Banklardan dollarla kredit götürənlərin nəzərinə

11:24 | 27.02.2015
Banklardan dollarla kredit götürənlərin nəzərinə

Banklardan dollarla kredit götürənlərin nəzərinə

"Mərkəzi Bankın 21.02.2015-ci il tarixli qərarı bankları və borcalanları çətin duruma salıb. Ölkədə manatın kəskin devalvasiyası əhalinin müxtəlif təbəqələrinin maddi durumuna öz mənfi təsirini göstərib".

ANS PRESS-in məlumatına görə, bu barədə Əmlak Ekspert Mərkəzinin araşdırmasında qeyd edilib. Mərkəzdən bildirilir ki, belə təbəqələrdən biri də banklardan dollarla ipoteka, istehlak, biznes və s. kreditlər götürənlərdir.

Mütəxəssislər hesab edir ki, həmin kreditlər müqavilələrdə dollarla ifadə olunsa da, əksər hallarda vəsait müqavilə bağlanan anda mövcud olan məzənnəyə uyğun olaraq manatla ödənilib: "Borcalanlar da öz növbəsində kredit üzrə öhdəliklərini həmin məzənnəyə uyğun olaraq manatla yerinə yetirirdilər (1 dollar=0,785). Manatın 33% dəyərdən düşməsi həmin borcalanları (xüsusilə də böyük məbləğdə kredit götürən vətəndaşları) çıxılmaz vəziyyətə saldı. İndi onlar hər 100 dollara görə 78,5 manat deyil, 105 manat pul sərf etməlidirlər".

"Əmlak Ekspert Mərkəzi”nin Hüquq Departamentinin müdiri Yaşar Tahirov bu halın hüquqi aspektlərini şərh etməyə çalışıb. O bildirib ki, Azərbaycan Respulblikası Mülki Məcəlləsinin 439.7 maddəsində göstərilir ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa, borclu ödənişi öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirilməlidir. Hüquqşünasın fikrincə, "Öhdəliyin əmələ gəldiyi vaxt” anlayışı ilə bağlı hüquqşünaslar, iqtisadçılar və s. mütəxəssislər arasında fikir ayrılığı mövcuddur:

"Bəziləri öhdəliyin əmələ gəldiyi vaxt kimi müqavilənin bağlandığı və kredit üzrə pul vəsaitinin borcalana verildiyi vaxtı, digərləri isə aylıq ödəniş üzrə müəyyən edilmiş vaxtı nəzərdə tutur.
Hesab edirik ki, birinci fikir daha məntiqli və əsaslıdır. Belə ki, müqavilə ödəniş cədvəlinə nisbətən daha ciddi hüquqi sənəddir (baxmayaraq ki, cədvəl müqavilənin əlavəsi hesab olunur)".

Mütəxəssis qeyd edir ki, MM-nin 422-ci maddəsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsindən bəhs edir. Yəni, 422.1-də göstərilir ki, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir:

"Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2-də qeyd olunur ki, şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz.

422.2.3-ə görə isə müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı".

Hüquqşünasın sözlərinə görə, əhalinin konkret halda dollarla kredit götürənlərin birdən birə manatla olan gəlirlərinin 33-35% dən məhrum olmaları məhz 422-ci maddənin dispozisiyasını təşkil edən səbəbdir:

"Göründüyü kimi qanunvericilikdə dollarla kredit götürən vətəndaşların mənafeyinin müdafiəsi ilə bağlı kifayət qədər müddəa vardır. Lakin problemin tərəflər arasında qarşılıqlı anlaşma şəraitində məhkəməyə müraciət edilmədən həll olunmasını daha məqsədəmüvafiq hesab etmək olar. Çünki məsələ qısa müddət ərzində operativ şəkildə həll edilməlidir ki, aylıq ödəmələrdə elə də böyük fasilələr baş verməsin. Əks halda yüzlərlə və bəlkə də minlərlə borcalanın məhkəməyə müraciət etməsi, məhkəmə instansiyalarının aylarla, hətta illərlə davam etməsi bank sistemini çıxılmaz vəziyyətə sala bilər", - deyə Yaşar Tahirov bildirir.

Araşdırmanın sonunda belə bir nəticəyə gəlinib ki, situasiyaya hökumət də müdaxilə edə və vəziyyətin stabilləşməsi üçün tədbirlər görə bilər (məs.Rusiya federasiyasında hökumət tərəflərə deyən ziyanın müəyyən hissəsini öz üzərinə götürüb).

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM