İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani İŞİD-lə mübarizə səbəbilə müstəqilliklə bağlı referendumun keçirilməsinin təxirə düşdüyünü bildirib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, hazırda ABŞ-da rəsmi səfərdə olan Məsud Bərzani müstəqil Kürdüstanın qurulacağını və öz müstəqilliyini elan edəcəyini deyib: "Müstəqil Kürdüstan gəlir".
O, müstəqilliklə bağlı referendumun hazırda İŞİD-lə müharibə səbəbindən keçirə bilmədiklərini, amma imkan düşən kimi belə bir səsvermənin baş tutacağını bəyan edib.
ABŞ-ın xarici siyasət məsələləri üzrə cavabdeh qurum - Atlantik Şurada çıxış edən M.Bərzani "Gələn il müstəqil Kürdüstan olacaqmı, olmayacaqsa nədən olmayacaq" sualına cavab verərkən deyib: "Kürd xalqına öz müstəqilliyini elan etməsi üçün referendumun keçirilməsinə imkan yaratmaq lazımdır. Gələn il, yaxud nə zaman bunun baş verdiyini deyə bilmərəm, amma müstəqil Kürdüstan gəlir. Referendum olacaq, amma indi İŞİD-lə mübarizə aparırıq, bu səbəblə bu proses bir qədər geçikir. Amma bəyan edirəm ki, bu məsələdə geri addım atmayacayıq".
Bərzani "ABŞ prezidenti Barak Obama, onun yardımçısı C.Biden və digər amerika yetkililəri ilə keçirdiyi görüşlərdə bu prosesin gedişatına təsir göstərilib-göstərilmədiyinə, görüşlərdən sonra müstəqilliyin daha yaxın olub-olmadığına" dair sualı cavablandırıb: "Bu elə bir prosesdir ki, onu dayandırmaq mümkün deyil. Çünki biz geri addım atmayacayıq. Keçirdiyim görüşlər zaman nələrin müzakirə edildiyini burada səsləndirmək istəmirəm. Amma əlbəttə ki, bu prosesin heç bir ziyan vermədən, sülh və dialoq yolu ilə həll olunmasını istəyirik".
Bizi sosial şəbəkələrdə izləyin !