Binəqədidə yataqxanada 25 ailə çıxılmaz vəziyyətdədir

17:31 | 30.11.2017
Binəqədidə yataqxanada 25 ailə çıxılmaz vəziyyətdədir

Binəqədidə yataqxanada 25 ailə çıxılmaz vəziyyətdədir

Paytaxtın Binəqədi rayonu, Ceyhun Hacıbəyli küçəsi 150 ünvanında yerləşən Azərbaycan Dillər Universitetinin 1 saylı yataqxanasında məskunlaşan 25 köçkün ailəsi iki aydan çoxdur ki, tualet problemini həll edə bilmirlər.

Anews.az xəbər verir ki, Qafqazinfo-ya müraciət edən məcburi köçkün Bayram Hacıyev 25 ildən çoxdur həmin binada yaşadıqlarını deyib: "Burada onkoloji xəstə, birinci qrup əlil, xəstə uşaqlar var. Hər mərtəbədə cəmi bir tualet var, onun da kanalizasiya xətti işləmir. Yuxarı mərtəbələrin tualetindəkilər bizim tualetdə çölə çıxır. İndi qapını bağlamışıq ki, heç olmasa dəhlizə tökülməsin. Biabırçılıqdır, tullantılar artıq virus yaymağa başlayıb. 

Hamam otağı da pis vəziyyətdədir, onun da təmirə ehtiyacı var. Hər bazar günü vedrədə su isidib evdə ləyəndə yuyunuruq. Bura gələndə mənim 12 yaşım var idi, indi oğlumun 16 yaşı var. Mənim yanımda vannanın içində oturub çimir. Atam məni vannada çimizdirdi, bu yaşa gətirdi, indi də mən oğlumu vannada çimizdirə-çimizdirə böyüdürəm. Gör vəziyyət nə yerdədir ki, tualetə görə rəsmi ərizə yazırıq. 

Binəqədi rayon İcra Hakimiyyətinə və "QaçqınKom”a müraciət etdik, cavab verildi ki, tualeti düzəltməyə pul yoxdur”.

Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov bildirib ki, həmin bina onların balansında deyil: "Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarında qeyd edilib ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları binaların saxlanılması, təmiri və bərpası ilə əlaqədar məsələlər həmin binaların balansında olduğu idarə, müəssisə, təşkilatlar, habelə yerli şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM