Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub

13:18 | 06.08.2024
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub

Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub

Britaniya hakimiyyəti Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya məxsus Naytsbricdəki malikanəni və Askotdakı qolf klubunu müsadirə edib. Bu barədə The Guardian yazıb.

Adı çəkilən aktivlər Böyük Britaniyanın xeyrinə daha əvvəl əldə edilən razılaşma çərçivəsində müsadirə edilib və 18,5 milyon funt sterlinq qiymətləndirilib.

"Dəbdəbəli mülklər Hacıyev tərəfindən Azərbaycanda Azərbaycan Beynəlxalq Bankının talanması ilə bağlı külli miqdarda dələduzluq və oğurluq, hesabların saxtalaşdırılması və çirkli pulların yuyulması nəticəsində birbaşa əldə edilib”, - Milli Cinayət Agentliyinin (NCA) məsələ ilə bağlı açıqlamasında bildirilib.

Cahangir Hacıyev bu malikanəni, eləcə də qolf klubunu Azərbaycanda qanunsuz mənimsədiyi pulla aldığından  Britaniya hökuməti bu əmlakı müsadirə edib. Amma vəsait Azərbaycana qaytarılmayıb. 

NCA-nın Guernsey və Britaniya Virciniya adaları da daxil olmaqla ofşor yurisdiksiyalar vasitəsilə əldə edildiyini söylədiyi aktivlər, 2017-ci ildə tətbiq edilən "açıqlanmayan sərvət sifarişləri"nə (UWOs) məruz qalan ilk aktivlərdir. 

UWO ağır cinayətlərdə əli olan  və ya siyasi cəhətdən ifşa olunan şəxslərdən öz sərvətlərinin mənbələrini açıqlamağı tələb edən Britaniya məhkəməsinin qərarıdır. 

Hacıyevanın əlindən alınan əmlakın hərraca çıxarılacağı bildirilir. Əmlakın  ümumi dəyəri 26,5 milyon funt sterlinq olaraq qiymətləndirilir. Hökumət gəlirin 70 faizini alacaq, qalan hissə isə əldə olunan razılaşmanın şərtlərinə uyğun olaraq Cahangir Hacıyevin xanımına  veriləcək.  Əslində, bu məbləğin ölçüsü aktivlərin neçəyə satılacağından asılıdır.

Hacıyeva əvvəllər Londonun ən məşhur univermağı Harrodsda 16 milyon funt sterlinq xərclədiyi ilə "məşhur olub”. Bu məbləğin təxminən üçdə biri zinət əşyaları və geyimlərin alınmasına sərf edilib. Hacıyeva Godiva şokoladına 32 min funt-sterlinq xərcləyib.

Onun həyat yoldaşı Cahangir Hacıyev hazırda Bakıda həbsdədir. Məhkəmə onu 16 il azadlıqdan məhrum edib. . O, çoxsaylı cinayətlərdə, o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadə, dələduzluq və oğurluqda təqsirli bilinib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti