"Mən Baobab ağacıyam. Hələ balaca ikən məni tropik bölgələrdən - Afrikadan alıb gətiriblər. Qulağıma çatan bəzi xəbərlərə görə, alış qiymətimiz o qədər də ucuz olmayıb - söhbət 30-40 min manatdan gedir. Sözün düzü, belə bahalı olduğuma görə, əvvəllər çox lovğalanırdım, gövdəmi şişirtdikcə şişirtmək istəyirdim.
Mənimlə bərabər xeyli digər baobablar da gətirilmişdi. Bizi Bakının Milli Parkında - müxtəlif yerlərdə əkməyə başladılar.
Bura Afrika kimi isti olmasa da, tədricən təbiətinə uyğunlaşmağa başlayırdıq. Yavaş-yavaş böyüyürdük. Digərləri kimi...
Baxmayaraq ki, Bakının xəzrisinə də, gilavarına da dözmək o qədər də asan deyildi. Amma kökümüz torpağın dərinliklərinə qədər getmiş və biz də ətrafdakı digər ağaclar kimi bura tutunmuşduq.
Son vaxtlar mənimlə bərabər gətirilib burada əkilən baobabları kəsməyə başlayıblar.
Elə dünən bir jurnalist "Kukla" Teatrının yanındakı baobabların kəsilmə səbəbini nəzarətçidən soruşurdu. Nəzarətçi də cavab verdi ki, guya kökləri cürüyürmüş...
Belə də yalan olar? Məgər kəsilən kökləri görmürsünüz? Heç bunlarda cürümüş nəsə görürsünüz?
İnanın ki, mənim də canıma vəlvələ düşüb. Heç cürə özümə təskinlik verə bilmirəm. Tez-tez köklərimə, ətrafdakı ağaclara baxıram ki, birdən məni də kəsərlər.
O gün qonşulardan eçitdim ki, bizim yerimizə daha bahalı ağaclar gətirib əkmək istəyirlər. Ona görə, bu köklərin cürümə söhbətini ortaya atıblar.
Heç nə anlamıram, niyə bəs məni yurd-yuvamdan ayırıb bura gətirirdilər axı... Özüm üçün Afrika istisində gövdəmi kökəltmişdim, niyə məni bura gətirirdilər axı... İndi də belə gərginlik içərisində yaşayıram, ay aman, bu gün məni də kəsərlər, sabah kəsərlər..."
Fotolar Fərqanə Novruzovanındır.
Bizi sosial şəbəkələrdə izləyin !