Azərbaycanda yaşıllıqların salınması və bərpası üçün əkin materialları yerləşdirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahələri ayrılacaq.
Trend-in məlumatına görə, bu barədə məsələ "Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Belə ki, qanunun 21-ci (Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə) maddəsinə yeni - 21.4 bəndi əlavə edilir.
Əlavəyə əsasən, yaşıllıq salınması məqsədilə bələdiyyələr, qeyri-hökumət təşkilatları və əhali müvafiq icra hakimiyyəti orqanı tərəfindən əkin materialları, avadanlıq, inventor və digər vasitələrlə əvəzsiz təmin olunurlar. Yaşıllıqların salınması və bərpası üçün əkin materialları yerləşdirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahələri ayrılır.
Maddənin 12.3-cü (Yaşıllıqların uçotu, kadastrı və monitorinqi) bəndinə əsasən, yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatlar ətraf mühitə dair informasiya almaq haqqında qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanında toplanır və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir.
Təklif edilən dəyişikliyə əsasən, bələdiyyələrin səlahiyyətləri artırılır. Belə ki, yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatları bələdiyyələr və müvafiq icra hakimiyyəti orqanları toplayacaq.
Maddənin 14.7-ci (Yaşıllıqların bərpası) bəndinə də dəyişiklik edilir. Dəyişikliklə yaşıllıq salınması üçün faydalı bitki cinsi və növləri yerli iqlim şəraiti və torpaqların xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !