Beynəlxalq ana dili günü- Azərbaycanda ana dilinə münasibət necədir? - AÇIQLAMA

22:16 | 21.02.2023
Beynəlxalq ana dili günü- Azərbaycanda ana dilinə münasibət necədir? - AÇIQLAMA

Beynəlxalq ana dili günü- Azərbaycanda ana dilinə münasibət necədir? - AÇIQLAMA

Fevralın 21 dünyada Beynəlxalq "Ana dili" günü qeyd olunur. Belə ki, 1952-ci ildə Pakistanda benqal dilinə qoyulan qadağaya etiraz zamanı dörd tələbə həyatını itirib. Bununla bağlı Banqladeş hökuməti həmin tarixi "Ana dili" günü kimi qeyd etməyi təklif edib. UNESCO 1999-cu ildə bu təklifi qəbul  edəndən sonra fevralın 21-i dünyada "Ana dili" günü kimi qeyd olunmağa başlayıb.

Azərbaycanın  dövlət dili Azərbaycan dilidir.  2001-ci il Azərbaycanın eks prezidenti Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb və həmin tarixdən etibarən 1 avqust ölkədə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. 
 
Bəs görəsən, əhalisinin çox hissəsi azərbacanlılar olan ölkədə ana dilinə münasibət necədir?


"Altun-kitab” nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılov deyir ki, dilin üç aspekti var və Azərbaycanda onların hər üçü ilə bağlı  ciddi  problemlər mövcuddur. 

"Dilin sosial, təhsil və elmi aspekti var. Azərbaycanda hər üç istiqamətində problemlər var. Sosial aspekti odur ki, son dövrdə rus dili və digər dillərə üstünlük verilir. Rus dilində tədris də artıb. Valideynlər rusca təhsilə maraq göstərir. Üçünçü aspekt sayılan elmdə də problemlər çoxdur. Fundamental dilçilik üzrə araşdırmalar aparılmır. Milli dil korpusu indiyə qədər yaradılmayıb. Dilə qayğı göstərilməsə onun unudulma riskləri arta bilər”, - dilçi bildirib. 

İsmayılov Azərbaycan dilində informasiyaların az olmasını da problem hesab edir.

"Başqa dillərdə informasiyanı rahatlıqla əldə etmək olur. Azərbaycan dilində ətraflı yazılmış nə vikipedia, nə də müasir enskilopediya belə yoxdur. Alimlər bu sahədə işləməsə,araşdırmalar aparmasalar dilimiz zəifləyə bilər”, - Rafiq İsmayılov vurğulayıb.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü deputat Ceyhun Məmmədov hesab edir ki, Azərbaycanda ana dilinə qarşı dövlət səviyyəsində diqqət olsa da bu sahədə ayrı-ayrı istiqamətlər üzrə bir xeyli problem var. 

"Məsələn, restoran,  kafe və ya  hər hansı başqa obyektlərdə ingilis dilində adlara daha çox rast gəlinir.  Bu məsələyə ciddi nəzarət olmalıdır. Dilimizdə xarici sözlərdən çox istifadə olunur. Xarici dil vacibdir, amma öz dilimizə üstünlük verməliyik. Bəzən olur ki, xarici sözləri elə birbaşa ana dilimizə daxil edirlər. Bu doğru deyil. Həmin sözlərin qarşılığı tapılmalıdır.  Dilimizin təbliği baxımından Elm və Təhsil Nazirliyinin üzərinə məsuliyyət düşür. Gənclər arasında bu istiqamətdə çoxlu sayda maarifləndirmə işləri aparılmalıdır”, - deputat söyləyib.

Təhsil eksperti Kamran Əsədovun fikrincə,  Azərbaycan təhsilində ana dilinin təbliğində və tədrisində ciddi problemlər var və günahkar Elm və Təhsil Nazirliyidir. 

"Üniversiteti ana dili ixtisası üzrə bitirən şəxslər öz ixtisasları üzrə maksimum balı toplaya bilmir. Eyni problemi qəbul imtahanlarında şagirdlər arasında da müşahidə etmək olar. Ötən il Elm və Təhsil Nazirliyi uşaqlara ana dilindən yazmağı öyrədən  müəllimlər arasında imtahan keçirdib və məlum oldu ki, iki mindən çox müəllim ana dilində sözlərin düzgün yazılışını bilmir. Çünki Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində dilin kefiyyət məsələsinə diqqət yetirmir.  Uşaqlar anlama, qavrama sahəsində problemlər yaşayır. Bu nazirliyin tabeleyində olan müəllimlərin tədrisinin zəif olmasının nəticəsidir”, - ekspert bildirib. 
 
Media üzrə ekspert Qulu Məhərrəmlinin sözlərinə görə Azərbaycan dilinin inkişafı ilə bağlı mühüm sənədlər olsa da, dilin istifadəsində müəyyən problemlər qalmaqdadır.
 
"Azərbaycan dilinin inkşafı ilə bağlı 20-dən çox mühüm sənəd var. Dövlət dili haqqında qanun var. Bunların hamısı o deməkdir ki, Azərbaycanda ana dilinin inkişaf etdirmək, qorumaq, təbliğ etmək üçün geniş imkanlar var. Ana dilində televiziyalar, radiolar, online reusrsların olması müsbət haldır. Bununla yanaşı problemlər də az  deyilr", - media eksperti bildirib. 
 
Qulu Məhərəmli deyir ki, televiziya və radioların, reklamların, küçə yazılarının təbliğat dilində müəyyən dərəcədə qüsurlar var. 

"Problemlər ondan qaynaqlanır ki,  dil daşıyıcıları ana dilinin qaydalarına, ədəbi normalarına düzgün şəkildə riayət etmirlər. Dilimizə qarşı həssaslıq göstərmirlər.  Televiziyada, radioda çalışanlar, jurnalistlər, redaktorlar bu dilin qaydalarına əməl etməlidirlər. Bəzən yazı dili ilə şifahi dilin qaydaları səhv salınır. Üslublar pozulur. Sözlər yerində işlədilmir. Dili qorumaq üçün davamlı tədbirlər görülməlidir. Televiziya və radiolar bu istiqamətdə məqsədyönlü və planlı işlər aparmalıdır. Cəmiyyətdə kitab oxuyanların sayı azalıb ki, bu da dilin təkmilləşməsində vacib amillərdəndir", - Məhərrəmli söyləyib. 
 
Media eksperti hesab edir ki, ailələrdə, məktəblərdə ana dilinin işlənməsi və tədrisinə diqqətin artırılması beynəlxalq ana dilinin əsas çağırışlarındandır. 

Prezident İlham Əliyev də ana dilinin inkişafı istiqamətində bir sıra fərman və sərəncamlar imzalayıb. Belə ki, "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamlar, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman verilib.
 
Amma görünür  bütün bunlar dilin sevilməsi və yaşaması üçün yetərli deyil.  
 
İstiqamət: 5.3.9. azərbaycançılıq ideyasının təbliği;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 
Gülnar Nazimqızı 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM