Gürcüstanın baş naziri İrakli Qaribaşvili iyulun 31-də Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – “Çixura” matçında baş verən insidentə münasibət bildirib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş nazir hökumətin ötən gün keçirilən iclasda Bakının “Neftçi” və Gürcüstanın Saçxeri rayonunun “Çixura” futbol komandaları arasında keçirilən oyun zamanı bəzi gürcü azarkeşlərinin hərəkətini təxribat adlandırıb. Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, İrakli Qaribaşvili bu faktı pisləyib və hadisəni təxribat kimi qiymətləndirib.O, qeyd edib ki, bu təxribat iki ölkə arasında mehriban qonşuluq münasibətlərinə xələl gətirə bilən məqsəd ola bilər.
Gürcüstan hökumətinin başçısı hadisənin vaxtında araşdırılması üçün Daxili İşlər Nazirliyinə göstəriş verib və bu cür təxribatları təşkil edənlərin cəzasız qalmayacaqlarını bildirib. Baş nazir bir daha qeyd edib ki, Azərbaycan Gürcüstan üçün əsas tərəfdaş və dost dövlətdir. “Gələcəkdə bizim münasibətlərimiz daha da dərinləşəcək”, deyə baş nazir hökumətin iclasında vurğulayıb.
Xatırladaq ki, iyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” və Gürcüstanın “Çixura” futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun keçirildiyi 8-ci kilometr qəsəbə stadionunda Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar.
Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub, nəticədə qarşıdurma yaranıb. Polis əməkdaşları tərəfindən görülmüş operativ tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb.
ANN.Az