların yaradıcılığı tamaşaçı üçün bir qədər qapalı qalmalıdır. Axı hər zaman tam aydın olan bir məqam o qədər də maraq kəsb etmir. Ancaq əsərdə elementlər açıqlanmalıdır. Bu, əsərin əhəmiyyətini ortaya çıxarır. Əks təqdirdə, uğurdan söhbət gedə bilməz. Rəssamın əsəri o zaman maraqlı olur ki, tamaşacı onu öz mühakiməsinə görə analiz etsin”.
Bəhruz Kəngərli bu əsərində əsasən, flora və faunaya əhəmiyyət verdiyini bildirib.
Bəhruz Kəngərli əsərlərinin "Sevirəm” parkında yer alacağına inandığını deyir:
"Güllər parkda ən çox diqqət çəkən detallardır. Onlar fil fiqurları ilə birləşərək, maraqlı mənzərə formalaşdırır. Əl işlərim çoxlarının xoşuna gəldi. Belə bir layihədə əsərlərimin yer alması mənim üçün sevincli və qürurverici haldır”.
Parkın mərkəzində yerləşən fiqur isə tanınmış Azərbaycan rəssamı Rəhim Çopura məxsusdur. Rəssamın əsərlərinin sujet xəttinin əsasını İçərişəhər mövzusu təşkil edir. Rəssamın yaratdığı fiqurun mərkəzində Azərbaycan tarixinin simvolu olan Qız Qalası təsvir olunub.
Rəhim Çopur qırmızı fonda İçərişəhərin təsvirini verməklə, qədim binaları nar dənələri ilə təsvir edib. Rəssam bu işində meyvənin təsvirini əbəs yerə vermədiyini deyir. "Zənginlik və məhsuldarlıq rəmzi sayılan nar meyvələrin şahı hesab olunur”, - deyə rəssam qeyd edir.
Rüstəm Qasımov
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !