"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclasda bir məsələ - bankın İdarə Heyəti üzvlərinin səlahiyyət müddətinin uzadılması barədə məsələyə baxılıb.
Müşahidə Şurasının qəbul etdiyi qərara əsasən, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 22 iyul 2015-ci il tarixədək uzadılıb.
Qeyd edək ki, martın 18-də Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Cahangir Hacıyev istefa verib. Cahangir Hacıyev ölkənin ən məşhur və ən təcrübəli bankirlərindən biri sayılır. Onun istefasının rəsmən açıqlanan səbəbləri və irəli sürülən iddialar bir-birindən kəskin fərqlənir.
Beynəlxalq Bankın yaydığı rəsmi məlumatda deyilir ki, Cahangir Hacıyev səhhətilə əlaqədar tutduğu vəzifədən istefa verib. İdarə heyəti onun ərizəsini təmin edib. İdarə heyəti sədri vəzifəsini isə müvəqqəti olaraq birinci müavin, Emil Mustafayev icra edəcək.
Rəsmi səbəbə baxmayaraq müxtəlif versiyalar səsləndirilir. Versiyalardan biri budur ki, bankın problemli kreditləri həddən artıq çoxdur.
Cahangir Hacıyev 26 oktyabr 1961-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin, şərqşünaslıq fakültəsində, Texas Universitetinin, Menecment, beynəlxalq ticarət, maliyyə və hüquq fakultəsində, Hollandiyanın Xarici Əlaqələr Nazirliyi nəzdində kurslarda təhsil alıb. Bank sektoruna qədər ərəb dili üzrə tərcüməçi, Ticarət Nazirliyində müxtəlif vəzifələrdə və özəl şirkətdə çalışıb. 1995-ci ildən Azərbaycan Beynəlxalq Bankında fəaliyyətə başlayıb, 2011-ci idarə heyətinin sədri olub. Rus, ingilis və ərəb dillərini bilən Cahangir Hacıyev ölkənin aparıcı bank mütəxəssislərindən sayılır.
Ölkənin ən böyük bankı olan Beynəlxalq Bank 1992-ci ildən fəaliyyətə başlayıb. 590 milyon manat nizamnamə kapitalı və 14 mindən artıq işçisi olan bank 900 mindən çox müştəriyə xidmət edir. 35 filialı ilə ölkədə ən geniş bankomat və pos-terminal şəbəkəsinə malikdir.
Cahangir Hacıyüvin istefasından sonra "kredit oliqarxları"nın həbsi başladı. Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kreditlər yolu ilə mənimsənilməsi işi üzrə kütləvi həbslər apardı və bu həbslər hələ də davam etməkdədir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !